Stadion rəhbərliyi icra başçısını gözləyir
1956-cı ildə istifadəyə verilən, 3 il öncə 50 illiyini qeyd edən Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun bəxti açılmır ki, açılmır. 1985-də SSRİ-də keçirilən gənclər arasında dünya çempionatının Çin – Paraqvay matçına evsahibliyi edən, müstəqilliyin ilk illərində istər klub, istərsə də yığma səviyyəsində bir çox beynəlxalq qarşılaşmalara qucaq açan arena bu gün məhv olmaq üzrədi. Son illərdə bir neçə dəfə stadionun yenidən, əsaslı təmir olunacağı ilə bağlı söz-söhbətlər yayılsa da, bu yöndə heç bir yenilik yoxdu. Nə şəhər rəhbərliyi, nə də başqa dövlət qurumları Sovet İttifaqı qəhrəmanının adını daşıyan idman kompleksinə yaxın durmur. Ölkə başçısının Sumqayıta son səfəri zamanı şəhərin idman ictimaiyyəti fürsətdən istifadə edib arenanın təmir olunması ilə bağlı müraciət ünvanladı. Həmin görüşdən sonra artıq sumqayıtlılarda “Mehdi Hüseynzadə”nin ikinci dəfə dünyaya gələcəyinə ümid artdı. Şəhər rəhbərliyi səviyyəsində də stadionla bağlı müəyyən müzakirələr aparıldı. Təəssüf ki, hər şey elə müzakirə, quru söz-söhbət səviyyəsində də qaldı. Azərbaycan idmanına neçə-neçə tanınmış idmançı, dünya və Avropa çempionu bəxş edən, vaxtilə yaşıl meydanında Kriştiano Ronaldo, Əmrə Bələzoğlu kimi ulduzların top qovduğu idman məbədi tarixin yaddaşına köçmək ərəfəsindədi.
Bugünlərdə “Mehdi Hüseynzadə” ilə bağlı daha bir qanqaraldıcı xəbər əldə etmişik. Bizə ötürülən bilgiyə görə, stadion rəhbərliyi kommunal xərcləri ödəyə bilmədiyindən, arenada çalışan inzibati heyəti maaşla təmin etmək iqtarında olmadığından stadionu bağlamaq qərarına gəlib. Təsərrüfat hesablı idman qurğusunun rəhbərliyi bu günə kimi çətinliklə olsa da, arenanın qapılarını açıq saxlaya, idmançıların məşq etməsinə şərait yarada bilirdi. Ancaq son vaxtlar artıq onların da gücü tükənib. Mənbəmiz onu da bildirdi ki, stadion rəhbərliyi məsələ ilə bağlı Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə, şəhər rəsmilərinə müraciət edib. Onlara deyilib ki, şəhərin icra başçısı Zakir Fərəcov ölkə xaricində oldğundan hazırda müraciətə cavab verə bilməyəcəklər. Hər şey başçının vətənə dönüşündən sonra verəcəyi qərardan asılıdı. “Mehdi Hüseynzadə”nin rəhbərliyi indi böyük həsrətlə Zakir bəyin qayıdışını gözləyir.
RƏŞAD