Nazarov isə ardıcıl ikinci oyunda fərqləndi
Həftəsonu Avropanın yaşıl meydanlarında çempionat oyunları baş tutub ki, təmsilçilərimiz də nəyə qadir olduqlarını göstəriblər. Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" Almaniyanın üçüncü bundesliqasının 4-cü turunda "Kayzerslautern"ə 3:2 hesabıyla qalib gəliib. Ev oyununda komandasının bərabərlik qolunun müəllifi məhz yığmamızın hücumçusu oub. Rüfət start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb. Millimizin üzvü 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Münster klubu 4 turdan sonra 7 xalla 6-cı pillədə qərarlaşıb.
Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" isə Ukrayna premyer-liqasında növbəti oyuna çıxıb. Komanda 2-ci turda "Mariupol"un qonağı olub və 1:2 hesabı ilə uduzub. Paşayev oyunu əvəzlənmədən keçirib. Hesabında xal olmayan "Aleksandriya" son pillələrdə yer alıb.
Almaniya 2-ci bundesliqasında 2-ci turun oyunları keçirilib. Dmitri Nazarovlu "Ertsgebirge” doğma meydanında “Vehen”lə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb. İlk turda qol vuran Nazarov bu dəfə də rəqib qapısına yol tapıb. O, 35-ci dəqiqəsində fərqlənib. Start heyətində meydana çıxan yarımmüdafiəçi 66-cı dəqiqədə əvəzlənib. Aue təmsiçisi 6 xalla 2-ci pillədə qərarlaşıb.
Qazaxıstan çempionatında 21-ci turun oyunları keçirilib. Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Atırau" ilə qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib. Emil bu dəfə də 90 dəqiqə meydanda olub. Bu qələbə ilə xalını 42-yə çatdıran "Tobol" yenidən liderliyə yüksəlib. "Astana" 41 xalla ikincidi.
Klub saytına danışan Emil Balayev oyun haqda bunları deyib: "Nəhayət, uğursuzluq sindromu bitdi. Uzun müddət idi ki, qalib gəlib xal qazana bilmirdik. Bu oyuna ciddi hazırlaşmışdıq. "Tobol" üçün 3 xal vacib idi. Fədakar davrandıq, futbolçular meydanda vuruşdular. İkinci hissədə yaxaladığımız qol imkanlarından yararlanmalıydıq. O zaman oyunun sonluğu daha asan alınardı. Rəqib getdikcə təzyiqi artırmağa çalışırdı, biz isə əks-hücumlarla cavab verirdik. İstənilən halda, bu minimumdu. Ancaq bu qələbə psixoloji cəhətdən vacibdi".
Moldova çempionatının 16-cı turunda Nurlan Novruzovun şərəfini qoruduğu “Dinamo-Avto” səfərdə “Petrokub”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Nurlan da bu oyunun iştirakçısı olub. O, Moldova çempionatındakı debüt görüşünün 65-ci dəqiqəsində meydana çıxıb. “Dinamo-Avto” 21 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Latviya çempionatında 24-cü turun oyunları keçirilib. Vüqar Əsgərovun formasını geydiyi “Liepaya” səfərdə “Valmiera” ilə münasibətləri aydınlaşdırıb və 1:2 hesabı ilə uduzub. Vüqar start heyətində meydana çıxıb, 72-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da o imza atıb. Forvard 59-cu dəqiqədə fərqi minimuma endirməklə “Liepaya”da qol hesabını açıb. Cari mövsümdə vurduğu qolların sayını 8-ə (qalan 7 qolu “Dauqavpils”in heyətində vurub) çatdıran Əsgərov bombardirlərin yarışında zirvəni bölüşür. “Liepaya” hazırda 28 xalla beşincidi.
Litva çempionatının 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Kamran Quliyevin formasını geydiyi “Jonava” doğma meydanda “Vilnüs”ə yenilib – 0:3. Start heyətində meydana çıxan Kamran 69-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 6 qol vuran U-21 üzvü bu dəfə fərqlənə bilməyib. “Jonava” 30 xalla 4-cü pillədə qərarlaşıb.