Portuqaliyanın Nazare şəhərində təşkil olunan çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turniri başa çatıb. A divizionunda yarışan, Rusiya, İspaniya və Türkiyə ilə birgə 2-ci qrupda yer alan millimiz üçün yarış uğursuz alınıb. Baxmayaraq ki, Zeynal Zeynalovun komandası üçün startda alınan nəticəni qənaətbəxş saymaq olardı. Hər halda, dünya reytinqinə görə 3-cü olan Rusiya ilə görüşün əsas və əlavə vaxtını 3:3 başa vurmaq uğur hesab oluna bilər. Oyun zamanı millimizin qollarını Sabir Allahquliyev, Elşad Manafov və Amid Nazarov vurub. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında ruslar daha dəqiq oynayıb və 4:3 hesabı ilə qalib gəlib. İyunun reytinqinə əsasən dünyada 36-cı, Avropa komandaları arasında isə 12-ci yerdə qərarlaşan millimiz qrupdakı ikinci oyunda İspaniya ilə qarşılaşıb. Rusiya ilə müqayisədə nisbətən zəif rəqiblə oyunda 0:6 hesablı darmadağın qeydə alınıb. Qrupdakı son matçda qələbə təsəlli ola bilərdi. Hər halda, Türkiyə reytinqə görə ölkəmizdən daha geridədi, dünya 41-cisidi. Bununla belə, Zeynal Zeynalovun komandası son matçda 2:6 hesabıyla uduzub. Baxmayaraq ki, milli oyunun gedişində 2:1 öndə olub. Bu dəfə komandanın heyətində Elçin Qasımovla Sabir Allahquliyev fərqlənib. Beləliklə, Azərbaycan A divizionunda 2-ci qrupu sonuncu pillədə başa vurub. İspaniya maksimum nəticəylə 1-ci, Rusiya 4 xalla 2-ci, Türkiyə isə 3 xalla 3-cü olub.
Millimizi 10 gün sonra daha bir ağır yarış gözləyir. Belə ki, Zeynal Zeynalovun başçılıq etdiyi komanda dünya çempionatının seçmə mərhələsində iştirak etmək üçün Rusiyaya yollanacaq. Oyunlar iyulun 19-dan 27-dək Moskvada keçiriləcək. Komandamız bu dəfə də İspaniya, o cümlədən Ukrayna və Latviya ilə D qrupunda mübarizə aparacaq.
MİRAĞA