
Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir
Həsən Novruzov: “Geri qayıdanda yalnız bir tort kəsilib ki, onu da özümüz alıb uğurumuzu çay süfrəsi arxasında qeyd etmişik”
Azərbaycanda əlbəyaxa döyüş növlərinə maraq yetərincə böyükdü. Minlərlə gənc və yeniyetmə karate, qaydasız döyüş, kapuera, MMA, UFC kimi idman növləri ilə məşğul olur, asudə vaxtını idman zallarında keçirirlər. Həmin gənclərin arasında elələri də var ki, həyatlarını bu döyüş növlərinə həsr ediblər, bu sahədə peşəkarlaşıblar. Qeyri-olimpiya idman növləri hesab olunsalar da, idmançılarımız dünya və Avropa çempionatlarında daim mükafatçılar sırasında yer alırlar. Həmin döyüş növlərindən biri də vətəni Braziliya sayılan ciu-citsudu. Həsən Novruzov artıq 5 ildən çoxdu ciu-citsu ilə məşğul olur və dəfələrlə beynəlxalq yarışlarda Azərbaycanın bayrağını yüksəldib. Novruzovla görüşümüzdə qalibi olduğu son beynəlxalq turnirlə bağlı danışmaqla yanaşı, bu idman növündə yaşanan problemlər barədə də məlumat əldə etdik. Onu da qeyd edək ki, Həsən çox təvazökar insandı. O özünün uğurlarından çox ciu-citsuda ad-san qazanmış azərbaycanlı idmançılar barədə məlumat verməyi özünə borc bildi. Onun sözlərinə görə, Vüsal Eynullayev, Ayaz Süleymanov kimi döyüş ustaları beynəlxalq arenada sözlərini deməklə yanaşı, ciu-citsunun ölkəmizdə inkişafına töhfə verənlər arasında öndə gedirlər.
- Əvvəlcə özün barədə məlumat verərdin ki, oxucularımız səni yaxından tanısın.
- 5 ildən artıqdı ki, ciu-citsu ilə məşğul oluram. Bu illər ərzində dünya və Avropa çempionatında mükafatçı olmaqla yanaşı, müxtəlif beynəlxalq turnirlərin qalibi olmuşam. Bu yaxınlarda Əbu-Dabidə keçirilən və çox sayda idmançının qatıldığı turnirdə 85 kq-da və mütləq çəkidə qalib oldum. Çox səviyyəli və güclü idmançıların qatıldığı bir yarış idi. Fürsətdən istifadə edib təşkilatçılıq baxımından bizə köməyi dəyən Adil Acalova təşəkkür etmək istəyirəm. Bu günə kimi çox yarışda iştirak etmişəm. Dünya çempionatını çıxmaq şərti ilə səviyyə və təşkilatçılıq baxımından bu turnir o birilərindən çox fərqlənirdi. Hər şey çox mükəmməl formada idi. Ciu-citsu elə idman növüdü ki, insan bir dəfə məşqə qatıldısa, istər-istəməz növbəti məşq barədə düşünür. Bu gün bizim zalda elə insanlar var ki, yaşı 45-50 arasındadı. Onlar da böyük həvəslə məşq edir, məşqçilərin verdiyi tapşırıqları böyük həvəslə yerinə yetirirlər. Bir dəfə jurnalsitlərdən biri məndən müsahibə götürmüşdü və cui-citsu haqda məlumat verməyimi istəmişdi. Ona dedim ki, bu idman növü sanki yaxşı mənada bir narkotikdi. Bir dəfə məşqə qatıldınsa, səndə asılılıq yaradır.
- Əbu-Dabiyə neçə idmançı ilə yollanmışdız?
- Turnirlər klublar arasında keçirilirdi. Biz “Ceyhun Quliyev” klubunun üzvləri kimi yarışa qatılmışdıq. Ceyhun müəllim həm də bizim məşqçidi. İkiqat dünya və Avropa çempionudu. Uzun müddət Əbu-Dabidə yaşayıb. Ümumilikdə yarışa 34 idmançı ilə qatılmışdıq. Döyüşçülərimizin əksəriyyəti yarışda medalçılar arasında yer aldı.
- Komanda hesabında “Ceyhun Quliyev” turnirdə neçənci yeri tutdu?
- Əlsində biz komanda hesabında birinci olmalıydıq. Ancaq ruslar bir qədər hiyləgərlik etdilər. Belə ki, onlar iki klubu birləşdirib medalların sayını artırdılar ki, buna görə də medal sayında onlar bizdən önə çıxdılar. Lakin ordakıların hamısı bizim birinci olduğumuzu qəbul etdi. 3-cü yeri isə İran klubu tutdu.
- Dünya və Avropa mükafatçısısan, bir çox beynəlxalq yarışlarda qalib olmusan. Bunun qarşılığını görmüsən?
- Ən yaralı nöqtəyə toxunduz. Açığı, qazandığımız uğurlara baxmayaraq, diqqətdən kənarda qalmağımız mənə və ciu-citsu ilə məşğul olan başqa idmançılara çox pis təsir edir. Mən demirəm ki, bizə pul və ya başqa dəyərli mükafatlar versinlər. Sadəcə, biganə münasibət göstərməsinlər. Ölkə xaricində təşkil olunan bir çox sanballı yarışda bayrağımızı yüksəldib, himnimizi səsləndirmişik. Geri qayıdanda yalnız bir tort kəsilib ki, onu da özümüz alıb uğurumuzu çay süfrəsi arxasında qeyd etmişik. Halbuki başqa idman növlərində kiçik uğuru belə böyük təntənə ilə qeyd edirlər.
- Ciu-citsu Federasiyası niyə idmançılarına sahib çıxmır?
- Sözün düzü, bizdə hələ ki federasiyaya rəhbərlik uğrunda mübarizə gedir. Çoxtirəlik, kreslo uğrunda mübarizə fonunda idmançılar yaddan çıxıb. Yenə deyirəm, biz çox şey tələb etmirik. Heç olmasa, dünya və Avropa çempionlarına və ya mükafatçılarına “idman ustası” adı verilsin. Bilək ki, çəkdiyimiz əziyyət az da olsa, qiymətləndirilir. Ciu-cutsu dünyada çox məşhur idman növüdü. Deyirlər ki, ciu-citsu Braziliyada yaranıb, Ərəbistanda inkişaf edib. Bu gün ərəb məktəblərində, ordusunda, polisində ciu-citsu təlim olunur. 5 mindən çox qara kəmər sahibi olan idmançı hazırda Ərəbistanda yaşayır və hər ay şeyx onları maliyyələşdirir.
- Bəs sizin yarışlara yollanmaq xərcinizi kim qarşılayır?
- Özümüz. Son turnirə yollanmaq üçün 2000 manata yaxın xərcim çıxdı. Təkcə təyyarə biletinə 800 manat lazım oldu. Otel və qidalanmanı da nəzərə almaq lazımdı. Sponsorlar olmadığından əksər idmançılarımız yarışlara qatıla bilmirlər. Bu günə kimi bir dəfə sponsorun hesabına turnirə yollanmışam. Sağ olsunlar, yardım ediblər. Ancaq kömək də bir dəfə olar. İkinci dəfə həmin adama yaxınlaşıb necə deyim ki, mənə pul ayır, yarışa gedirəm. Məncə, bu federasiya səviyyəsində həll olunmalıdı.
- Hərc-mərcliyin hökm sürdüyü federasiya heç olmasa, ölkə çempionatı təşkil edir?
- Bəli, ildə bir dəfə çempionat keçirilir. Ancaq o qədər də yüksək səviyyədə yox. Sadəcə, formallıq xatirinə nəsə edirlər.
RƏŞAD