“Məncə, “Neftçi” azarkeşləri komandalarının uzağa getməyəcəyini bildiyindən...”
“Forza Neftçi” üzvlərinin çəkdiyi əziyyəti yüksək qiymətləndirməmək insafsızlıq olar. Düzdü, azarkeşdilər, sevimli komandalarının yanında olmaq, əvvəldən sona qədər dəstək vermək borclarıdı. Lakin razılaşaq ki, bu gün ölkədəki iqtisadi durum jurnalist kimi, sıravi azarkeşin də xarici səfərlərə yollanmasına imkan vermir. Təbii, “forzalılar” da Moldovaya təyyarə ilə uçmaq, lüks oteldə qalmaq istəyərdilər. Di gəl ki, məlum durum onları daha ağır şərtlər altında addım atmağa məcbur etdi. Bakıdan Kişinyova qədər olan dünya boyda yolu 21 nəfərlik avtobusda üç günə qət edən fanatlar bir o qədər günü də geriyə qayıtmağa sərf edəcəklər. Təsəvvür edin, 90 dəqiqə “Neftçi”yə dəstək vermək üçün bir həftəni yollarda keçirməyə məcburdular.
Sosial şəbəkələrdəki müzakirələrdə “Forza Neftçi”nin addımını dəstəkləyənlərlə yanaşı, ağız büzənlər də var. Məsələn, hansısa statusun altında “Qarabağ” azarkeşlərindən biri “ağ-qaralar”a “çempion ola bilməyəndən sonra o qədər əziyyət çəkməyin nə faydası” şəklində atmaca atmışdı. Bir nəfər də cavabında “bəs siz niyə “Şerif”lə oyunlara getməmişdiz” sualını ünvanlamışdı. Yəni hiss olunur ki, bəzi ağdamlı futbolsevərlər bakılıların Kişinyova yollanmasına dodaq büzür, bununla barışa bilmirlər. Odu ki, bu mövzuda fikir öyrənmək üçün “İmarət”in İdarə Heyətinin üzvü Elnur Quliyevin nə düşündüyünü öyrənmək istədik: “Sağ-salamat gedib-qayıtsınlar. Eşidəndə həqiqətən çox sevindim, qətiyyən təəccübləndim. Əksinə, belə olacağını gözləyirdim. Bu dəqiqə sıravi azarkeşlərin qrup şəklində səfərə yollanması çox çətindi. Yenə də sağ olsunlar, o cür çətin səfərə çıxıblar. Belə də olmalıdı. Tribunada rəqib olsaq da, belə hal sevindiricidi. Bu, Azərbaycan tribunasının mədəniyyətidi. Sabah “İmarət” və “Forza Neftçi” olmaya bilər, amma bu hadisə tarixdə qalacaq. “Partizani” futbol adına qeyri-adi heç nə göstərmədi. Amma azarkeşlərini çox bəyəndim. Sayları lap çox olmasa da, 90 dəqiqə səsləri kəsilmədi”.
“Partizani” demişkən, “Qarabağ” Tiranada dəstəksiz qaldı. Halbuki bakılı fanatlar kimi, ağdamlı azarkeşlər də bir neçə nəfərlə Albaniyaya yollana bilərdilər. Elnur bəy sualımıza atmaca ilə cavab verdi: “Yol uzaqlığı və maddi şərtlərlə bağlı çətinliyi qabarda bilərəm. Həm də yarış hələ indi başlayıb. İnşallah, “Partizani”ni keçərik və növbəti oyunlarda dəstəyimizi göstərərik. Düzdü, dəstək hər matçda lazımdı. Amma ümumilikdə azarkeş dəstəyi həlledici oyunlarda daha önəmli və faydalı olur. Qarşıda daha vacib səfər qarşılaşmalarımız olacaq. Atmaca kimi başa düşülməsin, məncə, “Neftçi” azarkeşləri komandalarının uzağa getməyəcəklərini bildiklərindən bu mərhələdə dəstək verməyi üstün tutublar. Lakin çox istərdik ki, “Neftçi” də maksimum irəliləsin”.
Quliyev həlledici oyunlarda dəstəkdən söz açanda ağla “Şerif”lə 2017 və 2018-in yayındakı, həmçinin ötən yay BATE ilə oyunlar gəlir. Hər ikisi kifayət qədər önəmli oyun sayılırdı. Lakin “İmarət”çilər qrup şəklində nə Moldovaya, nə də Belarusa yollanmışdılar. Səbəbi ilə tanış olaq: “İmarət Avropa” var, əvvəlki illərdə bir çox səfər oyunlarında “Qarabağ”ın yanında olub, dəstək nümayiş etdiriblər. Lakin son iki ildə dediyiniz ölkələrə getməməyimiz sırf maddi problemlərə görə olub. “İmarət”in üzvlərindən səfərə yollananlar olub, sadəcə, fərd şəklində. Qrup halında getmək üçün maddi durum imkan verməyib. “İmarət Avropa” yaşayır, sadəcə, əvvəlki fəallıq yoxdu”.
HƏBİB