
Sezar “Keşlə”də icarə əsasında oynayacaq
Növbəti mövsümə hazırlığı davam etdirən “Keşlə” təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçına çıxacaq. İki həftə əvvəl “Sumqayıt”la qarşılaşan və 1:2 hesabıyla uduzan Tərlan Əhmədovun komandası bu dəfə Zirəyə səfər edəcək. “Zirə” ilə görüş saat 18.00-da başlayacaq.
“Keşlə”nin sabiq futbolçularını geri qaytarmağa çalışdığını və Pərdis Fərcad-Azad, Sezar Meza Kolli ilə danışıq apardığını xəbər vermişdik. Millimizin sabiq üzvü artıq məşqlərə qoşulub. Sezar isə Bakıya gəlib və dünəndən düşərgədədi. Onunla müqavilənin detalları da bəllidi. Klubdan verilən bilgiyə görə, “Keşlə” Meza Kollini Rumıniyanın “Universitatya” klubundan icarəyə götürür. O, tibbi baxışdan uğurla keçəcəyi təqdirdə, bir il icarə əsasında “Keşlə”nin formasını geyəcək. Qeyd edək ki, “Keşlə” Meza Kollini ötən yay hazırda “Səbail”in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi olan “Universitatya”ya satmışdı. Paraqvaylı oyunçu 3 illik müqaviləyə qol çəksə də, əsas heyətə düşə bilmirdi. Qeyd edək ki, Pərdis 2016-18, Meza Kolli isə 2013-15, 2016 və 2018-ci illərdə "Keşlə"də çıxış edib.
MİRAĞA