Sizin reklam burada

Nazim Süleymanov Lənkəranda görüş keçirdi

Baxış Sayı:351


“Biz elə bunun üçün bu təşkilatı yaratmaq fikrinə gəldik”
Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqı (AFİAHİ ) növbəti səfərini həyata keçirib.
Daha əvvəl Gəncədə, Masallıda, Buzovnada və İmişlidə olan ittifaqın heyəti bu dəfə Lənkərana yollanıb.
Lənkərana səfər edən nümyəndə heyətində qurumun rəhbəri Nazim Süleymanovla yanaşı, veteran futbolçu Əfqan Talıbov və “Olimpsport” jurnalının baş redaktoru Ramin Allahverdiyev yer alıb. Qonaqları "Xəzər Lənkəran"ın stadionunda yerli futbol veteranları və futbol ictimaiyyətinin nümyəndələri qarşılayıb.
Dəyirmi masa ətrafında keçirilən görüşdə ənənəvi olaraq Nazim Süleymanov yeni yaranan təşkilatla bağlı qarşı tərəfi məlumatlandırıb: “1994-cü il fevralın 24-də "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edilmişdi. Bu qanun Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmişdi. İstənilən sahədə həmkarlar ittifaqı yaratmaq mümkündü. Burda qeyri-qanuni heç nə yoxdu. Bizim heç kimlə işimiz yoxdu. Gündən-günə üzvlərimizin sayı artmaqdadı.Əlbəttə ki, əsas kəmiyyət yox, keyfiyyətdi. İşimiz təkcə sayımızı artırmaqdan ibarət deyil. Biz konkret olaraq futbolumuzun inkişafı naminə işlər görməliyik. Nəyə görə süni örtüklü meydanlarda uşaqlarımız futbol oynayıb, oynaqlarını məhv etməlidilər? Bunun üçün həkimlər danışmalı, fikir bildirməlidilər. Axı, keçmiş dövr deyil. Şükür Allaha, dövlətimiz, dövlət başçımız cənab İlham Əliyev idmanın inkişafı üçün hər cür qayğı göstərir. Hazır təbii ot örtüyü olan meydanlarımız var. Götürək elə futbolsuz qalan İmişli, Tovuz, Şəmkir, Gəncə, bu cür infrastrukturu olan "Xəzər Lənkəran"da olan meydanları. Nəyə görə bu cür şəhər, azarkeşlər, stadion futbolsuz qalmalıdı? Lənkəran zəngin futbol ənənələrinə malik olan bölgələrimizdəndi. Mübariz Mənsimov isə Lənkərana 2004-cü ildə böyük futbolu gətirdi. Nəinki Lənkərana, Azərbaycan futboluna bir rəng qatdı. Mən də burda çalışmışam. Mən özüm bunların şahidi olmuşam. Mübariz Mənsimov zəmanəmizin Hacı Zeynalabdin Tağıyev kimi insanlarındandı. O, təkcə futbola yox, bu millətin xəstəsindən tutmuş tələbəsinə kimi əl uzadır. Heç kimi qapısından boş qaytarmır. Nəyə görə futbolçularımızın, məşqçilərimizin, digər futbola xidmət edən şəxslərin haqqı, hüququ tapdanmalıdı? Xaricdən gələn legionerə bunu etmək olar?
Futbolçusundan, məşqçisindən tutmuş həkiminə qədər qara qəpiyinə qədər alıb, gedirlər, ortada da gördükləri bir iş yoxdu. Biz elə bunun üçün bu təşkilatı yaratmaq fikrinə gəldik".
Veteran futbolçu Əfqan Talıbov da öz fikirlərini bölüşüb: "Həmkarların işi bir yerə yığışıb, təşkilatlanmış şəkildə sözünü deməkdi. Yoxsa biri orda, biri burda, çayxanada fikir bildirməklə bizim sözümüzü heç kim eşidən deyil. Elə bu səbəbdən də bu ittifaq ətrafında birləşib, nəyəsə nail ola bilərik.
Bu, könüllü təşkilatdı. Mən də sizin kimi könüllü olaraq ərizə formasında AFİAHİ-yə üzv olmuşam". Ramin Allahverdiyev də qısa olaraq öz fəaliyyət prinsiplərindən danışıb: "Bəlkə hələ də kimlərsə bu təşkilat haqda məlumatlı deyil. Ola bilər, kimdəsə xof yaratsın. Amma inanın ki, bu təşkilat hüququ pozulmuş futbol ailəsinin hüquqlarını bərpa etmək üçün yaranıb.Bu, ictimai təşkilatdı. Nə siyasi partiyadı, nə də kimdənsə asılı qurum. Bəlkə də siz ayrı-ayrılıqda gedib, AFFA-nın baş katibi Elxan Məmmədovun qəbuluna düşüb, fikirlərinizi bildirə bilməzsiz. Ən azı bunun üçün həm sizin, həm də AFFA rəhbərliyinin vaxtı olmaya bilər. Amma həmkarlar sizin və ya digər yerlərdəki futbol ictimaiyyətinin fikirlərini ümumiləşdirib, AFFA-ya daha rahat və tez çatdıra bilər. Bu həm də AFFA-nın işini asanlaşdıracaq".
Yerli futbol ictimaiyyətinin nümayəndələrindən Ağadadaş Həmidov, Fəxrəddin Şərifov, Adil Məmmədov, Namiq Qarayev, Hafiz Əliyev və Hüseyn Cəbrayıloğlu da öz ürək sözlərini qonaqlarla bölüşüblər. Onlar bildiriblər ki, hazırda premyer-liqada iştirak edən bəzi klublarda çox sayda Lənkəran futbol məktəbinin yetirmələri çıxış edir. Lənkəranlı veteran futbolçu Adil Məmmədov daha sərt çıxışla yadda qalıb: “Bu qədər əziyyət çəkib, 8 komanda ilə niyə çempionat keçirirlər? Elə 4 komanda ilə çempionat keçirib, bir-birini udub, sonda hamı mükafat qazanıb, gedib Avropa yarışlarında iştirak etsinlər”.
"Xəzər Lənkəran" stadionunun direktoru Hüseyn Cəbrayıloğlu da maraqlı fikirlər səsləndirib: "AFFA-nın xətti ilə Lənkəranda futbol yarışı keçirilməliydi. Təklif etdik ki, gəlin bizim köməkçi meydanda keçirək. Həm təbii örtüklüdü, həm də bizə maddi kömək olardı. Yenə müəyyən kommunal xərclərimizi ödəyərdik. Amma bizim təklifi qəbul etmədilər. Aparıb oyunu süni örtüklü meydana saldılar. Heç süni örtükdən də əsər-əlamət yoxdu. Örtük o qədər yeyilib ki, altındakı beton görünür. Kimin kiminləsə ədavəti var deyə uşaqlar məhv olmalı deyil ki? Lənkəranda futbol olanda komandalar da məsuliyyətli olurdular. İnanın ki, rəqib komandalar deyirdilər ki, biz "Xəzər Lənkəran"la oyuna gələndə səfər həyəcanı hiss edirik. Oyun günü Lənkəranda xeyir-şər yerlərində belə futbol sevgisi, həyəcanı var idi. Oyun günü şadlıq saraylarında camaat toyda otura-otura ekranda canlı matç izləyirdi. Bir dəfə hətta musiqiçilərdən biri klarnet ifa edə-edə toyda başını yana çevirib, televiziya ekranında "Xəzər"in oyununa baxırmış. Bir dəfə də anam məndən soruşdu ki, Hüseyn, bu gün oyununuz var? Dedim bəli, niyə ki, ana? Dedi ki, yas məclisində qadınlar mollaya dua oxutdururdular ki, "Xəzər Lənkəran" bu gün qalib gəlsin.İnanın ki, bir gün öncədən dostlar mənə bilet sifariş verirdilər ki, filan yerdə bizə yer saxla. 15-20 min azarkeş indi hansı oyuna gəlir? “Xəzər Lənkəran” Azərbaycan futbolunda tarix yazdı".
Dəyirmi masa ətrafında keçirilən görüşün sonunda yerli futbol adamları AFİAHİ-yə üzv olmaq üçün müraciət ediblər. Sonda görüş iştirakçıları "Xəzər Lənkəran" stadionunu və muzeyini gəzərək keçmiş xatirələri yada salıblar.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR