Sizin reklam burada

Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür”

Title

Oyundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı keçirildi. Öncə jurnalistlərin qarşısına qonaqların çalışdırıcısı Korneliu Papure çıxdı. Əvvəlcə oyunla bağlı fikilərini bölüşən rumın mütəxəssis ardından sualları cavabladı.
- Bizim üçün çox yaxşı oyun oldu. 3 qol vurduq, ancaq fərqlənmək üçün daha çox imkanımız var idi. Lazımsız iki top buraxsaq da, 26 ildən sonra avrokuboklarda qələbə qazandığımıza görə çox şadıq.
- Bu nəticədən sonra komandanızın cütün favoriti olduğunu deyə bilərsiz?
- Əlbəttə, səfərdə 3 qol vurulub və bu nəticəyə görə favorit bizik. İndi əsas odu ki, cavab görüşündə konsentrasiyanı qoruyub saxlaya bilək. Əks halda, bunun acısını çəkə bilərik.
- Yetərincə qol imkanı yaratsaz da, yararlana bilmədiz. Buna səbəb kimi meydanı göstərmək olar?
- Bəli, kifayət qədər qol şansımız oldu. Son dəqiqədə də qol vura bilərdik. Mövsümün əvvəli olduğunu unutmayaq. Bəlkə də bu üzdən yaxaladığımız real imkanları boşa verdik. Ümid edirəm ki, oyundan-oyuna bu çatışmazlığı aradan qaldırmaq mümkün olacaq.
- “Səbail”in heyətində vaxtilə "Çelsi" və "Real"da çıxış etmiş futbolçu oynadığı halda, komandanızda 16 yaşlı gənc debüt etdi. Bunu necə şərh edərdiz?
- Əlbəttə, onun üçün debüt önəmli idi. Vacib olan odu ki, öz üzərində daim işləsin, futbolçu kimi inkişaf etsin. Bəlkə də o da nə vaxtsa “Çelsi”, “Real” kimi klublarda oynadı.
- “Səbail”dən lazımsız iki qol buraxdığınızı bildirdiz. Top buraxmadan qələbə qazanmaq istəyirdiz?
- Çox istərdik ki, qol buraxmadan qələbə qazanaq. Rəqib standart vəziyyətdən və bizim səhvimizdən fərqləndi. Bu da bizi istər-istəməz məyus edir.
- “Səbail”dən hansı futbolçunu öz komandanızda görmək istərdiz?
- Yaxşı oyunçular çox idi. Xüsusilə də yarımmüdafiəni qeyd edərdim. Yevgeni Koçukla Rahid Əmirquliyevi qeyd edərdim. Yaradıcı oyunları ilə seçildilər. Konkret suala gəlincə, bu haqda düşünməmişəm.
Korneliu Papuredən sonra konfrans salonuna Aftandil Hacıyev gəldi. O da rumın həmkarı kimi əvvəlcə matçla bağlı fikirlərini bölüşdü, sonra isə qələm əhlinin suallarına cavab verdi.
- Gözlədiyimiz rəqibi gördük. Düşünürəm ki, maraqlı oyun alındı. Taktiki baxımdan xeyli maraqlı gedişlər oldu. Rumınlar bizdən bir sıra komponentdə irəlidədilər. Buna baxmayaraq, layiqincə mübarizə apardıq. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Ancaq rəqib düşərgədə yer alan futbolçuların fərdi keyfiyyətləri özünü göstərdi.
- Bu oyuna qədər hər dəfə açıqlamlarınızda transferlərin gec reallaşmasından, bəzi futbolçuların hazırlığa gec qoşulmasından şikayətlənmisiz. Bunun günahı kimdədi? Məşqçilər korpusunda, yoxsa rəhbərlikdə?
- Bu gün günahkar axtarmaq fikrində deyilik. Bəli, dedyim səbəbdən komanda bu görüşə istənilən səviyyədə hazırlaşa bilmədi. Özünüz də gördüz ki, ikinci hissədə fiziki cəhətdən axsadıq. Belə olan halda isə futbolçular konsentrasiyanı itirirlər. Qapımızdan 2 qolu ani diqqətsizlikdən buraxdıq."Səbail" gənc komandadı, sabit büdcəsi var. Əlbəttə, büdcə artsa, biz də daha güclü futbolçulara sahib olarıq.
- Mirabdulla Abbasov ancaq komanda yoldaşlarına irad bildirməklə yadda qaldı. Ondan nəsə gözləyirsiz?
- Vizası ilə bağlı problem yarandığından toplanışın son 1 həftəsinə qoşuldu. Ümumilikdə isə onun potensialına inanırıq. Sadəcə, əsas problem odu ki, Abbasova həmin mövqedə rəqabət yaradan futbolçu yoxdu. Əlbəttə, imkan yaransa, çempionatın startına qədər hücum xəttinə daha bir futbolçu alacağıq.
- Ağabala Ramazanov mərkəz hücumçusu mövqeyinə çəkildikdən sonra komandanız fəallaşdı. Sizə elə gəlmir ki, əvəzetmələrdə yubandız?
- Məncə, yox. Sadəcə, fasilədən sonra ikinci və üçüncü qolları tez buraxdıq.
- Geridönüş şansınız var?
- Var, amma çox çətin görünür. Rəqib pressinq edən komandadı. Səfərdə daha çətin olacaq. Konsentrasiyanı itirməməliyik. Mərhələ adlamaq üçün 2 top fərqi ilə qalib gəlməliyik. Əlbəttə, çalışacağıq, amma çox çətin görünür.
- "Səbail"dən sürpriz gözləyə bilərik?
- Sürpriz hər zaman gözləmək olar, ancaq bir sıra problemlər var. Bu gün optimal formada deyildik.
- Qeyd etdiz ki, rəhbərlik üstünlüyü yerli futbolçulara verməyi məsləhət görüb. Bugünkü oyun isə göstərdi ki, bu cür müdafiə xəttini rumınlar "bıçaq yağı kəsən kimi” yardı. Belə oyundan sonra da mərkəz müdafiəçisi mövqeyinə əlavə oyunçu alınması yönündə rəhbərliyi inandıra bilməyəcəksiz?
- Düz qeyd etdiz. Hazırda sərəncamımızda cəmi iki mərkəz müdafiəçisi var. Onlardan biri zədələnsə, yerini doldurmağa futbolçumuz yoxdu. Sadəcə, hələlik belə məsləhət olub, biz də əlimizdəki futbolçulardan istifadə edirik.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.