“Keşlə” Platye ilə maraqlanmır
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə”nin iyulun 31-də yerli, birinci liqa təmsilçisi “Osmanlıspor”la yoxlama matçı keçirdiyini və görüşün qolsuz başa çatdığını xəbər vermişdik. Bəribaşdan qeyd edək ki, paytaxt təmsilçisi qardaş ölkəyə itki ilə yollanıb. Bakıdakı toplanış çərçivəsində “Zirə” ilə baş tutan oyunda (2:2) zədələnən Ziya Əzizov əsas hazırlıq mərhələsindən kənarda qalıb. Komandanın düşərgəsində baxışda olan yeni oyunçulara gəlincə, baş məşqçi Tərlan Əhmədov iranlı Rza Əbdiylə Azad Kərimova iki gün öncəki matçda fasilədən sonra şans versə də, qərarını açıqlamağa tələsmir. Onlar bugünkü oyunda bir daha sınanacaq. Qeyd edək ki, “Keşlə” ikinci oyununu Türkiyənin superliqa təmsilçisi "Çaykur Rizəspor"a qarşı keçirəcək. “Topuk Yaylası Təsisləri” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
Mətbuatda “Keşlə”nin Melvin Platyeni sıralarına qatmağa hazırlaşdığı haqda xəbər yayılıb. Ancaq klubdan aldığımız bilgiyə görə, vaxtilə “Neftçi”nin şərəfini qorumuş hollandiyalı hücumçu Tərlan Əhmədovun transfer siyahısında deyil. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov son klubu İndoneziya “Bali Yunayted”i olan Platye ilə maraqlanmadıqlarını bildirdi.
Bu arada “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov “Osmanlıspor”la oyunla bağlı klubun mətbuat xidmətinə fikirlərini açıqlayıb. Təcrübəli çalışdırıcı komandasının oyunundan razı qaldığını deyib: “Komandanın sərgilədiyi oyundan razı qaldım. Futbolçuların oyunda nizam-intizamı yaxşı səviyyədə idi. Baxmayaraq ki, məşqlərdə həm də ağır yükləmələr olur, futbolçularımız güclü komandaya qarşı yaxşı oyun sərgilədi, yaxşı mübarizə apardılar. Birinci hissədə hətta hesabda irəli çıxa bilərdik. Ümumilikdə futbolçuların nümayiş etdirdikləri səviyyədən razı qaldım”.
MİRAĞA