Məlum olduğu kimi, "Sperantsa" - "Neftçi" oyunu “Zimbru" stadionunda keçiriləcək. Dünən baş məşqçilərin mətbuat konfransında və komandaların açıq məşqində iştirak etmək üçün adı çəkilən arenaya üz tutduq. Qaldığımız "Villa Verde" otelindən stadiona 10 dəqiqəyə çatdıq. Arena haqda yalnız müsbət fikirlər səsləndirmək olar. İnfrastruktur göz oxşayır. 10400 yerlik stadionun yalnız ot örütüyündə çox cüzi problemlər nəzərə çarpırdı. Maraqlıdı ki, belə bazada mətbuat konfransları elə də böyük olmayan salonda keçirildi. Yerli jurnalistlərin sayı da çox az idi. "Sperantsa"nın baş məşqçisi Kristian Efrosun mətbuat konfransında heç klubun mətbuat katibi də gözümüzə dəymədi.
Açıq məşqlərə gəlincə, öncə "Neftçi"ni izlədik. "Sperantsa" ilə oyunu buraxanlardan Soni Mustivar komanda ilə birgə çalışmaları yerinə yetirirdi. Dabo isə qazonun kənarında idi. "Neftçi" rəhbərliyi də məşqi izləyirdi. Bu zaman "Sperantsa"nın çarpıcı, eləcə də yetərincə iddialı açıqlamalar verən prezidenti Petru Efros da stadionda göründü. O, "Neftçi" rəsmiləri ilə mehribancasına görüşdü, gözaltı məşqi izlədi və çox qalmadı. Hə, "Neftçi"nin məşqində "Forza Neftçi"nin olmamasının səbəbini də öyrəndik. Həmin an azarkeş qrupunun üzvləri hələ Kişinyova gəlib çatmamışdılar (bu haqda 3-cü səhifədəki yazıda oxu - red).
"Sperantsa"nın məşqində isə qeyri-adi nəsə görmədik. Komanda üzvləri əl-ələ tutaraq dairə yaratdılar, ortaya iki nəfər girdi və beləcə "kvadrat" oynadılar. Baş məşqçi də halqada yer almışdı. Topu itirənlər "jim" etməliydi. Beləcə rəqib hazırlığa yüksək əhval-ruhiyyədə başladı. Daha sonra başqa toplu çalışmalar üzərində işlədilər. Biz isə geri - otelə qayıtmalıydıq...
FARİZ, Kişinyov