“İtalyan mütəxəssis təcrübəli “Qarabağ”la cavab görüşündə oyunçularına yeni ideyalar və B planı aşılamalıdı”
APOEL Kiprin ən populyar klublarındandısa, yerli mətbuatın “Qarabağ”la oyuna geniş yer ayırması anlaşılandı. Müxtəlif qəzetlərə və saytlara göz gəzdirib, diqqətimizi çəkən məqamlar üzərində dayandıq.
Sportlime.com.cy saytı oyunla bağlı ən kiçik detala da toxunub. Tomas de Vinsentinin ailə üzvlərinin, Uroş Matiçin sevgilisinin stadiona gəlişindən, azarkeşlərin zədəsini sağaltmaq üçün fədakarlıq edən Musa Əl-Tamari ilə bağlı plakat qaldırmasından, keşiş Akvamarinin stadionda komandaya xeyir-dua verməsindən tutmuş duelin maliyyə dəyərinə qədər. Məsələn, APOEL-in ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nektarios Petevinos faktiki Avropa Liqasının qrupuna vəsiqənin taleyinin həll olunduğunu, yəni milyonlarla avro uğrunda mübarizənin getdiyini vurğulayıb.
Petevinos oyundan sonra da danışıb: “Hər şey iki oyunun nəticəsinə görə bilinəcək. Səfərdə iki və daha artıq qol vura bilərik. Biz APOEL-ik və sona qədər mübarizə aparmalıyıq”.
Bu saytın oyunla bağlı yekun qənaəti belədi: “1:2-nin fonunda Çempionlar Liqasının qrupuna yol çox ağırdı. APOEL bir həftədən sonra daha hazırlıqlı olmalı, Bakıda daha pozitiv nəticəyə nail olmaq üçün fədakarlıq göstərməlidi”.
Adı çəkilən sayt APOEL-in məğlubiyyəti, PAOK-un isə “Ayaks”la heç-heçəsi fonunda UEFA-nın əmsallar cədvəlində 16-cı pillədə qərarlaşan Yunanıstanla fərqin azalmasına da diqqət yetirib (Cənubi Kipr 15-ci yerdədi). Kipr mediası ümid edir ki, bu gün AEK ilə “Apollon” növbəti qələbələri qazanmaqla 15-ci yeri qorumağa xidmət edəcək və bu ölkə avrokubokların 2021/22 mövsümünə 5 komanda buraxacaq.
24h.com.cy saytı oyunu belə təhlil edib: “APOEL “Qarabağ”ıa dueldə favorit sayılsa da, oyunu ilə ehtimalları doğrultmadı. İndi Kipr çempionu səfərdə ən azı bu hesabla qalib gəlməlidi. Əks halda Avropa Liqasının pley-offunda mübarizə aparacaqlar ki, bu da ölkə çempionatının və kubokunun oyunları ərəfəsində futbolçular üçün əlavə yorğunluq deməkdi. Bundan başqa, arada maliyyə və klubun nüfuzu məsələsi də var. İtalyan mütəxəssis təcrübəli “Qarabağ”la cavab görüşündə oyunçularına yeni ideyalar və B planı aşılamalıdı ki, rəqib aparıcı oyunçularını zərərsizləşdirə bilməsin. Hücumlar Musa Əl-Tamari üzərində qurulanda asanlıqla oxunur və onu zərərsizləşdirmək mümkündü. Gərək belədə Pavloviç daha fəal olsun”.
Cyprus-mail.com saytı da ev məğlubiyyətindən sonra APOEL-in vəziyyətinin ağırlaşdığını yazır: “APOEL “Qarabağ”a 1:2 uduzmaqla cavab görüşü ərəfəsində böyük çətinliklə üzləşdi. Qolsuz ilk yarıdan sonra azərbaycanlılar 54-cü dəqiqədə hesabı açdı, Maqaye Qeye isə fərqi artırdı. İşlərin çox pis getdiyi məqamda Merkis 95-ci dəqiqədə Kipr çempionu üçün bəlkə də həyati əhəmiyyət daşıyacaq qolu vurdu və APOEL-ə ümid verdi. İndi Nikosiya nəhənginin mübarizənin axarını dəyişmək şansı var”.
ORXAN