“Futbol+”in hələ avqustun 2-də işıq üzü görən sayında adından yuxarı çıxardığı xəbər dünən Peşəkar Futbol Liqasının prezidenti səviyyəsində təsdiqləndi. Bəli, nə qədər təəccüblü görünsə də, “Topaz”, daha doğrusu, bu ticarət nişanının sahibi olan “Caspiantech” şirkəti 2012-ci ildən bəri sponsorluq etdiyi ölkə çempionatının elitasından çəkildi. Əslində son mövsümdə bu şirkətin premyer-liqa ilə bağlı təşəbbüslərə göstərdiyi laqeyd münasibət, faktiki yaxasını birmənalı şəkildə kənara çəkməsi hadisələrin məhz belə sonunclanacağını düşünməyə əsas verirdi. Adı çəkilən şirkətin baş direktoru Vüsal Məmmədov hələ iyulun 17-də PFL-ə yekun cavabını deməliydi. Amma məsələ uzandı, uzandı və artıq dünən yeddillik əməkdaşlığa son qoyulması rəsmiləşdi.
Xatırladım ki, “Topaz”a qədər premyer-liqanın sponsoru “Unibank” idi və həmin bank 2009-12 aralığında ölkə futbolunun yanında dayanmışdı. “Unibank”la müqayisədə “Topaz”ın daha uzun müddət premyer-liqaya sponrorluq etdiyini nəzərə alanda adam heç bilmir ki, bu şirkəti tərifləsin, yoxsa tənqid etsin?
Hər halda, əsas nəticə budu ki, yüzmilyonlarla avro mənfəəti olan şirkət futboldan uzaqlaşdı. Ölkə futbolunun hər cür bədxahlarının əlindən “qumar şirkəti çempionat keçirir” kimi əcaib bəhanə alınsa da, yeni durum ortaya bundan da maraqlı gerçəkliklər çıxarır. Şəxsən mənə çempionatın ana sponsoru kimi “Topaz”a bərabər çəkiyə malik şirkət tapmaq, eləcə də PFL-in bundan sonrakı fəaliyyətinin lazımi şəkildə maliyyələşəcəyi çətin görünür. “Topaz”ın yardımının kəsilməsi, yeni sponsorun tapılmaması – hərçənd Ramin Musayev dünən yeni mövsümün startına qədər məsələnin yoluna qoyulacağını deyib – o deməkdi ki, PFL kollektivi də ARDNŞ-dən AFFA-ya ayrılan büdcəyə göz dikməli olacaq. Bu isə iki kollektiv, bəlkə də Elxan Məmmədov ilə Ramin Musayev arasındakı yeni münaqişənin əsasını qoyacaq. Özü də pul elə əclaf şeydi ki, çox asanlıqla qardaşı qardaşa düşmən edə bilir.
Bu olayda mənə maraqlı görünən daha bir məqam var. Sirr deyil ki, “Topaz” ticarət nişanı hazırda “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova yaxınlığı ilə seçilən “Caspiantech” şirkətinə məxsusdu. Düzdü, qazancda gənclər və idman naziri Azad Rəhimovun, hətta ünlü və qalmaqalçı biznesmen Hafiz Məmmədovun da payı var. Və indi belə çıxır ki, bütün bu adamlar faktiki nazir statusu daşıyan Rövnəq Abdullayevin adı ilə bağlı olan təsərrüfatın pulsuzlaşmasında maraqlıdılar. PFL-in prezidenti Ramin Musayev olsa da, ölkədə futbolun durumuna görə cavabdehlik daşıyan, yeri gələndə Prezidentin önünə çıxan şəxs məhz Rövnəq Abdullayevdi. O Rövnəq Abdullayev ki, məlum saat olayından sonra az qala bütün cəbhələrdə sıxışdırıldığına, personası ətrafında gözdənsalma kampaniyasının başladıldığına dair xəbərlər gəlir. Bəlkə də “Topaz”ın sponsorluqdan çəkilməsi ilə şərtlənən indiki durum məhz məlum təzyiq kampaniyasının bir hissəsidi (bu arada “Səbail”in yaşadığı çətinlikləri də unutmayın), bəlkə də bütün bu xəbərlər ucuz dedi-qodudan başqa bir şey deyil. Amma kəsin olan həqiqət budu ki, Cavid Qurbanovun səhmlərinin 51 faizlik paketinə 38 milyon manat ödəyib ələ keçirdiyi bir şirkət dünən ölkə futbolu ilə vidalaşdı. Çox geniş yayılmış ifadə var, deyirlər ki, hər son bir başlanğıcdı. Çox güman, Ramin bəyin dünən dediyi fikirlər doğru çıxacaq və avqustun 16-na qədər premyer-liqa yeni sponsoruna qovuşacaq. Amma ölkə futbolunun idarəçiliyi ilə bağlı son vaxtlar aktuallaşan suallara birdəfəlik cavab tapılacaqmı – bax, buna heç inanmıram!