Sizin reklam burada

“Forza Neftçi” 21 nəfərlə yola çıxdı, bu gün çatırlar

Baxış Sayı:348


Sübhan Əliyev: “Yatırsan, dincəlirsən, bir də baxırsan ki, növbəti yoxlanışdı, avtobusdan düşməlisən”
“Sperantsa”nın prezidenti Petru Efrosun peşəkarlığı əsas gətirib canlı yayına görə bizimkilərdən 15 min avro tələb etməsinin əsl adı acgözlükdü. İllərdi agent kimi fəaliyyət göstərən, futboldan hər cür yolla pul qazanmağı bacaran bu adam vaxtilə Azərbaycan klublarına futbolçu təklif edərək yaxşı pullar qazanıb. Azərbaycanın neft ölkəsi olduğunu yaxşı bildiyindən, “Neftçi”yə və telekanallara “qiymət oxuyur”. “Oxumağında” və oxumağında olsun. Ümid edək ki, “ağ-qaralar” ata-bala Efrosların prezidentlik və məşqçilik etdikləri komandaya meydanda yerini göstərəcək. Çünki bunun üçün əldə əsas var.
“Neftçi”nin Kişinyovda özlərini tək hiss etməyəcəyi gün kimi aydındı. Buna səbəb tribunalardan görəcəkləri dəstəkdi. Belə ki, bir qrup “Forza Neftçi” azarkeşi qarşılaşmanı canlı izləmək, ən vacibi də məşqçi və futbolçu heyətinə stadionda dəstək vermək üçün Bakıdan Kişinyova yollanıb. Avtobusla yola çıxan azarkeş heyətinin rəhbəri həm də fanklubun əsas söz sahibi olan Sübhan Əliyevdi.
Bir neçə variantı gözdən keçirən, lakin son anda səfərə kirayələdikləri avtobusla yollanmağı qərara alan fanatların rəhbərinə zəng vuranda, Sübhangil Ukraynanın Stavropol şəhərinin ərazisindəydilər. Öncə səfərin detalları və rəqəmlər haqda məlumat verdi: “21 nəfərlik heyətlə iyunun 7-si səhər saatlarında Bakıdan yola düşdük. Avtobus bir həftə boyunca xidmətimizdə olacaq. Nəqliyyat vasitəsini kirayələmək üçün 4500 manata yaxın ödəməli olduq. Hesabladıq, təkcə avtobus xərci üçün adambaşına 205 manat düşür. Lakin qidalanma və məskunlaşma xərcləri də var. Onları da hesablayanda hər adamın təxminən 600 manat xərci çıxır. Özümüzlə əlavə 400-500 manat götürmüşük. Xərcləri özümüz qarşılayırıq, belə deyim, “atışmışıq”. Rusiya ərazisindən keçdik, hazırda Ukraynadayıq. İnşallah, oyundan bir gün əvvəl (bu gün) Moldovada olacağıq”.
Rusiya ərazisindən Ukraynaya keçilibsə, azarkeşlərin rahatlıq tapması müşkül məsələdi. İki ölkə arasındakı siyasi münasibətlər təkcə bu iki ölkənin yox, digər ölkələrdən olan qonaqların rahatlığına da zərbə vurub. Sübhanı da narahat edən budu: “Etdiyimiz hər şey “Neftçi” üçün fəda olsun. O qədər çətinliklər, yuxusuz gecələr, soyuq otaqlar görmüşük ki, bu heç nədi. Amma dediyiniz məsələ həqiqətən də yorucudu. Avtobusla, yolla bağlı problem yoxdu. Sadəcə, Rusiya ərazisində hədsiz çox yoxlayırlar. 900 kilometrdə azı 15 dəfə yoxlayıblar. Yoxlasınlar, problem yoxdu. Sadəcə, istirahət etmək olmur. Yatırsan, dincəlirsən, bir də baxırsan ki, növbəti yoxlanışdı, avtobusdan düşməlisən. Eybi yox, əsas odu, sağ-salamat çataq”.
Maraqlıdı, stadionda “Neftçi”ni dəstəkləyənlərin sayı cəmi 21 nəfər olacaq, yoxsa kimlərsə “Forza”ya qoşulacaq: “21 nəfər bizik, 10 nəfər də təyyarə ilə gələcək. 5 nəfər artıq çatıb, Odessadadılar. Moldovanın özündən, Rumıniyadan dostlarımız da yazır, gəlmək istəyirlər. Hə, 1 nəfər də İtaliyadan gələcək. Dəqiq say deyə bilməyəcəm. Təxmini hesablamalarımıza görə 70-100 nəfər aralığında olacağıq”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR