Rusun silah “Arsenal”ı “Neftçi”nin gözünü qorxutmadı
"Neftçi" ilə Tula səfəri mənim üçün gözlənilməz alındı. Cəmi iki gün idi ki, məzuniyyət götürüb rayona dincəlməyə getmişdim. İlin yorğunluğunun aldığı enerji boşluğunu depolamağa başlamışdım ki, işdən "pasportunun sürətini göndər, özün də çərşənbə günü hava limanında ol" dedilər. Aeroportda başımıza gələnləri, 6 saata qədər ləngidiyimizi səfər qeydlərimdə çatdırmışdım. Həm də mətbuat iki gün AZAL-ın bu həngaməsindən yazıb. Mən isə "Neftçi"nin qələbə sevincinə bələnmiş digər təəssüratlarımı oxucularla bölüşmək istəyirəm...
Təzyiqim qalxıb, Bordinin vecinə deyil
Rayondan 300 kilometr yol gəlirsən, gecə də normal yatmayıb 4-də hava limanının yolunu tutursan. Üstəlik, uçuş 5 saat 40 dəqiqə yubanır. Başım ağrımağa başlamışdı, aeroport inzibatçısından dərman istədim. Heç gözləmədiyim halda məsələ böyüdü, həkim gəldi. Təzyiqim havaya qalxmamış "göylə getməyə başlamışdı", ancaq qorxulu heç nə yox idi. Roberto Bordinə və futbolçulara göz qoyurdum: rahatdılar, yoxsa həyəcan var? Yorğunluq əsəbilik yaratmayıb ki? İtaliyalı mütəxəssis istəsəydi, başverənləri əlində bayraq edib özünü mümkün uğursuzluğa görə qınaqdan sığortalayardı. Ancaq aşkar hiss olunurdu ki, gözü "Arsenal”ı yeyən Bordin heç nəyə baxmayaraq, oyuna köklənib. Yetirmələrini, hətta köməkçilərini hər vasitə ilə motivasiya etməyə çalışırdı. O, yorğunluq və yuxusuzluqdan gözünün acısını alan klubun mətbuat xidmətinin rəhbəri Rustəm Allahverdiyevin yatdığı yerdə şəklini çəkdi və yardımçılarına da göstərib güldülər. Oyunöncəsi mətbuat konfransında da çox rahat idi...
Sıx meşə ilə əhatələnən tarixi şəhər
Moskvada çox ləngiməyib avtobusla üz tutduq qəhrəman şəhər Tulaya. “Niyə avtobus” deyib “Neftçi”ni qınamayın. Çünki bu şəhərdə hava limanı yoxdu. Daha doğrusu, 90-cı illərin sonuna kimi fəaliyyət göstərib, sonradan rentabelli olmadığına görə bağlayıblar. Maraqlıdı ki, daha kiçik şəhər olan Kaluqada aeroport var. Qayıdanda məhz ordan gəldik...
Paytaxtdan Tulaya qədər olan 200 kilometrdən çox məsafəni hər iki tərəfdən sıx meşə ilə əhatələnmiş yolla getməli olursan. Təmiz havanı acgözlüklə ciyərlərinə çəkməmək olmur. İki gün ərzində media nümayəndələrinə təhkim olunan yaşlı sürücü əvvəldən tıxaclarla bağlı bizi xəbərdar etmişdi. Astagəl imiş, bizi demək olar, bütün işıqforların qırmızı işığında gözləməyə məcbur etdi. Tulada avtomobil əlindən tərpənmək olmur. Hamısı da bahalı, xarici maşınlar. Yerli əhalənin sevimli avtomobili KİA-dı. Baxmayaraq ki, Rusiya avtomobil ixracatçısıdı. İctimai nəqliyyat vasitələri arasında isə trolleybuslar üstünlük təşkil edir.
Ruslara məxsus alçaq, taxta evlər Tulada daha çoxdu. Bəlkə də buna görə şəhər nimdaş görünür. Amma xoşbəxtlərin şəhərində olduğunu hiss etmək çətin deyil. Ona görə ki, vilayətdə iş yerləri kifayət qədərdi, hamının gəliri var.
Samovarı hal eyləyin... Silah onsuz da boldu
Niyə də olmasın?! Tula sənaye şəhəridi, özünəməxsus gəlir mənbələri var. Rəmzlərindən biri, bəlkə də birincisi samovar, daha sonra pryanikdi. Addımbaşı samovar dükanına, hətta muzeyinə, pryanik mağazalarına rast gəlirsən. Mən isə sizə 5 mərtəbəli, Rusiyanın imperiya qüdrətini qabarıq göstərən silah muzeyindən bəhs etmək istəyirəm. Burda hər cür silaha rast gəlmək olar: çar dövründəkilərdən tutmuş, müasirlərə qədər. Həyətdə ağır artilleriya - tanklar, raketlər düzülüb. İlk mərtəbələrdə soyuq silahlar qoyulub. Onu da qeyd edək ki, muzey müasir, innovativ sistemlə çalışır, deyək ki, hansısa silah haqda məlumat əks olunan kitabı elektron tabloya toxunmaqla vərəqləyə bilirsən. Yaxud istədiyin döyüşçu və silahı seçib öz montajını yarada, e-maillə elektron ünvanına göndərirsən.
Kim bilir, bəlkə o silahlardan hansı iləsə azərbaycanlı da öldürülüb. Bütün potensialını silah istehsalına yönəldən Rusiyanın bu sahədə ön pillələrdə olması təsadüfi deyil. Muzeydə hətta mikroskopla çətin görünən tüfəng, cəsusların istifadə etdiyi siqaretqabı-silaha da rast gələ bilərsən.
Tula rus şəhəri deyil?
Bu böyük şəhərdə gəzməli-görməli yerlər çoxdu. Onlardan biri “Kreml bağı”dı. Bura Kremlin Tula variantıdı. Şəhərin simvollarından sayılır. “Kreml bağı”ndakı böyük samovar dükanına da baş çəkdik. Qiymətlər dodaq uçurdur: 15 min rubldan başlayıb 42 minə qədər olan samovarlar var. Sadəcə, bir-iki şəkil çəkdirib çıxdıq...
Rusların şovinist, imperialist təfəkküründən doğan “özünübəyənmişlik” kimi xarakterinə bələdik. Ancaq Moskvanın 200 kilometrliyində olan bu şəhər qonaqpərvərliyi ilə hətta bizi də təəccübləndirdi. Hələ belə qarşılandığımızı xatırlamıram. Görünür, Tula 1941-45 müharibəsində çiyin-çiyinə, kürək-kürəyə verib savaşdığı və bunun hesabına “qəhrəman şəhər” statusu daşımasını unutmur. Ümumiyyətlə, bu şəhərdə başqa xalqların nümayəndəsi çoxdu. Azərbaycanlı və erməni də yetərincədi. Həmin mənfur qonşularımızdan bir neçəsi “Neftçi”ni izləməyə gəlmişdi. Bizimkilər onlarla qarşılaşıb. Az qala media nümayəndələri də onlarla üz-üzə gələcəkdi. Oyundan gec çıxdığımız üçün oteldəki şam yeməyinə çatmadığımızı düşündük və yolda sürücüdən bizi bir restorana aparmağı xahiş etdik. O isə fərqinə varmadan “Armeniya” restoranı var, bu vaxt yalnız ora açıq olur” dedi. Təbii ki, getmədik...
Yerli azarkeşlərin qonaqpərvərliyinə qayıdıram. “Neftçi”nin çılğın qol sevincinə aristokratcasına yanaşan, oyundan sonra hətta bizimkiləri alqışlayan tulalıları bir həftə sonra qonaq edəcəyik. Yəqin “Neftçi” azarkeşləri də onları elə qarşılayar, layiqli, ancaq yenə məğlub edərək yola salar.
Azarkeş demişkən, “Forza Neftçi”nin iki üzvü gecəyarısı bizim qaldığımız “İmperator” otelinə gəldi. Onların kilometrlərlə yolu piyada gəldiyini eşidəndə “Neftçi” ruhunun nə demək olduğunu, uğurunun sirrini anlayırsan. Çılğın “Forza Neftçi”lilərin geri qayıdarkən şəhərin girəcəyində yazılmış ad-lövhəni fişəng və məşəllərlə alova bürüdüyünü gördük.
MİRAĞA