Olsi Rama: “Hər şey yaxşıydı, bircə tortun üstündə albalı çatmadı”
“Partizani”nin “Qarabağ”la qolsuz bərabərə qalması Albaniyada az qala bayrama səbəb olub. Böyük əksəriyyət doğma azarkeşləri önündə ağdamlılara qalib gələ bilməyən meydan sahiblərinin heç-heçəsini uğur kimi qələmə verir. Təkcə baş məşqçi Franko Lerdanın dilinə gətirdiyi “mən çox xoşbəxtəm” ifadəsi nəyə desən, dəyər.
Matç başa çatandan sonra klubun baş direktoru Olsi Rama da jurnalistlərin əhatəsinə düşüb. 50 yaşlı mütəxəssis öncə “Qarabağ”ı tərifləyib: “Kağız üzərində onlar favorit göstərilirlər. Bu da başadüşüləndi. Çünki təcrübəli komandadı və heyətlərində güclü futbolçular cəmlənib. Büdcə baxımından onlar bizdən 3 dəfə üstündülər. Amma meydanda ürək və xarakter mübarizə aparır. Sevindirici haldı ki, meydanda son saniyələrə qədər döyüşən futbolçular gördük. “Qarabağ”ın üstünlüyü, bilirsiz, nədi? Oturuşmuş heyətləri var, futbolçuları illərdi çiyin-çiyinə mübarizə aparırlar. Ona görə də meydanda özlərini rahat hiss edirlər. Bəli, bu dəfə də topa nəzarət onların əlində idi. Amma qol vəziyyətləri baxımından, məncə, biz daha təhlükəli görünürdük”.
Ramanı yekun nəticədən çox futbolçuların davranışları sevindirib: “Oyun vaxtı sakit olmağa çalışıram. Əsəb keçirmək, həyəcanlanmaq olmaz. Açıq deyirəm, nəticə bir tərəfə, məni ən çox maraqlandıran komanda üzvlərinin meydanda özlərini necə aparacağıydı. İlk hissədə müəyyən gərginlik olsa da, döyüşkənlik və baş məşqçinin tapşırıqlarına əməl etmək fasilədən sonra özünü göstərdi. Zonalara nəzarət edir, rəqibə boşluqlar verməməyə çalışırdılar. Hər şey yaxşıydı, bircə tortun üstündə albalı çatmadı (komandasının qol vura bilməməsini nəzərdə tutur – H.). Üzülməyə dəyməz, qarşıda bizi bundan da gərgin daha bir 90 dəqiqə gözləyir”.
Klub rəsmisi jurnalistin “sürpriz etmək üçün şanslar nə qədərdi” sualına siyasi cavab verməklə yadda qalıb: “Sürpriz həmişə var, hətta çətinliklə olsa belə. Baş məşqimiz oyunun yaxşı alınması üçün əlindən gələni etmişdi. Lakin bu o demək deyil ki, hər şey qaydasında idi. Əlbəttə, nöqsanlarımız var və bunları aradan qaldırmaq üçün qarşıdakı bir həftədən maksimum yararlanmalıyıq. Düşərgədə yeni futbolçuların olduğunu da unutmayaq. Braunla Solomon komandada yenidilər. Braun yorucu və bezdirici məsafə qət etdikdən sonra kollektivə qoşulub. Solomonun fiziki durumu isə tam istədiyimiz kimi deyil. Məncə, bu bir həftənin onlara köməyi dəyəcək. “Qarabağ”ı təəccübləndirmək üçün təhlükəli silahlarımız var. Biz bu yarışa hər oyundan yaxşı nəticə ilə ayrılmaq üçün qatılmışıq”.
Xatırlayırsızsa, ötən ilin təxminən bu vaxtında Albaniya mətbuatında buna bənzər yazılar və müsahibələr yer alırdı. Səbəb isə “Kukesi”nin Tiranadakı ilk qarşılaşmada “Qarabağ”la bərabərə qalmasıydı. Ümidlənmiş albanlar cavab oyununda daha yaxşısına ümid etsələr də, ağdamlılar üç cavabsız qolla qələbə qazanıb növbəti mərhələyə adlamışdı. Jurnalist həmin hadisəni idman direktoruna xatırladanda, Ramanın cavabı qısa olub: “İndiki halda rəqibi və onun keçmişdə nələr etdiyini yox, öz oyunumuzu düşünməliyik. “Partizani”ni layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Sonluq necə olacaq – bu artıq qismətə bağlıdı”.
“Partizani”nin prezidenti Qazmend Demi də oyunla bağlı düşüncələrini özəl olaraq “Panorama Sport” qəzetinə açıqlamasında bildirib: “Qarabağ” güclü rəqibdi. Buna baxmayaraq, komandamın ifasında yaxşı oyun gördüm. Əlverişli qol imkanlarımız olsa da, dəyərləndirə bilmədik. İstənilən halda, qolsuz bərabərliyin özü də yaxşı nəticədi. İndi hər şeyi kənara qoyub, növbəti görüşə hazırlaşmaq lazımdı. Hələ heç nə itirilməyib. Hər iki komandanın mərhələ adlamaq şansı öz əlindədi. Xüsusi bir hadisənin baş vermədiyini deyə bilərəm. “Ferentsvaroş”la oyunlar yadınızdadı? Tiranada 1:1 oynadıqdan sonra çoxları bizi siyahıdan silmişdi. Nəticədə mərhələ adlayan tərəf olmuşduq. Baş məşqçi? Lerdanın işinə qiymət vermək üçün vaxtımız olacaq. Hələ ki işlər qaydasında gedir”.
HƏBİB