Daha bir türk futbolçunun yığmamızda oynamaq perspektivi yaranıb. Söhbət "Kayserispor"un üzvü Həsən Hüseyn Acardan gedir. Öncə qardaş ölkə mətbuatında bu haqda xəbər göründü. Futbolçu özü də açıqlamasında Azərbaycandan təklif aldığını söyləmişdi. Özü də bu təklifə isti yanaşdığını da gizlətməmişdi. Həmçinin AFFA-nın da mövqeyini diqqətinizə çatdırmışdıq. Qurum millinin məşqçilər korpusunun doğrudan da bu futbolçu ilə maraqlandığını təsdiq etmişdi.
Təbii, güclü futbolçunun yığmamızda top qovması yaxşı haldı. Ancaq o, özümüzkü olsa. Yoxsa qardaş ölkədən olsa belə, gəlmələrlə uğura nail olmaq mümkün deyil. Çünki əvvəllər də dəfələrlə belə "milliləşdirmələrin” şahidi olmuşuq. Cihan Özkara, Dəniz Yılmaz, Ufuk Budak, Əli Gökdəmir, Tuğrul Erat kimi futbolçular yığmamıza cəlb olunub. Lakin nə milli onlardan hissolunan dərəcədə fayda görüb, nə də futbolçular bu seçimlərinə doya-doya seviniblər. Onların, demək olar, hamısının millidəki karyerası uzun sürməyib. Hazırda isə adı çəkilənlərdən heç biri yığmaya çağırılmır. Məhz bu üzdən Acarın "milliləşdirilməsinə” də sevinmək üçün əsasımız yoxdu. Bəlkə də yığmaya qatqısı olacaq. Ancaq hansı müddətə? Onun da özkaralardan, eratlardan birinə çevrilməyəcəyinə kim zəmanət verir? Ən maraqlısı isə AFFA-nın yanaşmasıdı. Uğursuzluq olan kimi "milliləşdirmə" haqda düşünürlər. Bu da vəziyyətdən şıxmaq üçün müvəqqəti çabadan başqa bir şey deyil. Halbuki problemin kökünü həll etmək lazımdı.
Maraqlıdı, yığmanın məşqçiləri Hüseyni harda görüb bəyəniblər? Futbolçunu onlara kim təklif edib? Bu haqda millinin məşqçisi Arif Əsədovun fikirlərini öyrənməyi lazım bildik: "Bununla bağlı nəsə deyə bilmərəm. Rəsmi bir şey olmadığından, həm biz məşqçilər tərəfdən peşəkar yanaşma olmaz, həm də futbolçunun karyerası baxımından düzgün deyil. Odu ki, rəsmi qərar olmadan nəsə deməyi doğru saymıram. Baş məşqçi gələndən sonra özü daha ətraflı məlumat verə bilər".
FARİZ