Sizin reklam burada

Pakistan klubu Bakıda hazırlıq keçir

Baxış Sayı:332


Anjum Əsgər Xan: “Bizdə mübarizə yaşıl meydanda yox, siyası kuluarlarda gedir”
Bugünlərdə Pakistanın Pəncab şəhərini təmsil edən futbol klubu Bakıya təlim-məşq toplanışına gəlib. İyulun 29-da pakistanlılar hazırlıq çərçivəsində Kazbek Tuayevin rəhbərlik etdiyi futbol məktəbinin komandasıyla qarşılaşıb və matç 2:2 hesabı ilə yekunlaşıb. Srağagün Sumqayıta yollanan qonaqlar şəhərin eyniadlı komandasının U-16 kollektivi ilə üz-üzə gəldi. Hər hissəsi 30 dəqiqədin ibarət qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatdı. Yeniyetmə “kimyaçılar” rəqibin qapısında 5 top keçirdi, qonaqların gücü isə yalnız təsəlli topuna çatdı. Məğlub olmalarına baxmayaraq, Pakistan klubunun üzvləri heç də məyus görünümürdülər. Əksinə, matç başa çatandan sonra bir-biri ilə zarafatlaşır, şəkil çəkdirirdilər. Heç baş məşqçiləri də böyükhesablı məğlubiyyətə görə narahat deyildi. O da yetirmələri kimi “Kapital Bank Arena”nı gözdən keçirir, köməkçisi ilə birgə şəkil çəkdirir, sosial şəbəkədə canlı yayına çıxaraq, kimlərləsə danışırdı. Fürsətdən istifadə edib qonalqarın çalışdırıcısı yla söhbətləşdim və müasir Pakistan futbolunun durumu ilə maraqlandım. Anjum Əsgər Xan söhbət əsnasında onu da vurğuladı ki, Pakistan millisinin meneceridi.
- Pakistan klubunun təlim-məşq toplanışı üçün məhz Azərbaycanı seçməsinin səbəbini bilmək istərdik.
- Əvvəlcə onu bildirim ki, Azətrbaycanla Pakistan qardaş ölkələrdi. Həm dinimiz, həm də mədəniyyətimiz bir-birinə çox yaxındı. İki xalq arasında həmişə xoş münasibətlər olub. Bundan başqa, sizdə normal təlim-məşq toplanışı keçmək üçün əla şərait var. Bir də Azərbaycanda futbol Pakistanla müqayisədə çox inkişaf edib. Avropada olmağınız, klublarınızın və yığmalarınızın UEFA-nın bayrağı altında keçirilən yarışlara qatılması istər-istəməz özünü göstərir. Məsələn, elə bugünkü oyunu götürək. “Sumqayıt”ın heyətində bildiyim qədər 15-16 yaşlı oyunçular çıxış edirdi. Onlar bizim uşaqlardan 2-3 yaş kiçik olsalar da, daha üstün futbol oynayırlar. Texniki cəhətdən güclüdülər, taktiki savadları çox yüksəkdi. Bu üzdən artıq ikinci ildi ki, təlim-məşq toplanışı üçün ölkənizə gəlirik. Burdakı məşqçilərin təcrübəsindən yararlanmaq işimizə müsbət mənada yardımçı olur.
- Komandanızın adını bilmək istərdik. Bir də diqqəti çəkən əsas məqam heyətdə gənc və yeniyetmələrin üstünlük təşkil etməsidi.
- Klubun adı “Pəncab Siti”di. Bu Pakistanda çox sayda futbol məktəbləri olan, şəbəkə kimi fəaliyyət göstərən klubdu. “Sumqayıt”la görüşdə meydana çıxanların da yaşı 16-20 aralığındadı. Bir nəfər də 12 yaşlı oyunçumuz var ki, onu da perspektivli olduğuna görə toplanışa cəlb etmişik.
- Pakistanda futbolun zəif inkişaf etməsi nə ilə bağlıdı?
- Burda qeyr-adi heç nə yoxdu. Bizim federasiya siyasətçilərin oyun meydanına çevrilib. Hamı istəyir ki, Pakistan Futbol Federasiyası onun nəzarəti altında olsun. Böyük siyasi qüvvələr arasında gedən mübarizə futbolun inkişafına imkan vermir. Hərə bir yerə dartır, hamı istəyir ki, öz adamını rəhbər vəzifəyə gətirsin. Daha dəqiq desəm, bizdə mübarizə yaşıl meydanda yox, siyası kuluarlarda gedir. Hərc-mərclik olan yerdə isə inkişafdan danışmaq qeyri-mümkündü.
- Səhv etmirəmsə, Pakistanda bir nömrəli idman növü kriket, ondan sonra da otüstü hokkeydi.
- Tam düz qeyd edirsiz. Kriket və otüstü hokkey Pakistanda çox inkişaf edib və bunun da nəticəsi kimi bu idman növlərində dünyada liderlər arasında yer almışıq. Elə iş adamları da daha çox adını çəkdiyim sahələrə yatırım edirlər. Kriket və otüstü hokkey klublarının güclü sponsorları var. Yüksək maliyyə olan yerdə isə nəticə qazanmaq da çətin deyil. Çox istərdim ki, Pakistan futbolda da heç olmasa, Asiyada sayılıb-seçilənlərdən olsun. Amma yaxın vaxtlarda bunun reallaşacağına inamım çox azdı. İstedadlı, dünya səhnəsinə çıxara biləcəyimiz futbolçu, demək olar ki, yoxdu. Gənclər daha çox kriket və otüstü hokkeyə maraq göstərirlər.
- Klublarınız Asiya kubokuna qatılırlar?
- Son illərdə futbolda qazandığımız ən böyük uğur U-16 yığmamızın SAFF (Cənubi Asiya) ölkələri arasında çempion olmasıdı. Hindistandan, Nepaldan, Butandan, Şri-Lankadan üstün olsaq da, Asiyanın aparıcı futbol ölkələri ilə aramızda ciddi səviyyə fərqi var. İran, Çin, Yaponiya, Koreya və adını çəkmədiyim başqa ölkələrdən çox geri qalırıq. Klublarımızın çıxışından isə danışmağa dəyməz. Açıq etiraf edirəm ki, çox zəifik.
- Daxili çempionatın səviyyəsi necədi? Neçə klub çempionluq uğrunda mübarizə aparır?
- Son mövsüm 15 komanda medallar uğrunda mübarizə aparırdı. Yüksək liqa ilə yanaşı, birinci dəstə də var. Yüksək liqada çempion olan komanda ölkəmizi qitə arenasında təmsil etmək hüququna yiyələnir. Çempionatın səviyyəsi aşağı olduğundan bizə yalnız bir yer ayrılıb. Legionerlər isə, demək olar ki, yoxdu.
RƏŞAD
P.S. “Pəncab Siti” dünən Binə stadionunda “Binə Stern” komandasının da qonağı olub və 0:4 hesabıyla uduzub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR