Yenə yaydı, yenə havalar istidi və yenə Gəncədən qiyam yelləri əsir. Yox-yox, vəziyyət 1993-cü ildəkindən fərqlidi. Heç kimə lazım olmayan Surət Hüseynov artıq siyasətdən çəkilib, elə rusların hərbi dayaqları da burda yoxdu, 104-cü desant diviziyasının komandiri Valeri Şerbak indi təqaüdçü ömrü yaşayır. Amma Şerbak – Hüseynov tandeminin futboldakı davamçıları yetişib. Surət Hüseynovu Arzu Mirzəyev uğurla əvəz edib, çağımızın Şerbakının kim olduğunu isə özünüz də yaxşı bilirsiz. Arzu bəyin sport7-yə verdiyi müsahibəni oxudum və az qala hər ifadəsindən “Gəncə gəncəlilər üçündü” qəzəbi yağan bu adamın üslubu, danışıq tərzi məni heyrətləndirdi. Biranlıq özümü itirdim; ilahi, doğrudanmı, 93 qayıdıb və qiyamçı polkovnik yeni qiyafədə zühur edib?!
Əvvəla, o məqamın üzərində dayanaq ki, “Gəncədə gəncəlilər, Lənkəranda lənkəranlılar, Bakıda bakılılar işləməlidi” yanaşmasının yumşaq adı debillik, həqiqi adı isə ölkəni regionlara bölmək, yəni regional separatçılıqdı. Arzu bəyin vaxtilə futbolçu kimi aşkar zəif olduğu Yaşar Vahabzadəyə ünvanladığı “mənliyin, şəxsiyyətin olsa, bura gəlməzsən, 5 turdan sonra təhqir olunub Gəncədən gedəcəksən” ifadələri isə aşkar təhdid və şantajdı. 500 minlik şəhərin futbol ictimaiyyəti məhz Mirzəyevi özünün tribunası, darğası sayırsa, yazıqlar olsun! Ağzımda 500 minlik şəhər deyirəm e! Bəli, həmin 500 minlik şəhərin komandasının son çempionluğundan 20 il ötüb, həmin “Kəpəz” futbol inqilabından sonrakı ilk mövsümdə 11-ci yeri tutub, 2007-də elitadan gedib, 2010-da qayıdıb, 2013-də yenidən gedib, 2015-də birinci dəstədə 9-cu yeri tutduğu halda, AFFA-nın əlini öpəndən sonra elitaya qaytarılıb, 2016-da çempionatda 5-ci yeri tutsa da, “İnter”lə “Zirə”nin müxtəlif səbəblərdən avrokuboklara buraxılmaması üzündən uzun fasilədən sonra qitəmiqyaslı turnirə qatılıb və nəhayət, 2018-də növbəti dəfə elita ilə vidalaşıb. Birinci dəstədə son mövsümü isə 14 komanda arasında 11-ci yerdə bitiriblər.
Gəncə elitadan gedəndən bəri AFFA bu şəhərdə futbolun yaşaması üçün əlindən gələni edir, külli miqdarda pul ayırır, amma şəhər komada olan xəstə kimi müalicə tədbirlərinə heç cür adekvat reaksiya göstərmir. Açığını deyim ki, şəxsən mənim üçün Gəncənin ölkə futbolu üçün inkubator missiyası 2005-ci il oktyabrın 29-da – Konstantin Abramenkonun dünyasını dəyişməsi ilə bitib. Həmin vaxtdan bəri Gəncə ölkəmizin əsas yığmasına bircə futbolçu da bəxş etməyib! Bəxş edibsə, göstərin!
Vahabzadənin srağagünkü təqdimat mərasimindən çəkilən şəkillərə baxın, onda 500 minlik şəhərdən AFFA-nın elçisinə hansı mirasın qaldığını görəcəksiz. Təsəvvür edin ki, cəmi 12 nəfərin əyləşməsi üçün bazada normal stul tapılmayıb. Uşaqlar sınıq-salxaq stullarda təqdimat mərasimində deyilənləri dinləyiblər. Mən bir az da irəli gedib “Kəpəz”in bazasından SSRİ dövründən qalan televizor-kondisionerlərin oğurlanma tarixçəsini də danışa bilərəm. Amma məncə, burda dayanmaq yaxşıdı. Axı, oğurluğun vəsfi heç bir halda futbol ictimaiyyətinə nəsə qazandıra bilmız. Fəqət gerçəklik budu ki, istər AFFA-dan göndərilənlər olsun, istərsə yerlilər – kim ki 500 minlik şəhərin əsas komandasında iş başına keçir, dərhal oğurlamağa başlayır.
Bəlkə də Yaşar Vahabzadənin məşqçilik bacarığından gileylənmək, onun perspektivləri ilə bağlı bədbin düşünmək olar. Amma kim nə deyir-desin, onun məşqçi imici, reputasiyası bu gün haqqında danışanlarla müqayisədə qat-qat təmizdi. Nə etmək olar ki, 500 minlik şəhərdən bir adam futboluna, ənənələrinə sahib çıxmır. Çıxmaması bir yana, nəsə etmək istəyənə qarşı da qiyam qaldırırlar. Amma sadə bir həqiqəti unudurlar ki, artıq çoxdan pulu verən həm də sifariş etdiyi mahnının adını deyir. Yəni bu gün AFFA bütün çatışmazlıqlarına rəğmən, Gəncə futbolunun yaşaması, 500 minlik şəhərdə iddialı komandanın mövcudluğu üçün əlini cibinə salırsa, buna görə yalnız alqışlanmalıdı. Qiyam vaxtı keçib e, Arzu bəy, Şerbak, o körpüləri çoxdan sel aparıb.
Zəruri qeyd: çağımızın Şerbakının da dedikləri ilə tanış olun ki, yazı yarımçıq qalmasın: “Gəncə futbolunun gələcəyi ilə bağlı mənimlə də müəyyən danışıqlar olub. İnanıram ki, tezliklə əvvəlki vəzifəmə bərpa olunacam. O vaxtdan gözləyirik. Ardınca isə müəyyən təyinatların reallaşacağı ilə bağlı xəbərlər yayılıb və konkret idarəetmə sistemində çalışacaq bəzi adamların, eləcə də məşqçilərin adları açıqlanıb. Hesab edirəm ki, formalaşma prosesi hələ də davam edir. Çünki bir klubun idarəediciləri məşqçilər korpusu, Müşahidə Şurası və ya koordinatordan ibarət ola bilməz. Peşəkar klubda kifayət qədər vəzifələr olacaq və yaxın günlərdə biz yeni təyinatlar haqda da eşidəcəyik. Bunun belə olacağına əminəm. Çünki AFFA-nın dəstəyi ilə formalaşan klublarda iş prinsipini hamımız görürük və bilirik. Hər şey Mehman Allahverdiyevdən asılı deyl. Mən həm məşqçi kimi sözümü demişəm, həm də idarəedici kimi nəyə qadir oduğumu göstərmişəm. Bunu qədirbilən Gəncə camaatı yaxşı başa düşür. Ümid edirəm ki, azarkeşlərin arzu və istəkləri futbol funksionerlərinin planları ilə üst-üstə düşəcək. Bizə isə hələ ki gözləmək qalır”.