Sizin reklam burada

İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu

Title
İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu
“Mən indi ilk növbədə komanda qurmalıyam”
Ötən mövsüm başa çatandan sonra rəhbərsiz və baş məşqçisiz qalan “Kəpəz”də sular, deyəsən, durulmaq üzrədi. Belə ki, kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata əsasən, artıq AFFA ölkənin ən köklü və titullu klublarından biri olan Gəncə təmsilçisinə yeni baş məşqçi və prezident təyin edib. Bundan sonra İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə komandanın baş məşqçisi olacaq. “Sarı-göylər”in Müşahidə Şurasının sədri postunu isə Gəncənin icra başçısı Niyazi Bayramov tutacaq.
Deyilənlərin nə dərəcədə həqiqət olub-olmadığını bilmək üçün Yaşar Vahabzadə ilə əlaqə saxladıq. Mütəxəssis əvvəlcə bu xəbəri təkzib etmək istəsə də, məlumatlı olduğumuzu görüb, hər şeyi etiraf etdi: “Bu məlumatı sizə kim ötürüb? Görürəm artıq dolğun informasiyaya maliksiz. Bəli, bugünlərdə “Kəpəz”in baş məşqçisi təyin olundum. Gələn həftənin birinci günü Gəncəyə yollanacam. Ötən mövsüm komandanın şərəfini qoruyanların əksriyyəti artıq klubdan ayrılıblar. Demək olar ki, sıfırdan komanda quracağıq. Bilirəm ki, məni çətin iş gözləyir. Ancaq bundan çəkinmirəm, bu məsuliyyətin altına girmişiksə, çalışacağıq etimadı doğruldaq. Yeni mövsümlə bağlı hələ heç bir plan müəyyənləşməyib. Mən indi ilk növbədə komanda qurmalıyam. “Kəpəz”in əsas meydanı artıq bir neçə ildi istifadəyə verilib. Yaxın vaxtlarda süni örtüklü yeni meydan da komandanın ixtiyarına veriləcək ki, bu da işimizi bir qədər yüngülləşdirir”.
Vahabzadə bizimlə söhbətdə köməkçilərinin müəyyənləşdiyini də bildirdi. Vidadi Rzayev, Babək Alxasov və qapıçılarla işləyən Nadir Şükürov yeni mövsümdən “Kəpəz”in məşqçilər korpusunda yer alacaq.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.