"Universitatya"nın kapitanı Essyenlə şəkil çəkdirmək istəyir
Dünən "ASCO Arena"da "Səbail" - "Universitatya" oyunu ərəfəsində komandaların son məşqi, o cümlədən baş məşqçilərin mətbuat konfransı baş tutdu. Əvvəlcə Aftandil Hacıyev media nümayəndələrinin suallarını cavablandırdı. O, öncə ümumi fikirlərini çatdırdı:
- Əvvəlcə hər kəsi avrokubok mövsümünün start götürməsi münasibəti ilə təbrik edirəm. Bütün klublarımıza, o cümlədən öz komandamıza uğurlar arzulayıram. İnanırıq ki, debüt mövsümümüzdə layiqli şəkildə mübarizə aparacağıq. Bizim üçün böyük təcrübə olacaq. Ən böyuk məqsədimiz azarkeşləri sevindirməkdi. Rəqib haqda yüksək fikirdə olduğumu qeyd etmək istəyirəm. Püşkdə ən güclü, ən reytinqli rəqib bizə düşüb. Amma ruhdan düşmürük. Az səhv etsək, istədiyimiz oyunu nümayiş etdirə bilərik.
- Təlim-məşq toplanışındakı son oyundan sonra verdiyiniz açıqlamada komandadan razı qalmadığınızı demişdiz. Belədə nəyə ümid edə bilərik?
- Mövsüm bitəndən sonra 11 futbolçu ilə yolları ayırdıq. Bəziləri biz istəməsək də, getdilər. Yəni saxlamaq istədiklərimizlə anlaşa bilmədik. Büdcəmiz onların tələblərini qarşılamağa imkan vermədi. Gedənlərin yerinə 6-7 futbolçu cəlb etdik. Hələlik istədiyim rəqabəti komandamda görə bilmirəm. Bir sözlə, 11 futbolçumuz getdiyi üçün komplektləşmə gec alındı. Uyğunlaşmaq üçün zaman lazımdı. Hələlik tam istədiyimiz səviyyədə deyil.
- "Universitatya"nı nə qədər öyrənə bilmisiz?
- Rəqibin baş məşqçisi yeni olsa da, 6 ildi bu klubdadı. İnanmıram ki, sistemi dəyişələr. Yüksək pressinq tətbiq edən futbolçulara malikdilər. Onların bu üstünlüklərini dəf edib rəqibi təəccübləndirməyi düşünürük.
- Adətən, yeni komanda hücumda təcrübəli futbolçuya güvənir ki, ələ düşən azsaylı imkanları dəyərləndirə bilsin. Mirabdulla Abbasovun isə avrokubok təcrəbəsi yoxdu.
- Mövsüm başlamazdan öncə rəhbərliklə danışdıq. Strategiyamızı legionerləri azaldıb yerli oyunçuların sayını artırmaq üzərində qurmağa qərar verdik. Mirabdulla Abbasovun da özünü göstərməsini istərdik. Digər klublar da Mirabdulla kimi hücumçunu sıralarında görmək istəyərdi. Sözsüz ki, "Neftçi"də vurduğu qollarla nə qədər effektli hücumçu olduğunu nümayiş etdirib. İnanıram ki, sabah da özünü göstərəcək. Milli üzvüdü, müəyyən qədər təcrübə toplayıb. Ümumiyyətlə, təcrübəli oyunçularımıza güvənirik. Onların təcrübəsindən faydalanacağımza inanırıq.
- Həm komandanız, həm də siz avrokuboklarda debüt edəcəksiz. Üstəlik, sabahkı matç cari mövsümdə ilk ev oyunudu. Bu məqam üzərinizdə təzyiq yaradır?
- Buna təzyiq yox, məsuliyyət deyərdim. "Səbail" 3 ildi yaranıb və avrokuboka düşməyin özü klub üçün uğurdu.
- Sabahkı oyunda başlıca məqsəd nə olacaq?
- İstədiyimiz nəticə ən azı məğlub olmamaqdı. İstəyirik ki, tarixi oyun gələcəkdə həmişə xoş hisslərlə xatırlansın. Bundan sonra səfər matçı haqda düşünəcəyik. Arxa xətdə səhv etməmək üçün müəyyən planlarımız var.
- "Çərçivə"ni kimə etibar edəcəksiz?
- Ən böyük problemimiz qapıdı. Aleksandr Rıbka və Kamal Bayramov zədəlidi. Daniel Bojinovski və ya Elxan Əhmədovdan birinə şans verəcəyik. Bunu hələ dəqiqləşdirməmişik. Heyətlə bağlı sabah qərar verəcəyik.
"Səbail"in məşqində qeyri-adi nəsə baş vermədi. Sadəcə, yarımmeydançada keçirilən ikitərəfli oyun bugünkü matç üçün start heyətini təxmin etməyə imkan verdi. Böyük ehtimalla Aftandil Hacıyev ilk dəqiqələrdən bu "11-li"ə güvənəcək: Daniel Bojinovski, Şəhriyar Rəhimov, Elvin Yunuszadə, Eriko da Silva, Ürfan Abbasov, Maykl Essyen, Rahid Əmirquliyev, Ağabala Ramazanov, Yevgeni Koçuk, Bilal Həmdi, Mirabdulla Abbasov.
Rumıniya təmsilçisinin mətbuat konfransı azərbaycanlı jurnalistlərin iştirakı ilə başladı. Belə ki, qonaq həmkarlarımız tədbirə gecikmişdi. Bəlkə də elə buna görə idi ki, "Universitatya"nın baş məşqçisi onların təkrarlanan, bir qədər əvvəl bizim verdiyimiz suallarına əsəbi halda başını bulayaraq cavab verirdi. Yeri gəlmişkən, qonaq media nümayəndələrinin sayı 10-a yaxın idi. Ümumilikdə isə "Univesitatya"nı 20-yə yaxın "kənar şəxs" müşayiət edir ki, aralarında azarkeş də var.
"Universitatya"nın baş məşqçisi Korneliu Papure mətbuat konfransına kapitan Nikuşor Banku ilə birgə təşrif buyurdu. Hər ikisi əvvəlcə fikirlərini ümumiləşmiş şəkildə çatdırdı. Korneliu Papure: "Çətin oyun gözləyirik. Bu həm də komandamızın yeni mövsümdə ilk rəsmi matçıdı. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Süni örtüklü meydanda oynamaq bizə əlavə çətinlik yaradacaq. Çalışacağıq ki, nəticə bizim üçün müsbət olsun".
Nikuşor Banku: "Sözsüz ki, bizi ağır mübarizə gözləyir. Oynayacağımız meydanın süni örtüklü olması əlavə çətinlik yaradacaq. Ancaq azarkeşlər və rəhbərlik bizdən növbəti mərhələyə keçməyi gözləyir. Komanda 100 faiz hazır olmasa da, əlimizdən gələni edəcəyik. İndidən növbəti mərhələ haqda düşünmürük. Ancaq məqsəd budu: "Səbail"i keçmək".
- "Səbail" haqda məlumat toplaya bilmisiz?
- K.P.: Hər dəfə rəqib haqda maksimum məlumat toplamağa çalışırıq. Ancaq bu dəfə çətin oldu. Əlimizdə olan yalnız yoxlama oyunlarının götüntüləridi. Ötən mövsümün matçlarına baxmağı isə düzgün saymıram. Çünki fasilədə dəyişikliklər olur. Deyə bilərəm ki, rəqib bizə başağrı ola bilər. Müxtəlif planlarımız var.
- İlk oyun üçün strategiyanız nədi?
- Bunu futbolçularıma demişəm. Siz isə sabah oyundan sonra biləcəksiz (gülür).
- Adətən, rəqiblər Azərbaycana yolun uzaqlığından şikayətlənir.
- Mütəmadi səyahətlər işimizin bir hissəsi, öyrəşdiyimiz haldı. Futbolda məsafənin uzaqlığı problem olmamalıdı. Həm də uçuşumuz cəmi 2,5 saat çəkdi. Məni daha çox oyun saatındakı isti temperatur narahat edir. Bu iqlimə öyrəşməliyik.
- Favorit göstərilirsiz, bu sizdə arxayınlıq yaratmır ki?
- Favorit göstərilməyimizlə razı deyiləm. Biz hər zaman rəqibə uyğun strategiya seçirik. Rəqibin güclü və ya zəif olmasına baxmırıq.
- İlk "11-liy"i müəyyənləşdirmisiz?
- Hələlik start heyəti barədə bir söz deyə bilmərəm.
- Sualım kapitanadı: oyundan sonra Essyenlə şəkil çəkdirmək istəyirsən?
- N.B.: Maykl Essyeni "Çelsi"dən tanıyıram, çox yaxşı oyunçudu. Hazırda cavan yaşlarında olmasa da, əvəzində təcrübəsi var. "Səbail"də Essyendən başqa da yaxşı oyunçular var. Onlara hörmətlə yanaşırıq. O ki qaldı Essyenlə şəkil çəkdirməyə, əlbəttə, matçdan sonra fürsət düşsə, bunu edəcəm.
- K.P.: "Səbail" Rumıniyadan Erik da Silvanı gətirib. Onunla bağlı nə deyə bilərsiz?
- Bunu nəzərə alsaq, onların bizim haqda məlumatı daha çoxdu. Ancaq rəqib yox, öz oyunumuz haqda düşünürəm.
MİRAĞA