Heyətini gücləndirməyə çalışan “Araz” transfer çalışmalarını davam etdirir. Son çempion bu dəfə Ramiz Çovdarovu heyətinə qatıb. Ötən mövsümün qış fasiləsində EKOL-a keçən Çovdarov “yaşıllar”la ölkə kubokunu qazanıb, yüksək liqanı üçüncü pillədə başa vurub.
Bu arada futzal üzrə ölkə çempionatında növbəti mövsümün sentyabrın 6-da start götürəcəyi açıqlanıb. Amma bu tarixin iki gün əvvələ və ya sonraya çəkilməsi də mümkündü. Çempionatda minimum 8 komanda mübarizə aparacaq.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun “Futbol+”ə verdiyi bilgiyə görə, çempionatda “Araz”, “Neftçi”, EKOL, “Yasamal”İSK, “Bakı Fire”, “Rekord”, “Xəzər Yardımlı” və “Marafon”un çıxış edəcəyi dəqiqləşib. “Liman”ın, eləcə də Tələbə Futbol Federasiyasının, bir də çimərlik futbolu üzrə milli komandanın mübarizəyə qatılması gözlənilir. Ancaq onlar hələlik federasiyaya rəsmi şəkildə müraciət etməyiblər. Birinci dəstədə isə yeni mövsümdə 20 komandanın mübarizə aparacağı gözlənilir. Xatırladaq ki, ötən mövsüm iştirakçıların sayı 16 idi.