Elman Himayətoğlu: “Yəqin ki, bundan sonra şərtlər dəyişər”
Ötən sayımızda “Şüvəlan”ın fəaliyyətini dayandırdığını xəbər vermişdik. Qısaca xatırladaq ki, 2004-cü ildə peşəkar futbol klubu kimi qeydiyyatdan keçən qəsəbə təmsilçisi müxtəlif vaxtlarda AMMK, “Olimpik”, “Olimpik-Şüvəlan” və AZAL adı altında çıxış edib. İki il öncə AZAL premyer-liqa ilə vidalaşandan sonra klubun fəaliyyətini dayandırdığı açıqlandı. Lakin 3 gün sonra komandanın “Şüvəlan” adı altında birinci divizionda çıxış edəcəyi bəlli oldu. Beləliklə, qəsəbə təmsilçisi ardıcıl iki mövsüm aşağı dəstədə çıxış etdi və bir neçə gün öncə fəaliyyətini dayandırdı. Təbii, bazası, stadionu olan klubun tarixə çevrilməsi heç də xoş durum deyil.
Çərşənbə axşamı qəsəbə təsmilçisi fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayıb. Həmin bəyanatda infrastrukturla bağlı suala da cavab var: "Uzun illərdən bəri Şüvəlan qəsəbəsini təmsil edən “Şüvəlan” futbol klubu bir çox futbol turnirlərində ölkəmizi təmsil edərək müxtəlif mükafatlar uğrunda apardığı mübarizə və qazandığı nailiyyətlər ilə ölkə futboluna öz töhfəsini verib, həmçinin bir sıra yeniyetmə və peşəkar gənc futbolçuların yetişdirilməsində böyük əməyi olub. Buna baxmayaraq, son zamanlar premyer-liqa komandaları arasında rəqabətin güclənməsi, o cümlədən “Şüvəlan”da səmərəli idarəetmənin həyata keçirilməsi kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, “Silk Way Holding” ilə klub rəhbərliyi tərəfindən məsləhətləşmələr aparılıb və Bakıətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klubla təmsil olunmaq məqsədi ilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə”yə dəstək olunması qərara alınıb. Qeyd edək ki, Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdi. Bu baxımdan “Şüvəlan” mövcud maddi-texniki təminat və infrastrukturla “Zirə”yə dəstək olacaq. İnanırıq ki, bu dəstək nəticəsində “Zirə” yaxın dövr ərzində daha yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Eyni zamanda “Zirə”yə sponsorluğunu davam etdirəcəyini bəyan edən “Silk Way” şirkəti bundan sonra da Azərbaycanda futbolunun inkişafı naminə ölkəmizin beynəlxalq turnirlərdə layiqli təmsil olunması üçün maddi-texniki təminat və infrastruktur dəstəyinin əsirgəməyəcəyini bildirib".
Hazırda məsələ ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Deyilənə görə, “Zirə”nin aşağı yaş qruplarının hamısı bundan sonra Şüvəlanda fəaliyyət göstərəcək. Hətta əsas komandanın da söğügedən qəsəbəyə üz tutacağı haqda informasiyalar dolaşır. Həmçinin “Şüvəlan”da icraçı direktor funksiyasını yerinə yetirən Seyidağa Babayevin “Zirə”nin prezidenti təyin olacağı haqda da söz-söhbətlər gəzir. Məlum olduğu kimi, Natiq İsmayılovun istefasından sonra həmin post hələ də boşdu. Babayev isə daha öncə “Zirə”də icraçı direktor funksiyasını yerinə yetirirdi. Təəssüf ki, onun özü ilə danışa bilmədik. Hər halda, suallarımıza qəsəbə təmsilçisinin meneceri Elman Himayətoğludan cavab almağa çalışdıq: “Babayevin təyinatı ilə bağlı yalnız onu deyə bilərəm ki, elə bir söhbət yoxdu. Digər məsələlərə gəlincə, hələ ki qərar yenidi. Biz hazırda Türkiyədə toplanışdayıq. Bu üzdən detallar daha ətraflı şəkildə danışılmayıb. Ona görə də dəqiq bir şey deyə bilməyəcəm. Əsas komandanın Şüvəlanda oynaması, ümumiyyətlə, mümkünsüzdü. Çünki ordakı arenanın qazonu sünidi. Bildiyiniz kimi, ötən mövsüm Zirə Olimpiya Kompleksinin meydanına təbii ot örtüyü salındı. Ona görə də əsas komanda Zirədə, öz azarkeşləri önündə və təbii qazonlu meydanda oynayacaq. Aşağı yaş qruplarımız hazırda Binədə Avsiasiya Akademiyasının stadionunda məşq edir. Oyunlarımızın əksəriyyəti orda keçirilir. Yalnız əvəzedici heyət ötən mövsüm Şüvəlanda icarə əsasında oynayırdı. Yəqin ki, bundan sonra şərtlər dəyişər”.
FARİZ