Qəzənfər Abbasov: “Onu fikrindən daşındırmağa çalışırıq”
Son üç ildə Həvəskarlar, iki il ardıcıl Region Liqasının qalibi olan “Uğur” fəaliyyətini dayandırmağa qərar verib. Sumqayıt təmsilçisi bununla bağlı bəyanat yayıb. Klub rəhbərliyi birinci divizionda iştirakla bağlı dəfələrlə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmək istəsə də, buna nail ola bilmədiyini bəyanatda qeyd edib: “Ardıcıl iki dəfə Region Liqasının qalibi olan “Uğur” birinci divizionda iştirakla bağlı AFFA-ya dəfələrlə müraciət edib.Təəssüflər olsun ki, məsələ ilə bağlı klub rəhbərliyi bu günə qədər assosiasiya tərəfindən görüşə dəvət edilməyib və sadəcə, şifahi şəkildə üçüncü mövsüm də Region Liqasında oynaması tövsiyə olunub.
Bu qərar və ümümilikdə yaranmış qeyri-müəyyən vəziyyət klub rəhbərliyini qane etmədiyi, eləcə də ardıcıl olaraq doğma Sumqayıta üç dəfə çempionluq kubokunu gətirən komandamıza şəhər rəhbərliyinin və iş adamlarının bu günə qədər biganə münasibəti səbəbindən klubun rəhbəri, sponsoru ilə aparılan məsləhətləşmələrdən sonra “Uğur” bu il keçiriləcək Region Liqansında iştirak etməyəcəyi barədə qərar qəbul edib.
“Uğur”un uğurlarında və çempionluqlarında əməyi olan hər kəsə ayrı-ayrılıqda, ümumi komanda heyətimizə çəkdiyi əziyyətinə, azarkeşlərə verdikləri dəstəyə görə klub rəhbərliyi adından böyük təşəkkürümüzü bildiririk və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq”.
Region Liqasının ikiqat qalibinin tarixin yaddaşına köçməsi, futbol qəbiristanlığında daha bir məzar daşının artması, heç şübhəsiz, xoşagələn mənzərə deyil. “Uğur”un əsas komandası Region Liqasında çıxış edirdisə, müxtəlif yaş qrupu üzrə kollektivləri də AFFA-nın bayrağı altında keçirilən liqalarda mübarizə aparırdı. Bundan başqa, Sumqayıt təmsilçisinin rəhbərliyi qadın futboluna da maliyyə ayırmağı lazım bilmişdi. Qadınlar arasında təşkil olunan son ölkə kubokunun qalibi məhz “Uğur” olmuşdu.
Klub rəhbərliyi yaydığı bəyanatda “Uğur”un fəaliyyətini dayandırmasını iki səbəblə əlaqələndirir. Birinci səbəb aşağı dəstəyə buraxılmamaları, ikincisi isə təmsil etdiklərin şəhərin rəhbərliyinin və iş adamlarının komandaya biganə münasibət göstərməsidi. Ancaq göstərilən səbəblər arasında təzadın olduğunu görmək mümkündü. Bəli, Region Liqasının ikiqat qalibi kimi “Uğur”un tam haqqı çatır ki, yeni mövsümdən həvəskar liqanı peşəkar status daşıyan birinci diviziona dəyişsin. AFFA-nın baş katibi Elxan Məmmədov da açıqlamalarının birində “birinci dəstəyə yüksəlmək istəyən komanda Region Liqasında minimum iki il çıxış etməlidi” söyləmişdi. Məmmədovun dediklərinə əsaslansaq, “qırmızı-qaralar”ın birinci dəstəyə yüksəlməsi yolunda heç bir problem yoxdu. Ancaq nədənsə assosiasiya rəhbərliyi sumqayıtlıların irəli getmək yönündə çabalarını qiymətləndirmir. Əksinə, “Uğur” rəhbərliyinə xəbər göndəriblər ki, növbəti mövsümdə də Region Liqasında çıxış etsinlər.
Ancaq “Uğur” rəsmilərinin klubun dağılmasına səbəb kimi göstərdiyi ikinci məqam hardasa AFFA rəhbərliyinə haqq qazandırır. Bəyanatda o da vuruğulanıb ki, şəhər rəhbərliyi və Sumqayıtın iş adamları “Uğur”a diqqət ayırmırlar. “Diqqət ayırmırlar” dedikdə isə, heç şübhəsiz, rəsmilər maliyyə yardımını nəzərdə tuturlar. Belə çıxır ki, üç ildən artıqdı klubun prezidenti və sponsoru olan gənc iş adamı Vasif Maşayevin imkanı tükənib və “qırmızı-qaralar”a əlavə gəlir mənbəyi axtarır. Ortaya heç kim çıxmadığından isə “Uğur”un fəaliyyətini dayandırması haqda qərar verilib.
İndi bu məsələdə kimi qınayasan? Maddi bazası olmadığına görə “Uğur”u birinci diviziona buraxmayan AFFA rəhbərliyini, yoxsa aşağı dəstədə çıxış etmək üçün vəsaiti olmayan, Region Liqasından da imtina edən klub rəsmilərini?
Məsələ ilə bağlı baş məşqçi kimi “Uğur”u uğura daşıyan Qəzənfər Abbasovun fikirlərini öyrəndik: “Açığı, çox istəyirdik ki, növbəti mövsümdə birinci divizionda çıxış edək. Klub prezidenti dəfələrlə AFFA-nın baş katibi ilə görüşməyə cəhd etdi. Təəssüf ki, hər dəfə “bu gün, sabah” deyib sonda görüşməyi lazım bilmədilər. “Uğur”un aşağı dəstədə çıxış etməsi yönündə heç bir problem yox idi. Vasif müəllim lazım olan bank təminatını təqdim edirdi. Lakin bizə imkan yaradılmadı. Bəyanatda “şəhər rəhbərliyinin və sumqayıtlı iş adamlarının komandaya diqqət ayırmaması”nı xüsusi qeyd etməyimiz heç də “Uğur”un maliyyə probleminin olması anlamına gəlməməlidi. Sadəcə, “Uğur”un son üç ildə Sumqayıta 4 kubok gətirməsinə baxamayaraq, şəhər rəhbərliyi bir dəfə də olsun, kollektivi qəbul etməyib, Sumqayıtın iş adamları komandanın durumu ilə maraqlanmayıb. “Uğur” bu şəhəri təmsil etmir? Vasif müəllim də belə laqeyd münasibətdən inciyib. Ancaq heç də hər şeyə nöqtə qoyulmayıb. Məncə, “Uğur” fəaliyyətini davam etdirəcək. Bu gün AFFA bizə birinci divizionda iştirakla bağlı təklif göndərsə belə, iştirak etmərik. Baş məşqçi kimi klub prezidentinə də sözümü demişəm. Artıq bütün komandalar heyətlərini komplektləşdiriblər. Mən kimlə oynayacam? Yəqin ki, növbəti mövsümdə də Region Liqasında mübarizə aparacağıq. Aşağı yaş qruplarımız və qadın komandamız da fəaliyyətini davam etdirəcək. Baş məşqçi kimi mən və futbolçular da son günlər Vasif müəllimlə görüşüb danışmışıq. Onu fikrindən daşındırmağa çalışırıq. Adamın son dörd ildə görülən işlərə heyfi gəlir”.
Növbəti sayımızda AFFA rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq.
RƏŞAD