Yüzminlərin havaya sovrulmasına kim cavab verəcək?
Çimərlik futbolu üzrə millinin Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa Liqası (Euro Beach Soccer League) turnirinə qatıldığını, Zeynal Zeynalovun baş məşqçi olduğu kollektivin qrupu sonuncu pillədə başa vurduğunu ötən saylarımızın birində xəbər vermişdik. Bir daha xatırladaq ki, yığma ilk oyunda, əsas vaxtı 3:3 bitən qarşılamada Rusiyaya penalti seriyasında məğlub olubsa, qrupun ikinci görüşündə İspaniyaya 0:6 hesabıyla uduzub. Sonuncu qarşılaşmada isə Zeynal bəyin çalışdırdığı milli Türkiyə qarşısında “ağ bayraq qaldırıb” - 2:6.
Yığmanın Portuqaliyada bərbad çıxışının səbəbini bilmək üçün baş məşqçi Zeynal Zeynalovu aradıq. Ancaq Zeynal bəy ənənəsinə sadiq qalaraq, zəngimizə cavab vermədi. Ola bilsin, onun biabırçılığı əsaslandırmağa bəhanəsi yoxdu. Ancaq bu o demək deyil ki, baş məşqçi hesabat verməkdən yayınsın. Yığma nə Zeynalovun, nə də bu sahəyə cavabdehlik daşıyan şəxslərindi. Azərbaycanın adını beynəlxalq aləmdə biabır edən məşqçi özündə cəsarət tapıb ictimaiyyətə hesabat verməyə məcburdu. Görünür, Zeynalov AFFA prezidenti Rövnəq Abdullayev kimi qohumuna güvənərək nə mediaya hörmət qoyur, nə də futbol ictimaiyyətinə.
AFFA prezidenti ilə qohumluğundan sui-istifadə edən, bir ara Rusiyaya yollanıb nə işlə məşğul olduğu bilinməyən baş məşqçi ilə danışmaq mümkün olmadığından, Avropa Liqasında iştirak edən yığmanın üzvləri ilə söhbətləşməyi lazım bildik. Bu məqsədlə öncə Ruslan Poladovla əlaqə saxladıq. Lakin Poladov Portuqaliya biabırçılığı ilə bağlı yığma üzvlərinin mətbuata danışmasının yasaqlandığını bildirdi: “Xahiş edirəm, məndən incəməyin. Bizə media ilə danışmaq qadağası qoyulub. Özünüzə əziyyət verib heç kimi aramayın. Heç kim sizə açıqlama verməyəcək”.
Deyəsən, sözügedən sahəyə rəhbərlik edənlər fiasko ilə nəticələnən turniri unutdurmaq üçün susmağa üstünlük veriblər. Bu üzdən nə özləri ortaya çıxıb uğursuzluğun səbəbini açıqlayırlar, nə də futbolçulara danışmağa icazə verirlər. Ancaq bu nə vaxta kimi davam edəcək? Əvvəl-axır xərclənən pullara görə kimsə məşhər ayağına çəkiləcək. Sonda onu da xatırladaq ki, hər il AFFA-nın büdcəsindən çimərlik futbolu üçün yüzminlərlə vəsait ayrılır. Təəssüf ki, yarıtmaz idarəçiliyin, naşı mütəxəssislərin sayəsində həmin pullar havaya sovrulur. Ortada isə heç nə yoxdu.
RƏŞAD