“Rəqib kim olur-olsun, biz məqsədimizi bilirik”
“Qarabağ” önünə çıxacaq “Dandolk”un düşərgəsində xoş əhval-ruhiyyə hökm sürməkdədi. Hər halda, bunu məşqçi və futbolçuların verdiyi açıqlamalardan görmək çətin deyil. “Riqa” səddini penalti zərbələri hesabına adlayan irlandlar Azərbaycan çempionunu hər nə qədər güclü rəqib kimi qəbul etsələr də, güclərinə inanırlar.
23 yaşlı yarımmüdafiəçi Ceymi Makqreyt klub saytına verdiyi açıqlamada latviyalılarla oyunu yada salıb, “Qarabağ”la qarşılaşma ərəfəsində düşündüklərini dilə gətirib: “Dünən (iyulun 20-də - H.) başa çatmış oyunu təhlil etdik, indi isə qarşıdakı görüşə hazırlaşırıq. Qarşıda bizi trenajor zalında və televizor qarşısında çətin bir neçə gün gözləyir. Artıq “Qarabağ”ın təhlilinə start verilib. Dünən ümumi məlumatlar verildi, bu gündən daha detallı bilgilər əldə edəcəyik. Güclü rəqib təsiri bağışlayır. Amma bir komandanın gücünə dəqiq qiymət vermək üçün mütləq onlara qarşı oynamalısan. Məşqçimiz Stiv O’Donnell bir neçə dəfə rəqibimizin oyununa baxıb. Ona görə də azərbaycanlılar haqda xeyli məlumata sahibik. “Riqa”ya qarşı iki əla oyun sərgilədik. Statistik bilgilərə baxanda, bunu görmək çətin deyil. Birinci matçda topa sahibolma 59 faiz xeyrimizə idi, səfərdə isə 54 faiz. Halbuki İrlandiyanın hər komandası səfər qarşılaşmasında bu cür üstünlük əldə edə bilmir. Latviyada doğma azarkeşlərimizi görmək əla hisslər idi. Sanki səfərdə yox, evdə oynayırdıq. İndiki halımızdan məmnunuq, amma növbəti mərhələni də adlamağımız əla olar. Bu bizə özünəinam verməklə yanaşı, kluba maddi baxımdan xeyir verər. Əsas məqsəd qol buraxmamaq olacaq. Ayın 24-də bunu bacarsaq, bir həftə sonra daha ümidli olacağıq”.
İrlandiya təmsilçisinin müdafiəçisi Deyn Massey “Qarabağ”ı tərifləsə də, iddialarını gizlətməyib: "Söz yox, “Qarabağ" təcrübəli komandadı. Onlar "Partizani"ni mübarizədən kənarlaşdırıblar. Buna baxmayaraq, biz qrup mərhələsinə hazırlaşırıq. "Dandolk" düşərgəsində ab-hava qaydasındadı. Gələn həftə "Qarabağ"a qarşı çox böyük mübarizəmiz olacaq. Avropada hər oyun çətindi. "Qarabağ"ın böyük futbolçuları və avrokubok təcrübəsi var. Amma rəqib kim olur-olsun, biz məqsədimizi bilirik".
Yeri gəlmişkən...
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununu sabah səfərdə İrlandiyanın “Dandolk” klubuna qarşı keçirəcək. Meydan sahiblərinin ilk oyun üçün bazar günü satışa çıxardığı biletlər bir neçə saat ərzində bitib. Klub yaydığı açıqlamada oyuna marağın yüksək olduğunu və biletlərin tükəndiyini bildirib.
“Oriel Park” stadionunda oynanılacaq matç saat 22.45-də start götürəcək. Sözügedən arena daxili yarışlar üçün 3000, avrokubok oyunları üçün 4500 azarkeş tutumuna malikdi.
HƏBİB