Sizin reklam burada

Çimərlik futbolu yığmamız Moskvada rüsvay oldu

Baxış Sayı:476


Əfqan Həmzəyev: “İndiki rəhbərlik qumla parketi ayıra bilməyəcək səviyyədədi”
Moskvada keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsi başa çatıb. Zeynal Zeynalovun baş məşqçisi olduğu komanda 7-ci yer uğrunda matçda Polşa ilə qarşılaşıb və biabırçı məğlubiyyətə üzülüb – 3:13. Polşalıların qapısına vurulan iki qolun müəllifi Asif Zeynalov olub, 1 dəfə isə Orxan Məmmədov fərqlənib. Bundan əvvəl isə yığma iki dəfə İspaniyaya (5:10, 3:9), Rusiyaya (0:6) və İsveçrəyə (2:3) yenilmiş, Latviyanı (3:1) və Macarıstanı (3:3, p. - 2:1) məğlub etmişdi.
Ötən saylarımızın birində çimərlik futbolu yığmamızın zəif çıxışına toxunaraq, ildən-ilə gerilədiyini vurğulamışdıq. Onu da qeyd etmişdik ki, hər il AFFA-nın büdcəsindən çimərlik futboluna yüzminlərlə vəsait ayrılmasına baxmayaraq, Zeynal Zeynalovun rəhbərlik etdiyi yığma hər tərəfdən dağlarla əhatə olunan, dənizə çıxışı olmayan, bu üzdən əhalisi və futbolçuları çimərliyə həsrət qalan İsveçrə qarşısında belə “ağ bayraq qaldırmaq” məcburiyyətindədi. Ancaq nədənsə assosiasiya rəhbərliyindən bir kimsə ortaya çıxıb Çimərlik Futbolu Federasiyasının rəhbərliyindən, millinin “sükanı arxasında” olan məşqçidən, futbolçulardan hesabat tələb etmir. Niyə bu sahəyə cavabdeh şəxslərdən uğursuzluğun səbəbini soruşan yoxdu? Bəlkə Xəzərin sahilində, demək olar ki, bütün çimərliklər hasara alındığından Zeynal bəyin yetirmələri dünya çempionatının seçmə mərhələsinə zalda hazırlaşıblar və qumun üstünə çıxdıqda oyunları alınmayıb? Hər halda, yığma ardıcıl qatıldığı bütün turnirlərdə fiaskoya uğrayırsa, bunun bir səbəbi var.
Çimərlik futbolu yığmasının biabırçı çıxışına vaxtilə bu sahədə FİFA referisi statusu daşıyan Əfqan Həmzəyev də biganə qalmayıb. Əfqan bəy “feysbuk”dakı profilində yığmanı kəskin tənqid atəşinə tutub: “Yazıq çimərlik futbolu.Gör hansı dəllalların əlindəsən. Bu xəbərə kiçik bir statistikanı da mən əlavə edim.Oynanılan oyun - 7. Qələbə - 2 (biri penaltilərlə), məğlubiyyət - 5.Vurulan top - 19, buraxılan - 47. Fantastik və fəxr edilməli göstəricidi, deyilmi? Mən bunları yazanda millinin futbolçuları inciyirlər. Vaxt gələcək onlar mənim nə demək istədiyimi anlayacaqlar, amma gec olacaq”. Həmzəyevin üstüörtülü mesajında nəyə işarə etdiyini bilmək üçün onunla danışmağı lazım bildik: “Azərbaycanda çimərlik futbolunun durumunu özünüz də görürsüz. İldən-ilə geri gedirik, mövqeyimizi itiririk.Halbuki hər il AFFA-nın büdcəsindən bu sahəyə yetərincə maliyyə ayrılır. Bunlara sual vermək lazımdı ki, bu qədər vəsait hara xərclənir, niyə normal ölkə çempionatı keçirmirsiz? Azərbaycanın hər tərəfində çempionat təşkil etmək üçün hazır infrastruktur var. Əfqan Həmzəyev vaxtında bu işləri görüb. Beyləqanda, Astarada, Lənkəranda, Gəncədə, Buzovnada çempionat təşkil olunurdu. İldə bir dəfə 3-4 komandanı bir araya gətirib formallıq xatirinə guya turnir təşkil edirlər. Əslində federasiya rəhbərliyindən olsa, həmin turnirləri də keçirməzlər. Bir neçə il öncə Gənclər və İdman Nazirliyi kağız üzərində adı olub, ancaq fəaliyyət göstərməyən federasiyalarla bağlı yoxlamaya başladı. Ölkə çempionatı təşkil etməyən qurumların ləğv olunması gündəmə gəlmişdi. Bu üzdən ildə bir dəfə ad üçün turnir təşkil etməyə başaladılar. Sonuncu dəfə bütün bölgələri əhatə edən çimərlik futbolu üzrə ölkə çempionatı 2013-cü ildə keçirilib. Sizcə, belə olan halda çimərlik futbolunda inkişaf gözləməyə dəyər? Bizim yığma beynəlxalq yarışlarda uğur qazananda nə Gürcüstanda, nə də Türkiyədə bu sahə inkişaf etmişdi. Bu gün artıq onlar da bizi qabaqlayırlar. Niyə? Ona görə ki, həmin ölkələrdə çimərlik futboluna rəhbərlik edən şəxslər işlərini vicdanla yerinə yetirirlər, özlərinin yox, ilk növbədə ölkənin mənafeyini nəzərə alırlar. Azərbaycanda apreldən sentyabrın sonuna kimi çimərlik futbolu üzrə yarışlar keçirmək mümkündü. İqlim şəraitimiz buna imkan verir. Ancaq Çimərlik Futbol Federasiyasının rəhbərliyi bunu başa düşmür və ya özlərinə əziyyət vermək istəmirlər. 2013-ci ildə Sevastopolda Ukrayna millisini böyük hesabla məğlub edən yığma ilyarımdan sonra Avropa Oyunlarında onlara biabırçı hesabla uduzdu. Səbəb çox sadədi. Bizdə inkişaf yoxdu. İndiki rəhbərlik qumla parketi ayıra bilməyəcək səviyyədədi. Bunlar başa düşmürlər ki, çimərlik futboluna futzaldan, birinci diviziondan, həvəskarlar liqasından oyunçu dəvət etməklə irəli getmək olmaz. Çimərlik futbolu spesifik sahədi. Hazırda yığmanın şərəfini qoruyan oyunçuların, demək olar ki, hamısı mənim vaxtımda komandaya cəlb olunanlardı. Son illərdə bu rəhbərlik kimləri üzə çıxarıb? İndkilər də karyeralarını başa vurduqdan sonra yığmada oynamağa futbolçu tapılmayacaq. Budu bizim problemimiz”.
Sonda Əfqan bəy avqustun 2-dən 4-dək Bakıda futvolley üzrə beynəlxalq turnir keçiriləcəyini də bildirdi. Həmzəyevin baş katibi olduğu Azərbaycan Futnet Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirə ötənilkindən fərqli 14 ölkədən 30-dan artıq komanda qatılacaq: “Yarışdan əvvəl komandalar üçün təlim-məşq toplanışı təşkil ediləcək. Toplanış iyulun 29-u - avqustun 1-i aralığında baş tutacaq. Təlim-məşq toplanışında praktiki məşğələlərin “Dalga Lite”da, nəzəri təlimlərin isə yeni təmirdən çıxan “Piano” otelində keçirilməsi planlaşdırılıb. Bu məqsədlə dünyanın məşhur futvolleyçiləri də Bakıda toplaşacaqlar. Avqustun 2-dən 4-dək isə yarış keçiriləcək”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR