Bu sərlövhə ilə ötən ay da xəbər təqdim etmişdik. Təcrübəli mütəxəssis iyunda Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi Naxçıvan Kubokunu izləməyə yollanmışdı. Məlum olduğu kimi, Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi ilə PFL-in birgə təşkil etdiyi yarışda dörd komanda - MOİK, “Araz Naxçıvan, “Zaqatala” və “Şüvəlan” qalib adı uğrunda mübarizə aparırdı və o vaxt “Turan Tovuz”un baş məşqçisi olan Əsgər Abdullayevin Muxtar Respublikada görünməsi sual doğurmuşdu. Mütəxəssisin Naxçıvanda olmasının səbəbini PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Elgiz Abbasov belə cavablamışdı: “Əsgər müəllim keçən il də gəlmişdi. O “Araz Naxçıvan”ın baş məşqçisi olub. Çağırıblar, kömək məqsədilə gəlib. “Araz Naxçıvan”ı oyunlara çıxarıb, qayıdacaq. Rəsmi bir şey yoxdu”.
Artıq tərəflər rəsmən anlaşıb. Gənclər və idman naziri Azad Cabbarovun Futbol Federasiyasının prezidenti təyin olunmasından sonra bu yöndə ciddi işlər görülmükdədi. Altı il əvvəl “Araz Naxçıvan”a baş məşqçi təyin olunan, divizionda qalib olub daha sonra premyer-liqada çıxış edən Abdullayevin bu gün ictimaiyyətə təqdim olunacağı gözlənilir. Əldə etdiyimiz bilginin doğruluğunu klubun mətbuat sözçüsü Ceyhun Məmmədov da təsdiqlədi. Əsgər Abdullayevin qarşısına komandanı yenidən formalaşdırmaq, federasiyanın bütün yaş qrupları üzrə liqalar yaratmaq planını gerçəkləşdirməyə yardım etmək tapşırığı qoyulub.
MİRAĞA