“Mən indiyə qədər ikinci belə faktla rastlaşmamışam”
“Neftçi”nin “Bney Yehuda” ilə “Bakcell Arena”da baş tutan oyunundakı hakimlikdən sonra “Qarabağ” – APOEL qarşılaşmasının idarəçiliyinə ayrıca diqqət yetirmək, ədalət təmsilçilərinin işinə göz qoymaq zərurəti yaranmışdı. Axı həm də oyunu Cənubi Kipr təmsilçisinin “sükan”ını təhvil alan Tomas Dollun həmyerliləri idarə edirdi. Bəribaşdan qeyd edək ki, alman hakimlərin idarəçiliyində nəticəyə təsir edən səhvlər olmasa da, qüsurlar var idi.
35 yaşlı Daniel Zibertin başçılıq etdiyi briqadada Yan Zaydel, Lasse Koslovski və Martin Petersen yer almışdı. Almanlar meydan sahiblərinə nəinki rəğbət hiss etdirdilər, bəzən “Qarabağ”ın əleyhinə qərarlarla yadda qaldılar. Düzdü, 15-ci dəqiqədə hakim doğru qərar verdi. Rəqib topu Xaymedən “sürüşmə” fəndi ilə almışdı. Amma 4 ildi FİFA referisi statusu daşıyan Zibert buna qədər sağ cinahda iki epizodda mübahisəli qayda pozuntusu qeydə almışdı. Xüsusilə Rəşad Sadıqov rəqibdən topu təmiz almışdı. Təsadüfi deyil ki, almanın bəsit qərarlar verməsi Qurban Qurbanovu özündən çıxardı və 4-cu hakimə etiraz etdi. Penalti epizodunu müzakirə etməyə dəyməz. “Qarabağ”ın kapitanı cərimə meydançasında Nikolas Yannuya qarşı aşkar kobud oynadı ki, belədə ən təcrübəsiz hakim də “nöqtə”ni göstərərdi. Hakimlər briqadasının ən mübahisəli qərarlarından biri ikinci hissənin sonlarına təsadüf etdi. Rəqibin iki futbolçusu Dani Kintanaya cərimə meydançasının həndəvərində kobudluq etsə də, Zibertin fiti susdu. Halbuki ispan yarımmüdafiəçinin ayağına təmas var idi. Bu yox idisə belə, onda hakim simulyasiyaya görə Kintanaya vərəqə göstərməli idi. Riçard Almeydanın qısa müddətdə iki “sarı” alıb meydandan qovulmasına gəlincə, braziliyalı sözün həqiqi mənasında vərəqəni “aldı”. Hər ikisində o, rəqibin üstünlüyü ələ aldığını görüb arxadan müdaxilə etdi və beləliklə, haqlı olaraq cəzalandı.
“Qarabağ” – APOEL matçındakı hakim idarəçiliyini peşəkar şəkildə təhlil etmək üçün sabiq referi Əfqan Həmzəyevə tribuna verdik, almaniyalı briqadanın işini müzakirə etdik: “İlk öncə onu deyə bilərəm ki, almaniyalı gənc hakimin fiziki durumu çox yaxşı idi. Həm diaqonal və yarımdiaqonal, həm də xaotik hərəkətləri normal idi. Epizodların böyük əksəriyyətini gördü və traektoriyasını topa uyğun seçirdi. Mövqe seçimi də, demək olar, qənaətbəxş idi. Sadəcə, iki epizodda köməkçisini, bir dəfə isə əllə oyunu gec gördü, bu üzdən reaksiyası ləngidi. Hesab edirəm ki, həmin epizodda köməkçisini gec görməsi oyuna həddən artıq aludə olmasından irəli gəlirdi. Oyunun həddən artıq qızışdığını görüb bütün diqqətini meydana yönəltmişdi, buna görə laysmanın ofsayd işarə edən bayrağını gec gördü. Əllə oyun epizodunda isə 4-cü hakimin müdaxiləsindən sonra fitini səsləndirdi. Halbuki top düz gözünün qarşısında ələ dəymişdi. Bu metodiki səhvdi, qayda yozumu ilə bağlı yox. Zibertin iki kobud səhvini qeyd edə bilərəm. Birincisi, Rəşad Sadıqovun küncdə topu ələ keçirdiyi epizoddu. Ancaq hakim qayda pozuntusuna işarə edib “Qarabağ”ın qapısına cərimə zərbəsi təyin etdi. Halbuki cərimədən söhbət gedə bilməzdi. Ola bilsin, Sadıqov topa müdaxilə edərkən hərəkətində aqressivlik var idi, ancaq o topa oynadı. Üstəlik, rəqib futbolçu hər hansı toxunuş olmadan özünü yerə atdı. Almaniya bundesliqasında belə sərt müdaxilələr çox olur, Zibert niyə oyunu saxladı, mənə qaranlıq qaldı. Yaxınlıqdakı köməkçisi də bayrağını qaldırmamışdı. O isə uzaqda ola-ola, sırf intuisiya ilə qərar verdi. Daha bir kobud səhvi isə Kintananın epizodu idi. “Qarabağ”ın futbolçusu iki oyunçunu keçərkən ona qarşı müdaxilə oldu. Birinci oyunçunun aşkar təması var idi, bunu videotəkrardan da izləmək olar. Sadəcə, Kintana yıxılmadı. Digər rəqib isə ispana badalaq qoydu. Hətta ikinci oyunçunun müdaxiləsi yox idisə, Dani yıxılandan sonra qayda pozuntusunu əvvəlki nöqtədən qeydə almaq olardı. Deyək ki, Kintanaya toxunuş olmayıb və o özünü bilərəkdən yerə atıb. Bəs hakim niyə simulyasiyaya görə vərəqə göstərmədi?
Birbaşa qərarlara gəlincə, penalti ilə bağlı mübahisə edəcək heç nə yoxdu. Rəşad Sadıqov topa yox, birbaşa rəqib futbolçunun ayağına oynadı. Bu, ehtiyatsızlıqdan olduğu üçün belədə vərəqə göstərilmir. Vərəqədən söz düşmüşkən, hakim hamısını yüzdəyüz verdi. Riçard Almeyda birinci sarı vərəqəni hakimdən “özü istədi”. İki dəfə oyunçunu tutub saxladı. Bu, bilərəkdən qaydanı pozmaq, yəni idmançıya yaraşmayan hərəkətdi. İkinci “sarı”nı – “qırmızı”nı aldığı epizodda isə perspektivli hücumun qarşısını kəsdiyinə görə cəzalandı. Vərəqələrə görə hakimə heç bir irad bildirmək olmaz. Ümumilikdə hakim oyunu normal idarə etdi. Bəzi ikili mübarizələr zamanı Azərbaycan reallığına görə qayda pozuntuları vermək olardı. Ancaq digər çempionatlarda, eləcə də beynəlxalq oyunlarda şiddət, aqressivlik, həddən artıq güc tətbiqi baş verməyibsə, belə mübarizələrdə fit çalınmır”.
“Alman referinin həmyerlisinin - Tomas Dollun komandasına kömək etməsi” iddiasını yaxın buraxmayan Əfqan Həmzəyev Daniel Zibertin qiymətini də açıqladı: “Sosial şəbəkələrdə belə fikirlərə rast gəlsəm də, həmin insanların iddiasına qatılmıram. Alman hakimlər dəqiq və qərəzsiz idarəçiliyi ilə tanınır. Onlara belə təəssübkeşlik lazım deyil. Hər halda, mən indiyə qədər ikinci belə faktla rastlaşmamışam. Qeyd etdiyim iki kobud səhvi nəzərə almasaq, “Qarabağ” – APOEL hakiminə 8,3 bal vermək olar. Daha doğrusu, onun yüksək qiyməti budu”.
MİRAĞA