Utkin: “Oyuna baxmadım və bundan da peşman deyiləm”
“Neftçi” “Arsenal” üzərində parlaq qələbə qazanmaqla ölkə futbolu tarixində ilkə imza atmış oldu. Bununla da Rusiya təmsilçiləri ilə görüşlərdəki qələbəsizlik seriyasına son qoyuldu. Oyun başa çatsa da, reaksiyalar bitmir. Rusiyanın ünlü isimləri “Arsenal”ı “baltalamaq” üçün növbəyə düzülüblər. “Neftçi”nin düşərgəsindən isə, təbii ki, sevinc nidaları eşidilir.
Kamran Quliyev, “Neftçi”nin prezidenti: “Komandamızı, azarkeşlərimizi, bütün futbol ictimaiyyətini bu gözəl qələbə münasibəti ilə təbrik edirəm. Oyun gözlədiyimiz kimi ağır keçdi. Ancaq əsas budu ki, sonda sevinən tərəf “Neftçi” oldu. Əlbbətə, qalib gəlmək istəyirdik. Ancaq nə gizlədim, həm də bu cür qələbəni gözləyirdik. İlk oyundan sonra verdiyim müsahibədə işin 50 faizini yerinə yetirdiyimizi söyləmişdim. Qalan 50 faiz işi isə Bakıda gördük. Tribunalardakı ab-hava? Sadəcə, möhtəşəm! Oyunun sonuna 10 dəqiqə qalmış hamının telefonlarının işığını yandırdığı an yaşanan görüntü həqiqətən fantastik idi. Çox istərdik ki, Azərbaycan çempionatındakı oyunlarımızda da belə ab-hava yaşansın. Azarkeşlərimiz bu axşam sözün həqiqi mənasında “12-ci oyunçu” idilər. Bu gün “Bney Yehuda” haqda fikirləşmirəm. Sabahdan etibarən 3-cü təsnifat mərhələsinin hazırlığına başlayacağıq. Bu mərhələdə Avropada məğlubedilməz komanda yoxdu. “Neftçi” bu cür oyun göstərə bilirsə, inanıram ki, israillilərlə də oynaya bilərik. Yaxşı şansımız var. Hazırlaşmaq lazımdı, çox ciddi hazırlaşmaq. Çempionat haqda danışmaq istəmirəm. Bizi ilk növbədə qarşıdakı Avroliqa oyunları düşündürür. Komandamızda peşəkar futbolçular toplaşıb. Lazım olsa, həftədə 2 oyun keçirəcəklər. İndi bizi narahat edən məqam Emin Mahmudovla Anton Krivotsyukun “Bney Yehuda” ilə ilk oyunda ikinci sarı vərəqə almaq ehtimallarıdı. Bütün hallarda komandamız növbəti mərhələ oyunlarına da maksimum hazırlaşacaq”.
Voislav Stankoviç, “Neftçi”nin müdafiəçisi: “Oyundan əvvəl baş məşqçimiz demişdi ki, öz oyunumuzu oynayaq və ilk matçdakı nəticə barədə düşunməyək. Oyunun əvvəlində “Arsenal” bizi sıxdı, amma ikinci hissədə dönüş yaratmağı bacardıq və 3 qol vurduq. Fikrimcə, oyunun taleyini vurduğumuz ilk qol həll etdi. Ancaq özüm qalib gələcəyimizə Darionu dəqiq yerinə yetirdiyi penaltidən sonra inandım”.
Aleksandr Mostovoy, Rusiya yığmasının sabiq futbolçusu: "Düzü, "Arsenal"ın qələbə qazanacağını düşünmürdüm. Aydındı ki, onlar bütün gücləri ilə irəli atıldılar. Ancaq "Neftçi"nin futbolçularının səviyyəsi aşağı deyil, hətta tulalılardan yüksəkdi. Nəticə ürəkağrıdıcı olsa da, "Neftçi" mərhələ adlamağa layiq idi".
Vasili Utkin, rusiyalı şərhçi: "Arsenal" barədə danışarkən demək lazımdı ki, nəticə utandırıcı oldu. "Neftçi"yə məğlubiyyət qəbuledilməz olduğu üçün deyil. Sadəcə, meydanda döyüşmək istəməmək və bu qədər hazırlıqsız olmaq utandırıcıdı. Ancaq bütün bunları sırf nəticəyə əsaslanaraq deyirəm. Çünki oyuna baxmadım və bundan da peşman deyiləm".
Sergey Kiryakov, “Arsenal”ın sabiq baş məşqçisi: "Son nəticələrin fonunda "Arsenal" üçün gələcəyin qorxulu olacağını düşünmürəm. Komandanın potensialı var, uğursuzluğun davam edəcəyinə inanmıram. Təbii, nəticə xoşagəlməz və gözlənilməzdi. "Arsenal"ın bu heyətlə növbəti mərhələyə adlayacağını düşünürdüm. "Neftçi"nin futbolçuları tulalıları səviyyədə üstələdilər. Amma bu da faktdı ki, Azərbaycan komandasının eyni heyətlə çıxış etməsi onların xeyrinə oldu. "Arsenal"ın baş məşqçisi vəziyyətin girovudu. O, sehrbaz deyil ki, komandanı qısa müddətdə hazırlaya bilsin. Komandanı bir neçə ön xətt oyunçusu tərk edib. Məncə, gələnlər ayrılanlardan aşağı səviyyəli futbolçulardı".
HƏBİB hazırladı