Sizin reklam burada

“İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq

Baxış Sayı:414


“Boys Qarabagh” isə 200 nəfərlə gedəcək
Sabah gözlər “Dalğa Arena”ya dikiləcək. Çempionlar Liqasında yeganə təmsilçimiz və ümid yerimiz olan “Qarabağ”dan gözləntilər böyük olsa da, ilk oyunda qeydə alınan hesab, etiraf etmək lazımdı ki, müəyyən narahatlıq yaradır.
İlk qarşılaşma tiranalıların ağdamlılardan çəkindiyini və buna görə də əks-hücum taktikasına güvəndiyini göstərdi. Çox güman, bu dəfə də eyni üsuldan yararlanacaqlar. Sadəcə, fərq burasındadı ki, iyulun 17-də komandaların mübarizə aparacağı qazonun durumu ideal olacaq. Hər halda, Mərdəkandakı örtük Tiranadakı ilə müqayisəyə gəlməyəcək qədər idealdı. “Qarabağ” üçün ən vacib üstünlük isə, heç şübhəsiz, azarkeş amili olmalıdı. “Dalğa Arena”nın azarkeş tutumu başqalarıyla müqayisədə az olduğundan, tribunalardakı ab-hava meydana tez sirayət edir və kifayət qədər yaxşı effekt verir. Bunun üçün isə qəsəbədəki 6700 tamaşaçı tutumlu stadiona azı 5 min futbolsevər gəlməlidi.
Maraqlıdı, yayın istisində, yəni insanların istirahətə üstünlük verdiyi vaxtda bu qədər adam canına əziyyət verib, axşam saatlarında şəhərdən 30-35 kilometr aralıda yerləşən arenaya gedəcəkmi? Və ya “Qarabağ”a könül verən, illərdi tribunada görməyə alışdığımız fanklublar lazımi sayda fanat ordusu toplaya biləcəkmi?
Elnur Quliyev, “İmarət”in İdarə Heyətinin üzvü: “İnşallah, oyundan 2-3 saat əvvəl “Koroğlu” metrostansiyasının yaxınlığında bir araya gəlib Mərdəkana yollanacağıq. Hesablamalarımıza görə, azı 500 nəfər olacağıq. Bəlkə də daha çox. Yer alacağımız tribuna isə qapının arxasındakı 8B və 8C sektorlarıdı. Hava şəraitinə, yol uzaqlığına baxmayaraq, oyunboyu “Qarabağ”a lazım olan dəstəyi verəcəyik. Dəstəyimiz ancaq şüar şəklində olacaq, hansısa pankart nəzərdə tutulmayıb. Qarşılaşmadan sonra da Allahın izni ilə bayram ab-havasında geri qayıdacağıq”.
Elvin Süleymanov, “Qarabağ Ordu”nun rəhbəri: “Elə indinin özündə oyuna hazırlaşırıq. Uşaqlarla danışıb, məsləhətləşirik. “Koroğlu” və “Ulduz” metrostansiyalarının yanında yığışıb, qrup halında Mərdəkana yollanacağıq. Bildiyimə görə, nəqliyyat vasitələrini klub təşkil edəcək. Sayımız 450-500 aralığında olacaq. Çox olar ki, az olmaz. Dəstəyimiz ancaq şüar şəklində olacaq”.
Ramiz Bayramov, “Boys Qarabagh”ın rəhbəri: “Nəqliyyat, toplaşmaq vaxtı – bu kimi məsələlər oyuna bir gün qalmış həll olunur. Ona görə də indidən dəqiq söz deyə bilməyəcəm. O ki qaldı sayımıza, təxminən 200 civarında olacağıq. Qarşılaşma şəhərin mərkəzində olsaydı, daha çox azarkeşlə təmsil olunardıq. Mərdəkan bir az uzaqdı deyə, hamı gedə bilmir”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR