“Partizani” iki oteldə qalacaq
Sabah “Dalğa Arena”da üz-üzə gələcək “Qarabağ”la “Partizani”nin matçöncəsi planları bəllidi. Əvvəla onu qeyd edək ki, albanları gətirən təyyarə bu gün günorta saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək. Klub üzvləri iki qrup bölünərək iki fərqli oteldə məskunlaşacaq. Futbolçular “Hilton”da qalacaq. Texniki və inzibati heyətin bəzi üzvləri isə “Fairmont”da gecələyəcək.
Bu gün həm də baş məşqçilərin mətbuat konfransı və komandaların görüşöncəsi son məşqi baş tutacaq. Qurban Qurbanov mətbuat nümayəndələri önünə saat 18.30-da “Azərsun Arena”nın konfrans salonunda çıxacaq. 18.45-də isə adı çəkilən arenanın əsas meydanında “Qarabağ”ın məşqi keçiriləcək. Franko Lerdanın “Dalğa Arena”dakı mətbuat konfransı saat 19.45-ə nəzərdə tutulub. Bundan 15 dəqiqə sonra “Partizani” qarşılaşmanın baş tutacağı stadionda məşqə çıxacaq. Media mənsunlarının yolda vaxt itirməməsi və rahat işləməsi üçün klub rəhbərliyi nəqliyyat vasitəsi ayırıb.
“Sarı-qırmızılar”ı dəstəkləmək üçün Albaniyadan azarkeşlərin gələcəyi nəzərdə tutulmayıb. Hər halda, son Albaniya çempionu bilet və sektorla bağlı “Qarabağ”a müraciət etməyib. Alban jurnalistləri də Mərdəkanda görmək mümkün olmayacaq. Yalnız bu ölkənin dövlət telekanalını təmsil edən 4 nəfərin və daha üç fotoqrafın iş başında olacağı dəqiqdi.
Daha bir sual isə azarkeşlərin rahatlığı ilə bağlıdı. Oyunun start fiti saat 21.00-da çalınacaq ki, 90 dəqiqə ərzində azı 1 qol vurulsa, görüş axşam 11-ə qalmış başa çatacaq. Məsələ uzatma dəqiqələrinə və penalti zərbələrinə qədər uzansa, vəziyyət qəlizləşəcək. Belədə azarkeşləri Mərdəkandan şəhərə, başqa cür desək, metroya çatdırmalı olan avtobusların sifariş olunacağı gözlənilir. Bu işlə əksər hallarda “Qarabağ” rəhbərliyi məşğul olub deyə, ortaya növbəti sual çıxır. Klubun mətbuat katibi Nurlan İbrahimovdan aldığımız bilgiyə görə, “Qarabağ” nəqliyyatın ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə, metronun bağlanma vaxtını bir qədər uzatmaq üçün Bakı Metropolitetinə müraciət ünvanlayıb. Çox güman, hər iki qurumdan müsbət cavab alınacaq və azarkeşlərin nəqliyyat problemi olmayacaq.
HƏBİB