Kipr mediası qələbə təntənələrinə bürünüb
Cənubi Kiprin qəzetləri və saytları APOEL-in qələbəsini böyük təntənə ilə qeyd edir ki, bu da anlaşılandı. Yenə maraqlı məqamları nəzərinizə çatdırmağı lazım bildik.
24sports.com.cy saytının yazısı: “Kiprdə heç kim APOEL-in səviyyəsinə şübhə etmirdi. Əvvəlki baş məşqçi Paolo Trametsanidən başqa. Bakıdakı oyunun nəticəsi də bu qənaəti təsdiq edir. APOEL çərşənbə axşamı avrokuboklarda iştirak tarixində, yəqin ki, ən böyük qələbəsini qazandı, xüsusən də bu oyunun necə böyük iqtisadi dəyərinin olduğunu nəzərə alsaq. Komanda tarixində ilk dəfə ev məğlubiyyətindən sonra mərhələ adladı və indi 8-ci dəfə avrokubokların qrupunda mübarizə aparacaq. Şübhəsiz, Tomas Dollun gəlişi kollektivdə ab-havanı xeyli dəyişdi. Almanın bu qələbədə əməyi böyük olsa da, faktiki o, futbolçularda özünəinamı artırmaqdan başqa heç nə etməmişdi. Doll risk etməli olduğunu anlayırdı, çünki ilk oyunun nəticəsi onun seçim imkanın daraltmışdı. O, daha rasional sistem seçdi, Mihayloviçi sol, Merkisi sağ cinaha, Lyafransla Yannunu mərkəzə qoymaqla “4-lü” müdafiəyə əl atdı. Doll baş məşqçi təyin olunanda bildirmişdik ki, “Qarabağ”ı məğlub etməyə çalışmalıdı, mümkün uğursuzluq belə onun ayağına yazılmayacaq. Almanın ən böyük üstünlüyü inam və əminlikdi ki, onun hələ komandada heç 10 gününün tamam olmadığını nəzərə alsaq, sevinməyə dəyər. Doll və yetirmələri “Ayaks”la iki oyuna kiçik stress olmadan hazırlaşacaq, onsuz da mövsüm üçün əsas vəzifə yerinə yetirilib”.
Alfanews.com.cy saytı APOEL-in mətbuat katibi Nektarios Petevinosun açıqlamalarına yer ayırıb: “APOEL-in nə olduğu haqda çox danışırdıq. Futbolda bir çox şeylər komandanı təcrübəsi ilə ölçülür. “Qarabağ” da elə-belə komanda deyil, ardıcıl beş dəfə qrupda oynayıb, indi də altıncıya doğru gedir. APOEL-in Avropada sabit güc olduğunu Bakıda göstərdik. Komandamız hətta evdəki məğlubiyyətdən sonra da gücünə inanırdı. İstənilən rəqiblə oynamaq üçün variantlarımız var”.
Sportime.sigmalive.com isə oyuna hamıdan çox yer ayırıb. Məsələn, sayta baxanda bildim ki, Musa Əl-Tamari oyundan əvvəl “Quran” oxuyub, təhlükəsizliyi təmin etmək üçün stadiona 1800 polis və 300 əsgər cəlb olunub, klub prezidenti Prodromos Petrides paltardəyişmə otağında Tomas Dollu qucaqlayıb, APOEL-in qələbəsinin Kiprin UEFA-nın əmsallar cədvəlində 15-ci yeri Yunanıstana verməməsinə köməyi dəyib (15-ci yerdə qərarlaşan ölkə avrokubokların növbəti mövsümünə 5, 16-cı yerdəki ölkə 4 komanda buraxacaq), azərbaycanlılar APOEL azarkeşlərini Bakıda daşıyan avtobusun şüşələrinə xətər yetirib, APOEL ilə “Ayaks” arasında avqustin 20-də keçiriləcək oyunda Kipr tarixində ilk dəfə VAR sistemindən istifadə olunacaq, APOEL bu qələbə ilə cari avrokubok mövsümündəki qazancını artıq 7,1 milyon avroya çatdırıb, stadionda Türkiyənin çoxlu bayrağı olub və s. və i.a.
Adı çəkilən sayt oyuna təhlili yöndən də yanaşıb: “APOEL ilk növbədə evdə etmədiyini etdi. Komandanın oyun planı düzgün idi, oyunçular bir-birinə yaxın düzülmüşdü. Əhval-ruhiyyə də yerində idi. Ancaq bu da tarixdəki ən böyük qələbələrdən birini qazanmağa bəs etməyə bilərdi. Komandanın “start” düyməsi yenidən basılmalıydı. Və bunu Doll etdi. Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi, onu zərərsizləşdirdi və təəccübləndirdi. Yeni sistem, heyətdəki yeni ad Roman Bezyak ilə. Dörd müdafiəçinin önündə Matiç, Gendzoğlu və Əl-Tamari qərarlaşmışdı”.
ORXAN