Sizin reklam burada

Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu

Baxış Sayı:551


Gerye aldatdı, klub ona təşəkkür etdi
“Qarabağ”ın Xayme Romero ilə Ayton Silvanın ardınca Rerras Faysalla müqavilə bağladığını xəbər vermişdik. Mərakeşli futbolçu qarşıdakı iki ildə yeni komandasının uğurları üçün tər tökəcək. Maraq üçün qeyd edək ki, Faysal universallığı ilə seçilir. Müdafiənin hər iki cinahında oynamaqla yanaşı, yarımmüdafiədəki yükün altına girməyi də bacarır. Sonuncu iş yeri Fransanın ikinci liqa təmsilçisi “Bezyer” olub ki, 23 oyunda meydana çıxmaqla 2 qola imza atıb. Buna qədər isə Belçikada “Vise”, “Sent-Trüden” və “Mexelen”in formasını geyib. Həmçinin Şotlandiyada legioner həyatı yaşamaqla “Harts” və “Hibernians” azarkeşlərinin sevgisini qazanmağa çalışıb. 2016-nın yayında “Harts”ın heyətində Avroliqada 4 oyuna çıxdığını da xatırlatmaq yerinə düşər. Faysal bir neçə dəfə Mərakeş yığmasına dəvət alıb. Lakin ilk və son dəfə 2016-nın avqustunda, Albaniya ilə sınaq matçında forma geyib.
Rerras “Qarabağ”a keçidi ilə bağlı klubun rəsmi saytına açıqlamasında bunları deyib: “Çox möhtəşəm kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey yüksək səviyyədədi. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam. Müdafiənin həm sağ, həm də sol cinahında çıxış edə bilirəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəm. “Qarabağ” haqda məlumatım var idi, avrokuboklarda oyunlarını izləmişdim. Fransa klublarıyla oynayan zaman da klub haqda daha çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcəklər”.
Hədəfdə olan növbəti – yaydakı dördüncü legioner Maqaye Qeye idi. Fransada doğulan seneqallı müdafiəçi iki gün əvvəl Bakıya gəlsə də, tibbi baxışdan keçməsinin vacibliyi üzündən müqavilənin rəsmiləşməsi yubanırdı. Dünən bu formallıq da aradan qalxıb və Qurban Qurbanovun bəyəndiyi futbolçu ilə müqavilə rəsmiləşib. Klub detalları açıqlamasa da, əldə etdiyimiz bilgiyə görə, Qeye qarşıdakı iki mövsümdə “Qarabağ”ın uğurları üşün tər tökəcək.
Qeye “Qarabağ”a gəlib-getmiş əcnəbilər arasında parlaq karyerasına görə ən tanınmışlardandı. Hücum xəttində çıxış edən və əsasən sürətinə görə ad çıxaran forvard 1990-cı ildə dünyaya gəlib. Peşəkar karyerasında ilk klubu aşağı dəstədə mübarizə aparan “Strasbur” olub. Bu komandadakı ikinci mövsümdə sərgilədiyi parlaq oyun, yəni 24 matçda 9 qola imza atması “Everton” rəsmilərinin diqqətini çəkib. Odu ki, Maqaye 2010-un yayında Liverpul təmsilçisinə keçib. Di gəl ki, İngiltərədə çıxış etdiyi 3 ildə müxtəlif yarışlarda 40 matçda forma geysə də, cəmi 2 qola imza atıb. Odu ki, sonradan “Brest”ə keçib və yenidən “Everton”a qayıdıb. Hər iki halda ona ümid bəsləyən azarkeşləri üzüb. 2014/15 mövsümündə çempionşipdə çıxış edən “Milluoll”da 32 oyunda 5 dəfə fərqlənməklə nisbətən yaxşı mövsüm keçirib ki, bununla da türklərin diqqətini çəkib. 2015/16 mövsümündə birinci liqada mübarizə aparan “Adanaspor”un formasında vurduğu 7 qol və verdiyi 6 məhsuldar ötürmə ilə komandasının superliqaya vəsiqə qazanmasında yaxından iştirak edib. Növbəti mövsümdə adanalıların heyətində superliqada 32 qarşılaşmada rəqib qapılarına 10 dəfə yol tapmaqla adından söz etdirib. 2017/18 mövsümünü yenə “Adanaspor”un heyətində, lakin bu dəfə aşağı dəstədə keçirib ki, 24 matçda 9 qol vurub. Ötən ilin yayında isə “Osmanlıspor”un sıralarına qoşulub. Başa çatmış çempionatda Türkiyənin birinci liqasında 25 oyunda 9 dəfə fərqlənib. Oynadığı bütün klublarda və bütün rəsmi yarışlarda ümumilikdə 54 qol vurduğunu da xatırladaq.
İndiyə qədər avrokuboklarda çıxış etmək imkanı olmayan Qeye dəfələrlə yığmaların sıralarında olub. Fransanın U-16, U-19, U-20 və U-21 millilərinə cəlb olunduqdan sonra əsas yığmaya çağırılmayacağını hiss edərək, bağlı olduğu ölkəsinin şərəfini qorumağa qərar verib. 2012-ci ildə Seneqalın U-23-nün heyətində 3 oyunda forma geyməsinə baxmayaraq, fərqlənə bilməyib. Nəticədə sonradan əsas milliyə dəvət almaq arzusu gözündə qalıb.
Daha bir xəbər isə Vild-Donald Gerye ilə bağlıdı. 2017-nin yayından 2019-un mayına qədər “Qarabağ”ın formasını geyən və bu müddətdə qazanılan uğurlarda əsas pay sahiblərindən olan haitili futbolçunun bundan sonra karyerasını başqa ölkədə davam etdirəcəyindən xəbəriniz var. Futbolçu pula görə Ağdam təmsilçisinə arxa çevirsə də, klub ona təşəkkür etməyi lazım bilib. “Qarabağ”ın saytında belə yazılıb: "Qarabağ"ımız haitili futbolçu Vild-Donald Gerye ilə yolları ayırıb. Gerye klubumuzla razılaşdırılmış tarixdə düşərgəmizə qoşulmayıb və təlim-məşq toplanışıyla yanaşı, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani"ylə görüşdə iştirak etməyib. Bu səbəbdən də futbolçu ilə yolları ayırmaq qərarı verilib. Ona komandaya göstərdiyi xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR