“Qarabağ” iyulun 16-da Vild-Donald Gerye ilə əməkdaşlığı dayandırdığını açıqlasa və onun mövqeyinə futbolçu gətirsə də, bu ayrılıqla bağlı heç də bütün suallar çözülməyib. İki mövsüm ərzində komandanın formasını geyən, daim oyunu ilə seçilən haitili hələlik mövzu ilə bağlı danışmasa da, oxu.az saytından olan həmkarımız Səbuhi Musayev məsələni aydınlaşdırmağa çalışıb.
“Qarabağ”ın müqaviləsini pozduğu haitili futbolçu Vild-Donald Geryenin Ağdam klubunun düşərgəsinə gec gəlməsinin səbəbi bəlli olub. Haiti mətbuatı yazır ki, 30 yaşlı sol cinah oyunçusu 15 iyun - 7 iyul aralığında ABŞ, Kosta Rika və Yamaykanın birgə təşkilatçılığı ilə keçirilmiş “Qızıl Kubok” turnirində mübarizə aparıb.
Şimali, Mərkəzi və Karib dənizi hövzəsi ölkələrinin futbol komandalarının çıxış etdiyi turnirdə Haiti millisi qrupda bütün rəqiblərinə qalib gələrək lider olub. Kanada ilə görüşdə üçüncü qolu vurmaqla komandasını yarımfinala çıxaran Gerye iyulun 2-də turniri tərk edib. Çünki Haiti həmin gün sonradan turnirin qalibi olacaq Meksikaya əlavə vaxtda 0:1 uduzaraq mübarizəni dayandırıb və Yamayka ilə birgə yarışın üçüncüsü olub.
Bundan sonra o, Haitiyə qayıdıb və iyulun 9-da ölkə prezidenti Jovenel Moizin qəbulunda olub. Bu görüşdə Haitinin baş naziri, gənclər və idman naziri, həmçinin Haiti Futbol Federasiyasının baş katibi iştirak ediblər. Yeri gəlmişkən, Gerye prezidentin qəbul etdiyi üç futbolçudan biri olub.
Həmin gün yerli vaxtla saat 15.30-dan axşam 20.00-a qədər Geryenin məşhur olduğu cənub bölgəsində yerləşən, ölkənin üçüncü böyük şəhəri Le Kedə yerli camaat kütləvi şəkildə onu qarşılayıb. Adamlar “səni salamlayırıq, Donald, bizim haitili Messimiz”, - deyə futbolçunun şəninə tərif yağdırıblar.
Bununla belə, Gerye yenə “Qarabağ”ın düşərgəsinə iyulun 10-da qoşulmalı olsa da, o buna tələsməyib. Futbolçu iyulun 15-də doğma şəhərində ölmüş qızı Mianın adına gecə klubunun açılışını edib. Bu isə “Qarabağ” rəhbərliyinin səbr kasasını daşıran son damla olub.
Yeri gəlmişkən, Gerye “Qarabağ”dan ayrılması ilə bağlı “instaqram”da paylaşdığı postda incikliyini gizlətməyib və müqaviləsinin maaşla bağlı şərtləri ilə razılaşmadığını bildirib: “Qarabağ”da oynamaq xoş idi. Amma müqaviləmiz mənim xeyrimə deyildi. Ona görə də klubla müqaviləmizin pozulması barədə razılığa gəldik”.
Xatırladaq ki, “Qarabağ” haitili ilə müqaviləni pozduğunu iyulun 17-də açıqlayıb. Amma klubun açıqlamasında müqavilənin müddəti iyunun 30-da bitdiyi halda, UEFA-ya Çempionlar Liqasında iştirak üçün göndərilən siyahıya adının salınması haqda heç nə deyilməyib.