Sizin reklam burada

“Liman” çempion oldu, HFF qalibi Gürcüstana aparır

Title

“Mübariz” Region Liqası üçün sənədləri hazırlayıb
AFFA-nın və Sahə Futbol Federasiyasının dəstəyi, Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən həvəskarlar liqasında 2018/19 mövsümünə yekun vurulub. Ötən həftəsonu "ASK Arena”da keçirilən final oyununda Lənkəranın "Liman” və Bakının "Balaxanı” komandaları qarşılaşıb. 4:0 hesabı ilə qələbə qazanan "Liman” ölkə birinciliyinin qalibi olub. Bürünc medallar isə yarımfinal oyunlarında məğlub olan paytaxtın "Gənclik” və "Mübariz” komandalarına təqdim olunub. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara medallar və diplomlar, birinciliyin qalibinə isə kubok təqdim olunub.
Qeyd edək ki, 21-ci Azərbaycan birinciliyinin ilkin mərhələsində 16, final mərhələsində isə 8 komanda yarışırdı. Qalib komanda Rüfət Əmirovun prezidenti olduğu Həvəskarlar Futbol Federasiyası tərəfindən iyulun 25-29-u aralığında Gürcüstana təlim-məşq toplanışına göndəriləcək. Səfərin xərclərini federasiya qarşılayacaq.
Yeri gəlmişkən, bürünc mükafatçılardan "Mübariz" yeni mövsümdən Region Liqasında çıxış etməyi planlaşdırır. Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan komandanın rəhbəri Anar Dünyamalıyev qəzetimizə açıqlamasında bu haqda bilgi verdi: "Artıq Region Liqasında çıxış etmək üçün bütün sənədlər hazırdı və yalnız AFFA-nın müraciət tarixini açıqlamasını gözləyirik. Klub bu mövsündən etibarən turnirlərdə yeni loqosu ilə çıxış edəcək. Təmsil edəcəyimiz regionda da dəyişiklik edilib. Bundan sonra komandamız adını daşıyan Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunu təmsil edəcək. Ümid edirəm ki, Region Liqasının iddialı klublarından biri olacağıq".
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.