Sizin reklam burada

Nikola Yurçeviçin məzuniyyəti bitdi

Baxış Sayı:473


Arif Əsədov: “Belə durumla üzləşəndə, adətən, uzaqdan zərbələr və cinah asmalarından istifadə edirsən”
Ötən ay AÇ-nin Bakıdakı seçmə oyunlarında Macarıstanla Slovakiyaya birabırçı yenilgilərdən dərhal sonra ölkəsinə yollanan yığmanın baş məşqçisi Nikola Yurçeviçin 1 aylıq məzuniyyəti başa çatıb. Xorvatiyalı mütəxəssis söz verdiyi kimi, avrokubok təmsilçilərimizin oyunlarına özünü yetirib. O, dünən “Səbail” – “Universitatya” matçını canlı izləyib. Bəs “Qarabağ” və “Neftçi”nin oyunları? Yurçeviçin köməkçisi Arif Əsədovdan aldığımız bilgiyə görə, baş məşqçinin həmin komandalardakı yığma üzvləri haqda da informasiyası olacaq: “Yurçeviç artıq gəlib və bu gün “Səbail”in oyununda olacaq. Əvvəlcədən bölgü aparılmamışdı ki, kim hansı oyuna baxmalıdı. Çünki baş məşqçinin iyulun 10-11-də Bakıda olacağını bilirdik. Onsuz da dünən gerçəkləşən “Qarabağ” – “Partizani” oyununa baxmışıq. Nə deyə bilərəm? “Qarabağ” hazırlığı yeni başa vurub. Yorğunluq, heyətin tam oturuşmaması kimi amillər özünü göstərə bilərdi və fikrimcə, göstərdi də. Bundan başqa, heyətdə məcburi dəyişikliklər var idi. Müdafiənin sağında Abbas Hüseynov oynayırdı, Maksim Medvedev sola keçmişdi. Bu da istər-istəməz effekt vermirdi. Rəqibin tam müdafiəyə qapanması, “Qarabağ”ı 10 nəfərlə cərimə meydançası həndəvərində qarşılaması təsirsiz ötüşmədi. Komandamız rəqibin sıx müdafiəsini yarmaqda çətinlik çəkdi. Belə durumla üzləşəndə, adətən, uzaqdan zərbələr və cinah asmalarından istifadə edirsən. Ancaq “Qarabağ” nədənsə bundan az yararlandı. Hazırda komandada Ansi Aqolli kimi birinə ehtiyac var, o, vəziyyətdə asılı olmayaraq, cərimə meydançasına təhlükəli ötürmələr verirdi. Abdulla Zubir və Dani Kintana, o cümlədən yeni transfer Xayme Romero isə fərdi keçidlərə üstünlük verir. Kompakt müdafiə olunan komandalarla oyunda çox vaxt belə cəhdlər fayda vermir. Nəticədə hücum xəttində “Qarabağ” “dişsiz” görünürdü. Daha doğrusu, hücumçular işsiz qalmışdılar. Bununla belə, hesab edirəm ki, komanda qarşısına qoyulan minimum vəzifənin öhdəsindən gəldi. Uduzmaqdansa, heç-heçə yaxşıdı. 0:0 təhlükəli hesab olsa da, Bakıda eyni ssenarinin təkrarlanacağına inanmıram. Fikrimcə, “Qarabağ” daha istəkli, daha əzmkar futbol sərgiləyəcək. Bilirsiz, ilk oyun idi, rəqibi iş başında görməmişdik. Məşqçilər korpusu bir qədər ehtiyatlı davranırdı. Cavab oyununda daha yaxşı bələd olduğumuz rəqiblə qarşılaşacağıq. İyulun 18-də baş tutacaq görüşdə daha aqressiv “Qarabağ” görəcəyimizi düşünürəm. Komandamız evdə qol axtarışına çıxacaq, rəqib isə fürsət gozləyəcək. İnşallah, ilk qol “Qarabağ”dan gələr. Bundan sonra rəqib mütləq açılacaq. Onda çempionumuzun işi asanlaşacaq. Necə ki bunu ötən yay Albaniyanın digər təmsilçisi “Kukesi” ilə oyunda da görmüşdük”.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR