Sizin reklam burada

"Forza Neftçi" Rusiyada problemlə üzləşməyib

Baxış Sayı:293


Fanklub “Arsenal”la cavab görüşünün hazırlığına başlayıb
Avroliqanın 1-ci təsnifat mərhələsini birnəfəsə keçən "Neftçi"nin növbəti rəqibi daha ciddi komanda idi. Hər halda, kimsə "Sperantsa" ilə "Arsenal"ı tərəzinin eyni gözünə qoysa, ona yalnız gülərlər. Təkcə tulalıların Rusiya çempionatında son mövsümdə 6-cı yeri tutması hər şeyi deyir. Ancaq "ağ-qaralar" srağagün səfərdə "topçular"ı da məyus etməyi bacardı. Beləcə, Roberto Bordinin komandası "Arsenal"ın Avroliqadakı debütünü korladı. Hərçənd məsələ tam həll olunmayıb. Bakıdakı cavab qarşılaşmasında da təmsilçimizdən maksimum diqqət tələb olunur. Lakin cüt oyunlarda səfər matçında qol buraxmadan qalib gəlirsənsə, mərhələni adlamaq şansını xeyli yüksəldirsən. Bu qələbə ilə "Neftçi" rus klubları ilə avrokuboklardakı uğursuz sindromu qırdı. Axı, qitəmiqyaslı turnirlərdə indiyədək bu ölkədən olan komandalara qalib gələ bilməmişdik. Bu baxımdan "ağ-qaralar" ilkə imza atdı.
Təbii, hansısa uğursuzluq olanda, ilk növbədə baş məşqçi və yetirmələri "dar ağacına çəkilirsə", müsbət nəticə qeydə alınıbsa, adıçəkilənlərin əməyi qabardılmalıdı. Ancaq azarkeşləri də unutmaq olmaz. Məlum olduğu kimi, "Forza Neftçi" Tulada da flaqmanı tək qoymadı. Hansı ki, sözügedən fanklub Kişinyovda da minlərlə kilometr qət edərək, sevimlilərinə dəstək olmuşdular. Əslində "Forza Neftçi"nin səfər oyunlarında məsafə, maddiyyat, ağır yolçuluq demədən komandanın yanına can atması futbolçular üçün həm motivasiya, həm də məsuliyyətdi. Deməli, ortada bir uğur varsa, bunda "Forza Neftçi"nin də payı danılmazdı. Dünən azarkeş qrupunun rəhbəri Sübhan Əliyevlə əlaqə saxlayıb səfər təəssüratını öyrəndik: "Getdik və komandaya dəstək olduq. 20 gün ərzində 10 min kilometrdən artıq yollarda olsaq da, "Neftçi"nin qələbəsi yorğunluğu yaddan çıxardı. Moskvada da "Forza"nın üzvləri bizə qoşuldu. Hardasa 60 nəfər olduq. Digər "Neftçi" fanatları ilə birlikdə təxminən 300-400 nəfər idik. Atributlarımızla "silahlanmışıdıq". Moskvada hosteldə məskunlaşmışdıq, oyun günü maşın karvanıyla Tulaya yürüşlə yollandıq. Ümumiyyətlə, heç bir təzyiq olmadı. Əksinə, özümüzü evdəki kimi hiss edirdik. Klub da diqqətini əskik etmirdi. Mətbuat katibi Rüstəm Allahverdiyev dəfələrlə yazıb maraqlanırdı. Hər şey yaxşı oldu. Nəticə də ürəkaçan alındı. Bununla belə, əsas cavab oyunudu. Hazırda yoldayıq, qayıdırıq. Bakıdakı üzvlərimiz "Arsenal"la "Bakcell Arena"dakı qarşılaşmaya hazırlıq görür. Düşünürəm ki, komandamız işin 60 faizini görüb, qalır missiyanı başa çatdırmaq. İnşallah, komanda ətrafında birləşib, həmin səddi də birlikdə aşarıq. Hazırda Rostov şəhərindəyik, 1200 kilometr yolumuz qalıb. "Neftçi"nin qələbəsi varsa, yorğunluq da bizlərə şirin gəlir. Təki komanda üzümüzü güldürsün, dünyanın harasında olur-olsun, tək qalmayacaq. Çünki bizi "Neftçi" birləşdirib, yalnız ölüm ayırar".
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR