Sizin reklam burada

“Qarabağ”a görə narahat olmağa dəyməz

Baxış Sayı:508


Heyət qorunub, oyun var, üzlər gülür...
Növbəti həftə ölkəmizin təmsilçiləri üçün avrokubok mübarizəsinə start verilir. Azərbaycan adını Avropada layiqincə təmsil etməyə çalışacaq 4 komandanın hər birinə uğurlar arzulasaq da, etiraf etməliyik ki, futbolsevərlərin ən çox ümid bəslədiyi “Qarabağ”la “Neftçi”di. “Ağ-qaralar”ın heyətində xeyli sayda yeni futbolçuların olduğunu, Roberto Bordinin zəngin olmayan avrokubok təcrübəsini və rəqiblərin gücünü nəzərə alanda, yenə son ümid yeri “Qarabağ” qalır. Son 6 ilin çempionu üçün Çempionlar Liqasının qrupu olduqca çətin görünsə də, Avroliqanın qrupuna yüksəlmək bir qədər zəhmət və bəxt tələb edir.
İndiki halda əsas sual ağdamlıların turnirə, daha doğrusu, başlanğıca, yəni “Partizani” ilə oyunlara nə dərəcədə hazır olmalarıdı. Elə isə bir neçə məqama diqqət yetirək.
Sevindirici hal komandada ciddi dəyişikliklərin baş verməməsidi. Məsələn, ötən yay İbrahim Şehiç, Riçard Almeyda kimi aparıcı futbolçular komandanı tərk etmişdi. Buna qədər isə qışda Dino Ndlovu ilə yollar ayrılmışdı. Onların əvəzinə cəlb olunanlar qısa vaxt ərzində komandaya uyğunlaşmaqda çətinlik çəkdilər deyə, zamanla çoxu ilə yollar ayrıldı. Heyətdəki dəyişikliklər istər-istəməz təsirini göstərmişdi.
Budəfəki durum yaxşıdı. Düzdü, “köhlən atlar”ı xeyli sayda futbolçu tərk edib. Lakin onlardan nə Reynaldo, nə İnnosent Emeqara, nə Con Delarj, nə Hannes Halldorsson, nə də Yakub Jezniçak əsas heyət üzvü sayılırdı. Belə deyək, mövsümü çempion kimi başa vurmuş komandanın özəyi qorunub saxlanılıb. Sabitlik baxımından bu özü vacib amildi.
Avrokuboklarda layiqincə çıxış üçün kollektivin yay hazırlığı xüsusi əhəmiyyət daşıyır. Bu mənada “Qarabağ”lıların üzü gülməlidi. Əvvəla ona görə ki, komanda nə yağışa, nə də hədsiz istilərə düşdü. Həm Bakıda, həm də Avstriyada ideal şərtlər altında hazırlaşmaq imkanları oldu. Yoldaşlıq görüşləri isə öz yerində. Düzdü, Qurban Qurbanovun yetirmələri nəticə olaraq 5-də 5 edə bilmədi. Lakin əvvəlki illərlə müqayisədə sınaq matçlarındakı nəticələri qənaətbəxş saymaq olar. “Səbail”lə “Ufa”nı məğlub edib, “Universitatya” və “Viktoriya” ilə heç-heçə oynayan çempion yalnız “Ludoqorets”ə məğlub oldu. Toplanışlarda baş tutan oyunların yekun nəticələri ciddi əhəmiyyət kəsb etməsə də, istər-istəməz psixoloji hazırlığa təsir edir. Bir var hər çatana uduzub “Partizani” önünə çıxasan, bir də var rəqiblərin əlindən dad etsin. Belə deyək, komanda üzvlərinin əhvalı yerindədi.
Üçüncü və ən vacib məqam, oyun planı. “Ludoqorets” və “Universitat”ya ilə qarşılaşmalarda vəziyyət ürəkaçan deyildi. Azarkeşlər müəyyən narahatlıq keçirsələr də, Qurban Qurbanov hər imkanda yorğunluğu qabardır, vəziyyətin yaxşı olacağını deyirdi. Sən demə, boşuna deyilmiş. “Ufa” və “Viktorya” ilə görüşlərdə sərgilənən oyun ümidverici idi. Pressinq, topa nəzarət, 2-3 toxunuşlu ötürmələrlə qurulan hücumlar – hər biri göz oxşayırdı. Sadəcə, başqa futbolçular da şans qazansın deyə, Qurbanovun əsas heyət üzvlərinə şans verməsi son 15-20 dəqiqədə özünü göstərirdi. Halbuki “11-liy”in üzvləri ilə işlər rəvan gedirdi.
Bir sözlə, ilkin təsnifat mərhələsi üçün vəziyyət yaxşıdı. Arxayınlaşmaq söhbəti olmasa, “Qarabağ” “Partizani” səddini keçməkdə çətinlik çəkməyəcək.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR