Yalnız Bədavi ilə Filipin durumu sual altındadı
İrlandiya səfərində “Dandolk”la bərabərə qalan “Qarabağ”ın futbolçuları iyulun 25-də vətənə qayıdıb. Həmin gün istirahət etmək imkanı qazanan komanda üzvləri dünəndən Qurban Qurbanovun sərəncamındadı və bu ayın son günündəki matça hazırlaşır.
Hazırda əsas sual zədəlilərin durumudu. Ötən çərşənbə keçirilən oyunda ayağında ağrılar olan Miçel, Filip Ozobiç, Dani Kintana, həmçinin zədədən yeni qayıdan Bədavi Hüseynov forma geymək şansı qazanmamışdı. Bu azmış kimi, Maksim Medvedev ikinci hissənin gedişində yerini Abbas Hüseynova vermişdi.
Zədəlilərdən xəbər var. Belə ki, Miçel, Ozobiç və Kintananın zədələri ciddi deyil. Sadəcə, “Dandolk”la görüşdən əvvəl yüklənmələrdən ayaqlarında ağrılar hiss ediblər ki, Qurbanov riskə getmək istəməyib. İki ispan – Kintana ilə Miçelin “Dandolk”la cavab qarşılaşmasında meydana çıxması problem olmayacaq. Maksim isə zədələnməyibmiş. Oyunun gedişində halı pisləşdiyindən, əvəzlənməsini istəyib. Yəni Bakıdakı oyunda iştirak edəcəyi dəqiqdi. Əsas narahatlıq Filip və Bədavi ilə bağlıdı. Xorvat yarımmüdafiəçinin mikrozədəsi varsa, zədədən yeni dönən Hüseynov yenidən ağrılar hiss etməkdədi. Çox güman, daha bir müddət kənarda qalacaq.
Səfərə aparılmayan yeni futbolçular – Rerras Faysalla Maqaye Qeye Bakıda fərdi məşq etməklə kifayətlənirdi. Komanda vətənə qayıdandan sonra onların kollektiv çalışmalarda iştirak etməsi nəzərdə tutulub. İyulun 31-də meydana çıxacaqları inandırıcı görünməsə də, ikisindən birinin “18-lik”də yer alacağı inandırıcıdı.
HƏBİB