Tula səfəri 400 manat xərc tələb edir
"Neftçi" Moldovada dəstəksiz qalmadı. Belə ki, "Forza Neftçi" 21 nəfərlə Kişinyova yollanmışdı. Onların yolda problemlə üzləşdiyini, əvvəlcədən nəzərdə tutulandan 1000 kilometr daha artıq məsafə qət etdiyini, nəticədə uzun yolculuğun bəzilərinin ayağında şişməyə səbəb olduğunu ötən saylarımızda xəbər vermişdik. Bununla belə, fanklub üzvləri "Zimbru"dakı matçda komandanın yanında oldular, bu addımla "Sperantsa" üzərində qələbədə pay sahibinə çevrildilər.
Ağır səfərə baxmayaraq, "Forza" 2-ci təsnifat mərhələsinin də hazırlığa start verib. Düzdü, "Neftçi"nin sözügedən mərhələyə adlaması hələ rəsmiləşməyib. Ancaq səfərdə 3:0 hesabı ilə qalib gələn flaqman cavab görüşünü formallığa çevrməyi bacarıb. Bu üzdən "Forza Neftçi"nin də artıq Tula "Arsenal"ı ilə duel üçün hərəkətə keçməsi anlaşılandı. Fanklubun "feysbuk"dakı səhifəsində Tula səfəri üçün 400 manatın lazım olduğu qeyd edilib. Bunun 200-ü gediş-gəliş, 200-ü isə qalmaq, yemək və başqa xərclər üçün nəzərdə tutulub. Sanki avtobus bir qədər bahadı. Çünki Kişinyova da yolpulu təxminən bu qədər idi. Halbuki Moldovanın paytaxtı Tuladan xeyli uzaqdı. Odu ki, Rusiya səfərinin detallarını öyrənmək üçün "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyevlə əlaqə saxladıq: "Açığı, hələ yoldayıq, çatmamışıq. Qrupumuzun Bakıdakı üzvləri cavab oyununa hazırlaşır. İnanın ki, Tuladan daha çox "Sperantsa" ilə Bakıdakı görüşü düşünürük. Yolpulu ona görə həmin məbləği göstərmişik ki, bizi Kişinyova aparan sürücünün əlavə xərcləri çox çıxdı. Onsuz da ucuz qiymətə aparmışdı. Özümüz də şahidi olduq ki, həddən artıq əlavə xərci çıxdı. Əlbəttə, Tulaya da gedəcəyik. Kişinyovdan qayıdanda 4 üzvümüz bizdən ayrılıb Moskvaya yollandı. Artıq yol yorğunu olmamaq üçün bu qərarı verdilər. İnşallah, "Arsenal"la oyuna ordan gələcəklər. Say məsələsini indidən demək çətindi. Ayın 18-dən - "Sperantsa" ilə cavab görüşündən sonra bu haqda daha dolğun informasiya verə bilərəm".
Yeri gəlmişkən, “İmarət”in İdarə Heyətinin üzvü Elnur Quliyev qəzetimizə açıqlamasında "Forza Neftçi"nin Kişinyov səfəri haqda bunları demişdi: “Sağ-salamat gedib-qayıtsınlar. Eşidəndə həqiqətən çox sevindim, qətiyyən təəccübləndim. Əksinə, belə olacağını gözləyirdim. Bu dəqiqə sıravi azarkeşlərin qrup şəklində səfərə yollanması çox çətindi. Yenə də sağ olsunlar, o cür çətin səfərə çıxıblar... Atmaca kimi başa düşülməsin, məncə, “Neftçi” azarkeşləri komandalarının uzağa getməyəcəyini bildiklərindən bu mərhələdə dəstək verməyi üstün tutublar. Lakin çox istərdik ki, “Neftçi” də maksimum irəliləsin”.
Sübhan bəydən bu fikirlərə də münasibət öyrəndik: "Hər bir azarkeş qrupunun öz fikri var. Eləcə də "İmarət"in. Bizim üçün önəmli olan rəqibin kimliyi deyil. Yaxşı rəqib olanda 3-4 imkanlı uşaqla getməkdənsə, bu gün səfərdə 30 nəfərlə keyfiyyətli dəstək verməyin yeri ayrıdı. Bu ömürboyu unudulmayan səfərdi. Komanda üçün 10 gün fədakarlıq etməyin ləzzəti başqa olur. Atdığımız addıma görə də peşman deyilik. "Neftçi" üçün nə etmişiksə, halal xoşları olsun. Zərrə qədər də peşmanlığımız yoxdu. Təsəvvür edin, bu uşaqlar 16-sı evə çatacaqlar, yorğunluq bədəndən çıxmamış 18-i oyuna gedəcəklər, ondan bir neçə gün sonra isə Tulaya yola düşəcəklər. Klubu ürəkdən sevən insanlar var".