PFL klublardan cavab gözləyir
“Qəbələ” – “Dinamo” matçından sonra jurnalistlərə açıqlama verən “qırmızı-qaralar”ın prezidenti Fariz Nəcəfov ötən il olduğu kimi, yeni mövsümdə də şimallıların ikinci komandasının birinci divizionda iştirak etməyəcəyini açıqladı. Bugünlərdə “Şüvəlan”ın da tarixin yaddaşına köçdüyünü nəzərə alsaq, 2019/20 “futbol ili”ndə aşağı dəstədə neçə komandanın mübarizə aparacağı çox maraqlıdı.
Ötən saylarımızın birində premyer-liqada növbəti mövsümün püşkatma mərasiminin avqustun 5-də keçiriləcəyini xəbər vermişdik. Bəs peşəkar status daşıyan birinci divizionun püşkatması nə vaxt təşkil olunacaq, aşağı dəstə təmsilçiləri yeni mövsümdə ilk oyunlarını hansı tarixdə keçirəcək? Ümumiyyətlə, 2019/20 mövsümündə birinci divizionda neçə komandanın iştirakı gözlənilir?
Bu suallara cavab taqmaq üçün PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasovla əlaqə saxladıq: “Ötən mövsüm birinci divizionda çıxış edən bütün klublara məktub ünvanlamışıq. Onlardan cavab aldıqdan sonra ictimaiyyətə bununla bağlı açıqlama veriləcək. Klublar avqustun 1-nə kimi PFL-ə cavab verməlidi”.
PFL rəsmisi yeni mövsümdə aşağı dəstədə neçə komandanın iştirak edəcəyinin dəqiqləşmədiyini bildirsə də, çempionatın başalama tarixinin müəyyənləşdiyini vurğuladı: “2018/19 “futbol ili”ndə aşağı dəstədə mübarizə aparan bütün klubları, demək olar ki, diqqətdə saxlayırıq. Bilirik ki, hansı komandalar artıq hazırlığa start verib, başlamayanlar ilk məşqə nə vaxt çıxacaqlar. Bununla bağlı müntəzəm bizimlə onlar arasında yazışmalar olur. Çempionatın startına gəlincə, avsutun 22-nə planlaşdırmışıq və bununla bağlı klublara məlumat verilib. Onlar da buna uyğun məşq proqramı tutublar. Bu gün üçün ən aktual olan say məsələsidi ki, o da yaxın günlərdə dəqiqləşəcək. Açığı, “Şüvəlan”ın məsələsi bizim üçün bir qədər gözlənilməz oldu. Qəsəbə təmsilçisinin fəaliyyətini dayandırmasına çox məyus olduq. Çünki bazası, infrastrukturu olan komandalardan idi. Eyni zamanda onların gələcəklə bağlı müəyyən planları var idi. Bu barədə rəhbərlik və baş məşqçi ilə söhbət etmişdim. Sevindirici hal idi ki, divizionda belə, qarşıdakı illərdə böyük işlər görməyi planlaşdıran klubumuz var. Təəssüf ki, son anda belə qərar çıxdı”.
RƏŞAD