Voleybol üzrə qadınlardan ibarət yığmamız ölkə xaricində təlim-məşq toplanışı keçəcək. 2020-ci ildə təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan təsnifat turnirinə hazırlaşan millimiz Bolqarıstana yola düşüb. Covanni Kapraranın komandası daha sonra Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Millimiz hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama matçı keçirəcək. Komandamız təsnifat turnirinin D qrupunun oyunlarını qəbul edəcək Braziliyaya isə iyulun 24-də Türkiyədən yollanacaq.
Qeyd edək ki, voleybolçularımız təsnifat turnirində meydan sahibləri ilə yanaşı, Dominika Respublikası və Kamerunla qarşılaşacaq. Qarşılaşmalar avqustun 1-3-də baş tutacaq. Olimpiadaya yalnız qrup qalibi vəsiqə qazanacaq.