"Sperantsa" ilə görüşü Avstriya şirkəti çəkəcək
Bu gün keçiriləcək "Sperantsa" - "Neftçi" matçının yayını sual altında idi. Qısaca xatırladaq ki, Moldova telekanalları oyunu yayınlamır. Moldova təmsilçisinin prezidenti Petru Efros isə matçın yayın hüququna 15 min avro qiymət qoymuşdu. Bu da bizimkilərin dərhal razılaşacağı bir rəqəm deyildi. Çünki 15 mindən əlavə, çəkilişi gerçəkləşdirmək də müəyyən vəsait tələb edirdi. Məbləği üst-üstə gələndə, vəsait heç də az deyildi. Odu ki, azərbaycanlı futbolsevərlər matçın yayını ilə bağlı narahat idilər.
Nəhayət, srağagün "CBC Sport" səhifəsində matçın göstəriləcəyini açıqladı. Ancaq dünən günorta saatlarında "Neftçi"nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev hələ məsələnin tam dəqiqləşmədiyini söylədi. Axşam məşqində isə Allahverdiyev artıq məsələyə nöqtə qoyulduğunu söylədi. Oyun ölkəmizdə yayınlanacaq. Bəs "Sperantsa" tərəfi necə razı olub? Petru Efros qiymətdə endirim etməli olub. "Neftçi" 5 min avroya yayın hüququnu alıb. Çəkiliş isə Avstriya şirkəti ilə razılaşdırılıb. Ancaq "Neftçi" avstriyalılara pul ödəməyib. Sadəcə, bu komandaların Bakıdakı oyununu pulsuz həmin şirkətə verib. Görünür, sözügedən şirkət də həmin yayından hansısa şəkildə qazanc əldə edəcək.
FARİZ, Kişinyov