Sizin reklam burada

Nazim Süleymanov “vulkan kimi püskürdü”

Baxış Sayı:480


“U-21-in Lixtenşteynə məğlubiyyəti aidiyyatı adamlara bir siqnal olmalıdı”
“Sumqayıt”ın baş məşqçisi postundan ayrılandan sonra işsiz qalan, hazırda yeni yaratdığı Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkərlar İttifaqı adlı quruma rəhbərlik edən Nazim Süleymanov bugünlərdə sputnik.az saytına müsahibə verib. Ölkənin futbol təsərrüfatına rəhbərlik edənləri işi bilməməkdə ittiham edən veteran futbolçu sonuncu iş yeri olan “Sumqayıt”da haqsızlıqla üzləşdiyini vurğulayıb. Müsahibəni müəyyən ixtisarla diqqətinizə çatdırırıq.
- Klublarımızın bu il avrokuboklardakı rəqiblərini dəyərləndirərdiz. Sizcə, təmsilçislərimizin şansı nə qədərdi?
- İlk olaraq "Qarabağ" haqda danışaq. Qeyd edim ki, avrokuboklarda "Qarabağ"ın uğurlu çıxışı legionerlərin hesabınadı. Onların artıq bir neçəsi klubu tərk edib. Son təlim-məşq toplanışında klubumuz bir oyunda məğlub olub, bir oyunda isə heç-heçə edib. Amma bu nəticələr də dəqiq nəsə deməyə imkan vermir. İlk rəsmi matç, bildiyimiz kimi, "Partizani"yə qarşıdı. Albaniya futbolu hazırda yaxşı vəziyyətdədi. Elə hesab etməyək ki, ağdamlılara asan klub düşüb. Məncə, çox çətin oyun olacaq. Təbii, istərdik ki, "köhlən atlar" yenə bizi sevindirsin.
"Neftçi" isə ilk turu keçməyə məhkumdu. İlk rəqibimiz Moldova "Sperantsa"sıdı. Moldova futbolu bütün göstəricilərinə görə bizdən geri qalır. "Neftçi" bunu bacarmasa, Bordinin gəlməsi, transferlər nəyə lazım idi? Bu qədər maliyyə, bu qədər qayğı nə üçün idi?! "Səbail" avrokuboklarda ilk dəfə gücünü sınayacaq. Onlarla bağlı nəsə təxmin etmək çətindi. Klub özü də açıqlamasında bildirib ki, ən çətin rəqib bizə düşüb. Buna baxmayaraq, inanıram ki, "Səbail" tarix yaza bilər. İlk dəfə çıxış etsin və ilk dəfə qələbə qazansın. "Qəbələ" haqda bir az geniş danışmaq istərdim. Klubun infrastrukturu qurulub, akademiyası, məktəbi var. Bütün yaş qrupları ən yüksək səviyyədə təlim məşq-toplanışları keçir. "Qəbələ"nin əvəzedici heyəti var. Bilirsiz ki, komanda ötən mövsüm 1-ci divizionda çıxış etməkdən imtina etdi. Məncə, düz də etdi. Oynayıb, yüksək nəticə göstərib yüksək liqada təmsil olunmayacaqsa, onda nəyə lazım idi bu boyda həngamə? Bunun adı baş aldatmaqdı. Klubun prezidenti istefa verdi. Bir neçə güclü oyunçusu "Qəbələ"ni tərk etdi. Yəqin ki, Gürcüstan klubu ilə qarşılaşacaq. Ümid edək ki, komanda nəticə göstərə biləcək. Əsas məsələ reytinqimizin artırılmasıdı. Tək "Qarabağ"la bunu bacarmayacağıq. Ona görə də "Qəbələ"yə də diqqət ayrılmalıdı.
- Bir az ölkə çempionatından danışaq. Premyer-liqamızda 8 komanda iştirak edir. Vaxtilə 24 klub mübarizə aparırdı.
- Çox düzgün vurğuladız - 8 klub. Bunların da 6-sı AFFA tərəfindən maliyyələşir. Hanı “Kəpəz”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Karvan”, “Şahdağ”, “Turan” və başqa klublar? Bunların hər biri futbolumuzun bir rəngi idi. Məgər ölkə çempionatı təkcə Bakıdan ibarətdi? Sonra da deyirlər, milli komanda oynamır. 8 klubdan seçim etməyə yetərli qədər futbolçu yoxdu.
- Yeri gəlmişkən, yığmanın son oyunları barədə çox müzakirələr aparılır. Hərə günahı fərqli yerdə görür - futbolçularda, məşqçidə, AFFA-da və s. Siz necə fikirləşirsiz, müqəssir kimdi?
- Xaricdən kimi istəyirsən gətir, məşqçi kimi bu cür sistemlə yığma formalaşdımaq qeyri-mümkündü. Bu cür oyunla Avropa çempionatına vəsiqə qazanmaq mümkünsüzdü. Ortaya sual çıxır: bu cür olacaqsa, xaricdən məşqçi gətirmək nəyə lazımdı? Bu qədər vəsait niyə xərclənməlidi? Olmaz ki, bu vəsait elə yerli məşqçilərə ayrılsın? Nazim Süleymanov danışır deyə, “onu gətirək” söhbəti deyil. Bizim PRO kateqoriyalı nə qədər məşqçimiz var. O maliyyənin üçdəbirini onlara versək, görün necə can yandırarlar. U-21-in Lixtenşteynə məğlubiyyəti aidiyyatı adamlara bir siqnal olmalıdı. Eyni zamanda bölgə futbolu inkişaf etməlidi. Bu olmasa, futbolçuları hardan yığaq, hardan cəlb edək? Xaricdə oynayan elə də çox futbolçumuz yoxdu. Ölkə çempionatında iştirak edən klublar müstəqil olmalıdı. Klubları yaxşı saxlaya biləcək insanlar var. Sadəcə, onlara imkan verilmir. Baxın, 2 milyon əhalisi olan Kosovonun 12, 500 minlik Maltanın 14, qonşu Gürcüstanın 10 klubu yüksək liqada iştirak edir. Divizionda vəziyyət lap biabırçıdı. Qalib komanda elitaya vəsiqə qazanmır. Bu o deməkdi ki, futbolun inkişafına gedən yolun qarşısını alırıq. Bir sözlə, problem qərar verənlərdədi. Ona görə də yığmanın məğlubiyyəti bu gün yox, daha əvvəldən başlayır.
- “Sumqayıt”da bir müddət baş məşqçi kimi fəaliyyət göstərdiz. Amma qısa zamanda klubdan ayrıldız. Səbəb nə idi?
- Ayrılmağa səbəb odu ki, klubun rəhbərliyi futbol yox, başqa şeylər haqda fikirləşir. Futbolçu öz potensialını göstərmək üçün gücünü, ağlını, bacarığını yaşıl meydanda sərf etməlidi. Amma təəssüf ki, Azərbaycanda elə futbolçular var ki, meydanda yox, ondan kənarda "oynayır". “Sumqayıt” mənimlə müqavilə imzalayır, az sonra deyir ki, “bağışla, sənə yaxşı yol”. Bəli, deyə bilərsiz ki, özün yazmısan ərizəni. Amma mən ərizəni yazmasaydım, növbəti oyunu 0:7 uduzacaqdım. Yəqin nə dediyimi anlayırsız. “Səbail”lə səfərdə oynayırdıq. 15-ci dəqiqədə 0:2 geridəyik. Hələ bir penalti zərbəsini də rəqib qapımıza vura bilmədi. Bilirsiz, bu nə deməkdi? Bu futbolda başqa şeylərdən xəbər verir.
- Sizdən əvvəl Samir Abasov da narazı getdi…
- Baş məşqçinin çantası həmişə yanında olmalıdı. Mən böyük həvəslə “Sumqayıt”a gəldim. Samirin yenə bir neçə il imkanı oldu klubu formalşdırmağa. Mən gələndə isə artıq nə transfer etmək mümkün idi, nə də dəyişiklik. Hansı ölkədə klub prezidenti həm də menecerdi? Amma bizdə var. Məgər “Sumqayıt” zəif oynayırdı ki, məni uzaqlaşmağa məcbur etdilər? Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz. Hamı futbol üçün işləməlidi. Şəxsi mənafeləri kənara qoymaq lazımdı.
- Hazırda nə ilə məşğulsuz?
- Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını yaratmışıq. “Sumqayıt”da mənim başıma bu oyunlar gətirildikdən sonra qərara aldıq ki, ittifaq kimi fəaliyyət göstərək. Azərbaycanda yerli məşqçi və oyunçuları klubdan birtərəfli çıxarırlar. Amma əcnəbi futbol mütəxəssislərinin, həkimlərin, oyunçuların müqavilələrinə xitam verilsə də, onlara axırıncı qəpiyə qədər ödəniş edilir. İstəyimiz bizlərə qarşı haqsızlığın qarşısını almaqdı. Məsələ ilə bağlı AFFA-nın katibi Elxan Məmmədovla da görüşmüşük. Bizim təşəbbüsümüzü müsbət qiymətləndirdi. Qeydiyyat məsələsində dəstək olacağını söylədi. Bu işdə mənimlə birlikdə Samir Ələkbərov, Novruz Əzimov, Səmədağa Şıxlarov, Əfqan Talıbov, Babək Alxasov, Nadir Şükürov və başqa şəxslər var. Biz birlikdə Gəncə, İmişli, Masallı, Buzovnada futbol ictimaiyyəti ilə görüşdük. İlk növbədə əsas məqsəd genişlənmək və daha sonra konfrans keçirməkdi.
- Olduğunuz yerlərdə hansı problemləri gördüz?
- Ürəkağrısı ilə qeyd edim ki, Masallıda futbol məktəbi acınacaqlı vəziyyətdədi. Uşaqların məşq etməsi üçün top yoxdu. Buzovnanın o cür bazası nə gündədi. İmişlidə qapının toru yoxdu. 21-ci əsrdə Azərbaycanın bölgələrində futbol bax, bu vəziyyətdədi. Əvvəllər maliyyə yox idi, qəbul etmək olardı. Bəs indi? Bu qədər maliyyənin olduğu vaxtda niyə problemlər həllini tapmır? Məqsədlərimizdən biri də bu problemləri araşdırmaq, üzə çıxarmaq və həll olunmasına yardımçı olmaqdı.
RƏŞAD hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR