Sizin reklam burada

Avrokubok marafonu başlayır: bayraq “Qarabağ”dadı!

Baxış Sayı:318


Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
Partizani (Albaniya) – Qarabağ
Hakimlər: HOLVARDUR ARNASON, Yohann Qunnar Qudmundsson, Andre Viqvusson, Petur Qudmundsson (hamısı Islandiya).
Hakim-inspektor: Konrad Plauts (Avstriya).
UEFA nümayəndəsi: Tammo Bayşuyzen (Hollandiya).
10 iyul. Tirana. “Selman Stermasi” stadionu. Saat 19.30
Sabah Azərbaycan komandaları üçün avrokuboklarda marafon başlayır. Mövsümü qitə kuboklarında ən uğurlu klubumuz olan “Qarabağ”la açacağıq. Ən sanballı turnirdə - ÇL-də mübarizəyə start verən Qurban Qurbanovun yetirmələri birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani” ilə qarşılaşacaq. İlk duel səfərdə baş tutacaq. Paytaxt Tirananın 9500 yerlik “Selman Stermasi” stadionunda gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 19.30-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
Yenə alban sınağı
Ardıcıl son 5 avrokubok mövsümündə qitə turnirlərinin qrupunda yarışan (4 dəfə Avroliqa - 2014/15, 2015/16, 2016/17, 2018/19, bir dəfə Çempionlar Liqası - 2017/18) “Qarabağ” son illərin uğurlarını təkrarlamaq iddiasındadı. Ağdam təmsilçisi Çempionlar Liqasında ikinci dəfə tarix yazmaq, qrupa düşmək əzmindədi. Eyni uğura doğru ilk addımı atmaq üçün Qurbanovun yetirmələri Albaniya səddini adlamalıdı. “Qarabağ” ötən il də ÇL-də alban təmsilçisi ilə qarşılaşmış və Azərbaycan klublarının bu ölkə təmsilçiləri ilə üzləşdiyi sindroma son qoymuşdu. Hərçənd bu, ikinci cəhddə - ev oyununda mümkün olmuşdu. “Neftçi”nin “Şkenderbü” səddində ilişdiyi, “İnter”in (“Keşlə”nin) səfər qolu ilə “Laçi”ni keçdiyi duellərdə qələbə qeydə alınmamışdı. “Qarabağ” da ikinci mərhələdə üzləşdiyi “Kukesi”nin müqavimətini qıra bilməmiş (0:0), yalnız evdə 3 cavabsız qolla qalib gələrək, alban klubları üzərində ilk qələbənin memarı olmuşdu. Xatırladaq ki, bu duelin qalibi növbəti mərhələdə "Dandalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün güclüsü ilə qarşılaşacaq. Göründüyü kimi, ikinci mərhələdə də rəqib münasib olacaq. Odu ki, “Partizani” səddi itkisiz keçilməlidi.
Titulları ilə öyünən rəqib
“Partizani” köklü, titullu klubdu. Tiranalıların 16 dəfə ölkə çempionu, 15 dəfə ölkə kubokunun qalibi olması bundan xəbər verir. Hərçənd bu uğurların çoxu “min doqquz yüz çoxdanıncı illər”ə təsadüf edib. Son çempionluğu nəzərə almasaq, “Partizani” axırıncı dəfə 1993-cü ildə ölkə çempionluğuna yiyələnmişdi. Ancaq “Qarabağ”ın rəqibinin avrokubok təcrübəsi də yetərincədi. Çempionlar Liqasında 20 (+4=5-11), Kuboklar kubokunda 10 (+2=3-5), İntertoto kubokunda 6 (+2=0-4), UEFA kuboku/AL-də 21 (+1=3-17) oyun keçirib. Ümumilikdə qitə turnirlərində 57 oyun keçirən paytaxt təmsilçisi ötən mövsüm Albaniya çempionatında 70 xalla birinci yeri tutub. Bununla da ən yaxın izləyicisi “Kukesi”ni 11 xal qabaqlayıb. “Partizani” indiyədək “Qarabağ”la qarşılaşmasa da, digər klublarımızla bir neçə dəfə yoldaşlıq oyunlarında üz-üzə gəlib. Belə ki, 2014-cü ildə Antalyda yoldaşlıq oyununda “Neftçi” ilə qarşılaşan “qırmızı öküzlər” 0:2 məğlub olmuşdusa, 2017-də qardaş ölkədəki digər sınaq matçında “Qəbələ”yə 2:1 hesabı qalib gəlmişdi. Bu uğur alban mütəxəssis Şkender Qeqa ilə qazanılsa da, bu yay baş məşqçi postunda dəyişiklik edilib. Komandanın “sükanı arxasına” Franko Lerda gətirilib. 51 yaşlı italiyalının sərəncamında Nigeriya, Şimali Makedoniya, Kosovo, ABŞ, Qambiya, Finlandiya, Braziliya, Qana kimi ölkələrdən legionerlər var.
“Qarabağ”: özünü gizlədən “sirli qutu”
“Qarabağ” nəinki “Partizani”, elə bizim üçün də “kəsilməmiş qarpız”dı. Söhbət ağdamlıların avrokubok mövsümünə Avstriyada hazırlaşmasından, Albaniyaya da məhz birbaşa ordan yollanmasından gedir. Son 6 mövsümün dəyişməz çempionu bu ölkədə 4 sınaq matçı keçirdi. Avstriya toplanışında Bolqarıstan “Ludoqorets”i ilə siftə edən “Qarabağ”ın yeganə məğlubiyyəti məhz bu matça təsadüf etdi - 0:2. Bundan sonra Qurbanovun komandası “Səbail”in Avroliqadakı rəqibi Rumıniya “Universitatya”sı ilə qolsuz bərabərliyə imza atdı. Növbəti iki görüşdə təmsilçimiz 4 qola imza atdı: Rusiya “Ufa”sını 2:1 məğlub edən çempionumuz ardınca Cexiyanın “Viktoriya” klubu ilə məhsuldar heç-heçəyə imza atdı - 2:2. Göründüyü kimi, ilk iki oyunda məhsuldarlıq baxımından axsayan Qurban Qurbanovun komandası son oyunlarda bu problemi yoluna qoyub. Xüsusilə son matçda dubla imza atan Mahir Əmrəlinin formada olması sevindirməyə bilməz. İndiki məqamda “Qarabağ” iki transfer reallaşdırıb ki, hələlik bu futbolçular barədə rəy bildirə bilmirik. Hayme Romero iş başında olsa da, onun “Partizani” ilə ilk oyunda start heyətində yer alıb-almayacağı bəlli deyil. “Neftçi”dən tanıdığımız Aylton Silvaya gəlincə, məhz “ağ-qaralar”ın heyətində avrokuboklarda aldığı qırmızı vərəqə Ayltonun “Partizani”ylə ilk oyunda meydana çıxmasını mümkünsüz edir. İstənilən halda, əsas heyət üzvlərini qorumağı bacaran “Qarabağ” sürprizə imkan verməməli, səfərdən sərfəli nəticə ilə dönməlidi.
Qeyd edək ki, “Partizani” – “Qarabağ” qarşılaşmasını İslandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Holvardur Arnasona Yohann Qunnar Qudmundsson və Andri Viqfusson kömək edəcək. Dördüncü hakim funksiyasını isə Petur Qudmundsson yerinə yetirəcək. Matçın hakim-inspektoru bizə yaxşı tanış olan, sabiq FİFA referisi Anar Salmanovun avstriyalı mentoru Konrad Plautsdu. UEFA nümayəndəsi funksiyasını isə isə Hollandiyadan olan Tammo Bayşuyzen yerinə yetirəcək.
Onu da əlavə edək ki, baş hakim Arnason 2010-cu ildən FİFA referisidi. Bunadək 37 yaşlı hakimin yolu Azərbaycan təmsilçiləri ilə bir dəfə kəsişib ki, o da "Qarabağ"la bağlı olub. Bu, 2011-ci il iyunun 30-da Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçları çərçivəsində Litvada "Banqa"nı 4:0 hesabıyla məğlub etdiyiyimiz görüşdü. Arnason bu qarşılaşmada hər 2 sarı vərəqəni litvalılara göstərib. Xatırladaq ki, bu, "Qarabağ"ın avrokuboklardakı 23 illik tarixində ən böyükhesablı səfər qələbəsidi.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR