Sizin reklam burada

“İmarət” polisləri Baş Prokurorluqla hədələdi

Baxış Sayı:317

“İmarət” polisləri Baş Prokurorluqla hədələdi
Üç azarkeş bölməyə aparılıb
Yenə avrokubok oyunu, yenə anşlaq, yenə polis zorakılığı, yenə bölməyə aparılan azarkeşlər, yenə narazılıq, yenə, yenə, yenə... İllərdi davam edən bu “yenələr”in çarəsi tapılmır ki tapılmır. Azarkeşlər tribunadakı əməlləri ilə oyuna rəng qatmağa çalışsalar da, hər dəfə polis şiddəti ilə üzləşirlər. Asayiş keşikçiləri tribunalarda milçək vızıltsının səsinin eşidilməsi üçün əlindən gələni edir, fanatlar isə haqlı olaraq bununla razılaşmır. Səbəb sadədi: azarkeş futbolun nə olduğunu bilir, polis yox. Təki sakitlik olsun.
Növbəti belə qarşıdurma srağagün “Dalğa Arena”da yaşandı. “Qarabağ”ı dəstəkləmək üçün Mərdəkana yollanan “İmarət”çilərlə “poqonlular” arasında yaşanan münaqişədən xəbərdarsız. Bir daha xatırladaq ki, qarşılaşmanın 70-ci dəqiqəsindən etibarən polislərlə azarkeşlər arasında “söz atışması” başlayıb, daha sonra tərəflər əlbəyaxa olmaqdan çəkinməyiblər. Nəticədə bir qrup azarkeş döyülərək tribunadan düşürülüb, bölməyə aparılıb. Yerdə qalanlar isə stadionu tərk etməyi özünə borc biliblər.
Qarşıdurmaya iki əsas səbəb göstərilir. Birinci ehtimal ilk yarıda meydana daxil olan azarkeşin bölməyə aparılmasıdı. Fanatın bu əməlinə görə məsuliyyətə cəlb olunmasına qarşı çıxan “İmarət”çilərin etiraz etdiyi deyilir. İkinci səbəb kimi isə Allahverdi Bağırovun şəkli göstərilir. Azərbaycan polisi Azərbaycanın Milli Qəhrəmanının şəklinin tribunada açılmasına müxtəlif yollarla mane olmağa çalışıb.
Məlum məsələylə bağlı “İmarət“in “feysbuk” səhifəsində məlumat yerləşdirib ki, azarkeşlər polislərə mesaj göndəriblər: “Yenə eyni durum. Azərbaycan stadionlarında yeganə problem polisdi. Daha doğrusu, polislərin təlimatlandırılması. Polisə birdəfəlik başa salmaq lazımdı ki, azarkeş qrupunun tribunasındadısa, hər cür çılğınlığı nəzərə almalıdılar. Dünən yenə azarkeş qrupumuzun üzvləri səbəbsiz yerə vəhşicəsinə döyülüb, xəsarət alanlar var.
Bir daha belə hal baş vercəyi halda Baş Prokurorluğa bu hallar haqda geniş müraciət ünvanlayacağıq. Azarkeşə aciz adam kimi baxmayın !”
Başverənlərlə bağlı həmin gün tribunada olan azarkeşlərdən biri ilə danışmaq xoş olardı. Hər halda, əsl səbəbi və hadisələrin sonrakı axarını canlı şahiddən yaxşı bilən olmaz. Təəssüf ki, əlaqə saxladığımız üç nəfərdən heç biri hadisəyə şərh vermək istəmədi. Kimisi əsl səbəbdən bixəbər olduğunu dedi, kimisi fanatın açıqlama verməsinin doğru olmadığını söylədi, kimisi də...
Belədə klubun mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlayıb, neçə nəfərin bölməyə aparıldığına və onların aqibətinə aydınlıq gətirdik. Məlum oldu ki, qarşıdurma nəticəsində üç nəfər polis bölməsində “qonaq olsa” da, çox keçmədən hamısı buraxılıb.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR