Avropa mədəniyyəti bir başqa aləmdi. Bəzən ölkəmizdə elə iyrənc hallarla rastlaşırıq ki, adam Azərbaycanda doğulduğuna, həmin insanlarla eyni havanı udduğuna peşman olur. Necə ki, futbol azarkeşlərindən bəziləri hansı təfəkkürə sahib olduğunu sosial şəbəkələrdə göstərirlər.
“Qarabağ” “Dandolk” səddini keçdiyindən, Azərbaycan çempionunun sevincinə şərik olanları başa düşmək mümkündü. Lakin “feysbuk”da “Dandolk”un ünvanına təhqiramiz ifadələr işlətmək, azarkeşlərinə söyüşdolu atmacalar atmaq nədi – anlaşılan deyil. Ağzının qırağındakı süd qurumayan cocuqların tərbiyəsizliyi istər-istəməz ölkəmizin və xalqımızın adına ləkədi.
Bizimkilər sevincini rəqibi söyməklə qeyd etməyində olsun, avropalılar isə bizə həyatın nə olduğunu başa salmaqda. Deməli, “Dandolk”un rəsmi “feysbuk” səhifəsi oyunun ertəsi, yəni dünən maraqlı paylaşım edib. Admin qarşılaşmadan şəkil yerləşdirərək, ona “dünən gecə qələbəni haqq edən “Qarabağ”ı təbrik edirik. Çempionlar Liqasının növbəti mərhələsində sizə yaxşıların yaxşısını arzulayırıq” başlığını qoyub. “Qarabağ” tərəfi buna biganə qalmayıb. Onlar da paylaşım edərək, “Dandolk”a Avroliqada uğur diləyiblər.
Paylaşım azərbaycanlı futbolsevərlər tərəfindən sevinclə qarşılanıb ki, böyük əksəriyyət göstərdiyi mədəniyyətə görə “Dandolk”a təşəkkür edib, “Slovan”la oyunda uğurlar arzulayıb. Necə deyiblər, hər yerin yaxşısı da var, pisi də. Təəssüf ki, bizdəki pislərin sayı normadan artıqdı.
HƏBİB