Sizin reklam burada

Səfiyarlı “Qəbələ”nin oyuna qorxaq başladığını düşünür

Baxış Sayı:339


“Bir ispan futbolçu 3000-5000 manata legioner həyatı yaşamağa razılıq verirsə, bu artıq onun səviyyəsindən xəbər verir”
Səbuhi Səfiyarlı mövsümlərarası fasilədə “Qəbələ”dən ayrılsa da, “qırmızı-qaralar”ın Tiflis “Dinamo”su ilə oyununda matçı izləyənlər arasında idi. Bölgə təmsilçisinin məğlubiyyəti ilə başa çatan qarşılaşmadan sonra şimallıların sabiq meneceri çox məyus görünürdü. Dünən onunla söhbətdə “Qəbələ”yə qalib gəlmək üçün nə çatmadı” sualını ünvanladıq. Uzun illərdi futbol sahəsində çalışan funksioner sabiq komandasının uduzmasının səbəbini deməklə yanaşı, bizi maraqlandıran başqa suallara da cavab verdi.
- “Qəbələ”nin “doğma meydanda, azarkeşlərinin qarşısında uduzmasına çox məyus oldum. Klubdan ayrılmağıma baxmayaraq, çox istəyirdim ki, qalib gəlsinlər, cavab qarşılaşması ərəfəsində sərfəli nəticə qazansınlar. Təəssüf ki, bunu bacarmadılar.
- Sizcə, məğlubiyyətə səbəb nə oldu?
- Mənə elə gəlir, ötən il “Proqress”lə görüşdə olduğu kimi, bu dəfə də komanda oyuna çox qorxaq başladı. Düzdü, qarşılaşmanın ilk dəqiqələrində “Qəbələ” qol vurmaq üçün imkan qazandı, xüsusilə Klesionun epizodunu qeyd edərdim. Ancaq ümumilikdə qeyd etdiyim məqam özünü göstərdi. Xatırlayırsızsa, ötən yay Lüksemburq təmsilçisi ilə ilk ev qarşılaşmasından məğlub ayrıldıq. Ancaq bir həftə sonra 1:0 hesabı ilə qalib gəldik. Halbuki ikinci qolu vurmaq imkanımız da var idi. Rauf Əliyev son saniyələrdə yaxın məsafədən “çərçivə”yə düşə bilsəydi, hər şey başqa cür də ola bilərdi.
- Sözünüzdən belə çıxır ki, səhv komandanın baş məşqçisi Sənan Qurbanovdadı. Məhz onun seçdiyi taktika artıq ikinci ildi ki, özünü doğrultmur...
- Bütün günahı baş məşqçinin üstünə atmaq düzgün deyil. Ola bilsin, çalışdırıcı start heyətini səhv seçsin. Heç olmasa, onun güvəndiyi futbolçular etimadı doğrultsunlar, baş məşqçiyə onlara şans verdiyinə görə “təşəkkür” naminə oynasınlar. Deməzdim ki, hər şey baş məşqçiyə görədi.
- Ötən mövsümlə müqayisədə “Qəbələ”nin heyəti əsaslı dəyişikliyə məruz qalıb. Ancaq “Dinamo” ilə ilk görüş də göstərdi ki, rəqib o qədər də güclü deyil.
- “Dinamo” ilə qarşılaşma mənə Daniel Muntyanunun dönəmindəki “Qəbələ”ni xatırlatdı. Xatırlayırsızsa, həmin matçda 0:2 hesabı ilə məğlub olmuşduq. Həmin il mövsüm başa çatandan sonra bir çox aparıcı futbolçular “Qəbələ”ni tərk etmişdi. “Şiroki Breyq”lə oyun ərəfəsində rəqib bizdən çox çəkinirdi. Ancaq qarşılaşmanın gedişində Makedoniya təmsilçisi gördü ki, bu onların gördüyü və təhlil etdiyi “Qəbələ” deyil. Və matçın gedişində “rəqibi udmaq olar” düşüncəsi ilə irəli atıldılar, sonda da istəklərinə nail oldular. “Dinamo”nun məşqçilər korpusu oyuna ehtiyatla yanaşırdı. Onlar “Qəbələ”dən çəkinirdilər ki, bunu ilk hissənin gedişində də görmək mümkün idi. Lakin vaxt ötdükcə rəqib hiss etdi ki, əvvəlki illərlə müqayisədə komanda zəifdi və bundan da maksimum istifadə etdilər. Bəlkə də Klesio hesab 0:0 olarkən yaxaladığı qol imkanını reallışdıra bilsəydi, görüşün məzmunu fərqli olardı. Təəssüf ki, yeni legioner bunu bacarmadı.
- Legionerlərdən söz düşmüşkən, “Qəbələ”nin bu yay rənglərinə bağladığı əcnəbi futbolçuların səviyyəsi sizi qane etdi? Yaxın “dostunuz” Erkin İbrahimov oyunun gedişi zamanı “feysbuk”da ispan Ferreyra Lopeslə bağlı yazdığı “bu futbolçunu MFL-də oynyan komandaya cəlb edərdim” paylaşımı çoxları tərəfindən bəyənilib. Bəs siz nə düşünürsüz?
- Bir ispan futbolçu 3000-5000 manata legioner həyatı yaşamağa razılıq verirsə, bu artıq onun səviyyəsindən xəbər verir. Gəlin etiraf edək ki, vətənində ən azı 2500 manat alan legioner heç vaxt Azərbaycana üz tutmaz. Lopes də səviyyəsinə uyğun futbol oynayır. Dediklərim tək ona aid olunmur. Ümumiyyətlə, legioner həyatı yaşayan futbolçu yerlidən ən azı ikibaş üstün olmalıdı və bu da maaşında əksini tapmalıdı. Deməli, həmin oyunçuya vətənində ehtiyac yoxdu ki, belə əməkhaqqı qarşılığında başqa ölkəyə üz tutmağa məcbur olub. Erkin heç vaxt “Qəbələ”ni bəyənməyib, ancaq bu gün onun da sözlərində həqiqət var.
- Matçdan öncə sosial şəbəkədə paylaşdığınız statusda baş məşqçiyə yox, klubun baş menecerinə güvəndiyinizi qeyd etmisiz...
- Uzun illər Zaurla çiyin-çiyinə çalışdığımdan onun futbol savadına və futbolçu seçiminə bələdəm. Ona görə də “Dinamo” ilə qarşılaşmadan öncə Zaura güvəndiyimi yazmışam. Əzizov doğrudan da, böyük təcrübəyə malikdi. Məncə, hazırkı “Qəbələ”də ondan çox futbolu bilən ikinci şəxs yoxdu.
- Cavab qarşılaşmasını canlı izləmək üçün Tiflisə gedəcəksiz? “Qəbələ” geridönüş edə bilər?
- Püşkün nəticəsi məlum olduqdan sonra cavab qarşılaşmasını canlı izləmək üçün Tiflisə gedəcəyimi planlaşdırmışdım. Ancaq sonradan bəzi məsələlər səbəbindən elə alındı ki, səfərə gedə bilməyəcəm. Getməsəm də, ürəyim “Qəbələ” ilə olacaq. Geridönüşə gəlincə, məncə, komanda bunu bacara bilər. Sadəcə, özünə güvənməli və heç nədən çəkinmədən öz oyununu diqtə etməlidi.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR