Efros fikrindən dönməyib
"Sperantsa"nın baş məşqçisi Kristian Efrosun mətbuat konfransı saat 19.30-da başladı. Əvvəlcə salona tək daxil olan Nisporeni təmsilçisinin çalışdırıcısı daha sonra geri qayıdaraq hücumçu Maksim Yurkunu da özü ilə gətirdi. Efros öncə bunları dedi.
- Bura futbol oynamağa gəlmişik. Əsas odu ki, özümüzə inanaq. Çalışacağıq ki, sabah hər şey yaxşı olsun.
- Paytaxtımız, qarşılanmağınız və "Bakcell Arena" haqda təəssüratlarınızı öyrənmək maraqlıdı...
- Bakı çox gözəl şəhərdi. Ümumiyyətlə, Azərbaycan gözəl ölkədi. Heç bir iradımız yoxdu. Hər şey ürəyimizcədi. Bakı ilə bağlı yalnız pozitiv düşüncədəyik. Eyni zamanda oyunun keçiriləcəyi stadionla bağlı da bir iradımız yoxdu. Əslində bura yeni gəlmişik. Odu ki, bu arenadakı məşqdən sonra stadion haqda daha dolğun düşüncəyə sahib olacağıq. İndiyəqədərki hər şey yüksək səviyyədədi.
- Kişinyovdakı görüşdə "Zimbru" stadionunun sulanmasına mane olduz və bununla da "Neftçi"nin qarşısını almağa çalışdız. Ancaq Bakıda "Neftçi"nin diqtə etdiyi şərtlər altında oynayacaqsız. Sizə çətin olmayacaq?
- Bunu "Neftçi"yə qarşı yox, özümüz üçün etmişdik. Sulu meydanda oynamağa öyrəşməmişik. Biz axmaq deyilik ki, meydanı sulayaq. Bu amili "Neftçi"yə qarşı təxribat kimi qələmə verməyin. Burda isə hər şey "Neftçi"dən asılıdı. Onlara lazım olsa, meydanı sulaya bilərlər. İstənilən şəraitdə oynamağa hazırıq. Bütün bunların bizim qonaqpərvərliyimizə heç bir aidiyyatı yoxdu. Moldovada qarşılanma, fikirmcə, yüksək səviyyədə idi.
- İlk oyundan sonra, yəqin ki, həm öz səhvlərinizi bir daha gözdən keçirmək imkanınız olub, həm də "Neftçi"nin zəif və güclü tərəflərini daha yaxından təhlil etmisiz. Bütün bunlarla bağlı nə deyə bilərsiz?
- Birinci oyun haqda danışmaq mənim üçün çox çətindi. Moldovada nəticə 0:0 olmalıydı. Həmin görüşdən sonra bəzi fikirlər səsləndirmişdim. Videoyazıya baxdıqdan sonra da haqlı olduğumu gördüm. Yəni fikrimi dəyişməmişəm. Biz qolları heç nədən buraxdıq. Ədalətli nəticə qolsuz heç-heçəydi. Hətta bəzi anlarda bizim hücumlarımız "Neftçi"nin həmlələrindən daha kəsərli idi.
- Yəni düşünürsüz həmin oyunda "Neftçi" o qədər aciz idi ki, yalnız hakimlərin köməyi ilə qalib gəldi?
- "Neftçi"yə qarşı heç bir iradım yox idi. Burda çox istəkli insanlar çalışır və klubun böyüklüyü də göz önündədi. Peşəkarlıqlarına söz ola bilməz. Ola bilsin ki, oyundan sonra bir qədər emosiyalara qapılmışam. Siz də sabah bizim yerimizdə olsaz, bizim bəxtimiz daha çox gətirsə, 0:3 hesablı məğlubiyyətə layiq olmadığınızı dilə gətirərsiz. Həmin oyunda nəinki böyükhesablı, ümumiyyətlə, məğlubiyyətə layiq deyildik. Düzdü, hər iki komandanın təhlükəli hücumları oldu. Ancaq biz yenilgini haqq etmirdik.
- 0:3-dən sonra "Sperantsa" irəli atılmağa məcburdu. Bu zaman "Neftçi"nin əks-hücum imkanı yaranacaq və ona qarşı xüsusi taktika düşünmüsüz?
- Heç bir baş məşqçi oyundan öncə taktika haqda danışmır. Mən düşündüyüm gedişləri ancaq futbolçularımla müzakirə edəcəm.
- Çox güman, sabah dolu tribunalar önündə oynacaqsız. Hansı ki, siz buna elə də alışmamısız. "12-ci oyunçu" "Sperantsa"ya problem yarada bilər?
- Əslində bu bizim üçün müsbət məqamdı. Hətta tribunanı dolduranlar rəqib azarkeşlər olsa da. Çünki onlar meydanda əsl futbol ab-havası yaradır. Fikrimcə, bu müsbət haldı.
- "Şerif" də ilk oyunda "Saburtalo"ya 0:3 hesabı ilə uduzmuşdu. Lakin cavab qarşılaşmasında geridönüş etdi, sadəcə, hesabı qorumağa və ya artırmağa gücü çatmadı. Başqa bir Moldova təmsilçisinin bu cür performans sərgiləməsi sizə də motivasiya verir?
- Doğrudan da çox gözəl nümunədi. Oyunçularımız gördü ki, futbolda hər şey mümkündü. Həqiqətən də bu amil sabah bizə mənəvi cəhətdən kömək edə bilər.
Maksim Yurku da ilk olaraq ümumi fikirlərini dilə gətirdi.
- Öz oyunumuzu göstərmək üçün gəlmişik. Sübut etməyə çalışacağıq ki, Kişinyovdakı nəticə təsadüfi idi. Evdəki qarşılaşmaya nisbətən daha yaxşı oynamalıyıq.
- "Şerif" nümunəsi ilə bağlı sənin düşüncələrin necədi?
- Əlbəttə, "Şerif"in ilk 15 dəqiqədəki performansı bizi ilhamlandırdı. Ancaq nəticə heç də xoş olmadı. Hər halda, "Şerif"in qeyd etdiyim müddətdəki oyununa əsaslanıb ruhlanırıq.
FARİZ