Sizin reklam burada

“Zirə”nin həkimi Samir Abasova görə istefa verdi

Baxış Sayı:492


“Hiss edirdim ki, uzun yol gedə bilməyəcəyik”
Klub prezidentinin ardınca “Zirə”də növbəti ayrılıq yaşanıb. Natiq İsmayılovun klubdan ayrılması sırf şəxsi məsələlərə görə idisə, 5 ildi “qartallar”a xidmət edən həkim Mahir Ələsgərovun istefası Samir Abasova görə olub.
Mənbənin bizə ötürdüyü məlumata görə, baş məşqçi ilə həkimin münasibətləri xeyli vaxtdı qaydasında deyilmiş. Sərt xarakteri ilə ad çıxaran Abasov tez-tez təbibin işinə müdaxilə edir, ona kəskin iradlarını bildirirmiş. Sonuncu belə hadisə zamanı sumqayıtlı çalışdırıcı Ələsgərovun ünvanına kobud ifadə səsləndirdikdən sonra həkim getmək qərarını verib. İstəyini klub rəhbərliyinə çatdırıb və bu işdə ona heç kim əngəl olmayıb. Çox güman, Samir bəy elə bunun üçün çalışırmış.
Təfərrüatı öyrənmək üçün Mahir Ələsgərovla əlaqə saxladıq. Məlum oldu ki, bizdə olan məlumat həqiqəti əks etdirir: “Bəli, “Zirə”dən ayrılmışam. Fikir ayrılıqları var idi deyə, getmək qərarını verdim. 5 il idi orda işləyirdim, hər şey ürəyimcə olub. Ona görə də klubdan narazılığım yoxdu. İş prosesində belə hallar olur, normaldı. Açığı, təbii qarşılayıram. Hər məşqçi öz komandası ilə işləməyi üstün tutur. Bəzən də tərəflər arasında fikir ayrılıqları yaşanır. Baş məşqçi ilə həkim daim təmasda olur, bir-birinin məsləhətlərini dinləyirlər. Belədə fikirlərin üst-üstə düşməsi vacibdi. Hiss edirdim ki, uzun yol gedə bilməyəcəyik. Samir Abasov yerimə tanıdığı birini gətirəcək? Onu deyə bilmərəm, çünki əlimdə fakt yoxdu. Məni Samir müəllim işdən çıxarmayıb, öz istəyimlə ayrılmışam”.
Olmaya Mahir bəy başqa klubdan sərfəli təklif alıb deyə, bu addımı atıb: “Xeyr-xeyr, belə şey yoxdu. Hətta olsaydı və getmək istəsəydim belə, fikrimi açıq şəkildə deyərdim. Dediyim kimi, baş məşqçi ilə fikir ayrılığı olduğu üçün bu addımı atdım. Hələ ki bir müddət istirahət edəcəm. Açığı, maraqlananlar, soruşanlar var. Götür-qoy edib, qərar verəcəm. 6 ilə yaxın “Bakı”nın əsas və əvəzedici komandalarında çalışmışam. “Zirə” birinci divizionda çıxış edən ildən – 2014-dən bu klubun sıralarında olmuşam. Kifayət qədər təcrübə sahibiyəm. Yəqin ki, təkliflərdən birini dəyərləndirib, həkim fəaliyyətimi davam etdirəcəm”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR